Məhkəmə qərarları › İş №2-1(114)-1910/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1910/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1910/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi, doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, soyadının “Tanırverdiyev”, ata adının “Tanırverdi” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə müraciət edərək doğum akt qeydində düzəliş edilməklə soyadının “Tanrıverdiyev” ata adının isə “Tanrıverdi” kimi qeyd edilməsini xahiş etmişdir, ona görə ki, onun soyadı səhvən “Tanverdiyev”, ata adı isə “Tanverdi” kimi qeyd olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Hərbi Komisarlığı tərəfdindən ona verilmiş xx.xx.1997-ci il tarixli, AO № ******* nömrəli hərbi biletində soyadı və ata adı doğru, yəni X1 yazılmışdır. Lakin buna baxmayaraq cavabdeh orqan xx.xx.2020-ci il tarixli 05/Q-1236 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı soyadının “Tanrıverdiyev” ata adının “Tanrıverdi”, adının isə “Ceyhun” kimi yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, doğum şəhadətnaməsini itirmişdir, doğum akt qeydinin arxivi olmadığına görə dublikat ala bilməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-1236 nömrəli məktubunun surətindən görünür ki, şöbənin arxivində İddiaçı doğum haqqında akt qeydi aşkar edilmədiyinə görə onun doğum akt qeydini bərpa etmək və doğum haqqında akt qeydində düzəliş etməyin mümkün olmadığı bildirilmişdir. -AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1973cü il tarixdə doğulmuşdur. -xx.xx.1997-ci il tarixli, AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə iddiaçının soyadı “Tanrıverdiyev”, adı “Ceyhun”, ata adı isə “Tanrıverdi” kimi yazılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının soyadı səhvən “Tanverdiyev”, ata adı isə “Tanverdi” kimi qeyd olunmuşdur və iddiaçı cavabdeh orqana müraciət edərək doğum akt qeydində düzəliş edilməklə soyadının “Tanrıverdiyev” ata adının isə “Tanrıverdi” kimi qeyd edilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Qeyd edilməlidir ki, iddiaçının doğum akt qeydi mövcud olmasa belə ona məxsus xx.xx.1997-ci il tarixli hərbi biletin surətindən görünür ki, onun soyadı “Tanrıverdiyev”, adı “Ceyhun”, ata adı isə “Tanrıverdi” kimi yazılmışdır. Məhkəmə qeyd olunan səhvin düzəldilməsi ilə iddiaçıya yeni şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki,qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.17-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının soyadının “Tanrıverdiyev”, ata adının “Tanrıverdi” və adının isə “Ceyhun” kimi yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının “Tanrıverdiyev”, adının “Ceyhun”, ata adının isə “Tanrıverdi” kimi yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar