Məhkəmə qərarları › İş №2-1(114)-1910/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1910/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1910/2022 04.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı qərarın ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ondan geri tutulan məbləğin qanunauyğun şəkildə hesablanıb geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, özü isə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlil olmuşdur. İki oğlu var. Böyük oğlu X7 2020-2021 tədris ilində universiteti bitirmişdir. Kiçik oğlu X8 isə universitetin İV kursunda təhsil alır. xx.xx.2021-ci il tarixdən ona heç bir məlumat verilmədən pensiya ödənilməsi dayandırılmış, həmin ilin dekabr ayından isə 278.32 manat pensiyadan 213 manat ödənilmişdir. Məsələ ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, səbəb kimi xx.xx.2020-xx.xx.2021-ci il tarixində əlilliyə görə aldığı pensiya göstərilmişdir. Həmin tarixdə ona 1584.48 manat artıq pul ödənildiyi bildirilmişdir. Cavabdehin yazdığı xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubda da “ailə başçısını itirməyə görə aldığı pensiyanın sığorta hissəsinin onun payına düşən məbləği nəzərə alınmadan ona əlilliyə görə pensiya hesablanmışdır”. Sözügeən məktub oğlu Natiqin müraciət etməməsinə baxmayaraq sonuncunun müraciətinə cavab kimi göndərilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hər ay pensiyasından 65 manat tutulur. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının pensiyasından tutulmalar xx.xx.2021-ci il tarixli qərara əsasən aparılır, ona görə də iddia əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli iddia ərizəsinə etirazdan görünür ki, iddiaçının mərhum əri X2 ölümü ilə əlaqədar iddiaçının oğlu X6 təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən 278,32 manat məbləğində bərpa edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin İddiaçı payına düşən məbləği nəzərə alınmadan (çıxılmadan) X5 ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişinin davam etdirildiyi aşkar edilmişdir. X1 əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1584,48 manat artıq hesablanıb ödənilmişdir. Eyni zamanda bildiririk ki, ötən dövr üçün (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği (1252,44 manat) xx.xx.2020-ci il tarixdən artıq ödənilmiş 1584,48 manatın bir hissəsi ilə əvəzləşdirilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarından görünür ki, X6 təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilməsi və ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 332,04 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X6 xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilməsi və ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 332,04 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya pensiya təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Digər tərəfdən həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 332,04 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi hissəsində ləğv edilməli və iddiaçının pensiyasından tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 332,04 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi hissəsində ləğv edilsin. Pensiyadan tutulmuş məbləğin geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar