Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1910/2024 27.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-939/2024 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində olan məlumata əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonunda faktiki olaraq məskunlaşmışdır.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda mərhum qardaşı X5 üçün nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 və anası X1 rəhmətə gediblər. O bildirir ki, qardaşı X5 xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olub, xx.xx.1996-cı ildə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində odlu silahdan aldığı güllə yarasından həlak olmuşdur. Qardaşının həlak olması barədə SHXÇDX-nin Naxçıvan şəhər idarəsi və hərbi hissə tərəfindən verilən arayışlarda öz təsdiqini tapmışdır. Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında dəfn edilmişdir. Hal hazırda onun qəbri Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında yerləşir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, o, birdəfəlik sığorta ödənişi ala bilməmiş, hal-hazırda problem ondan ibarətdir ki, mərhum qardaşı X3 birdəfəlik sığorta ödənişi edilməsi üçün hərbi qulluqçu olduğuna görə onun məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən elektron sistemə daxil edilməmişd, bu səbəbdən də ödəniş edilməsində problemlər yaranmışdır. Bu səbəblərdən də iddiaçı bu günə qədər onun mərhum qardaşı X5 üçün nəzərdə tutulan 11000 manat məbləğində sığorta ödənişini vərəsəsi kimi ala bilməmişdir. Bu barədə dəfələrlə iddiaçı cavabdehə, 3-cü şəxsə yazılı və şifahi müraciət etmişdir ki, ona ödəniləcək birdəfəlik sığorta ödənişi ilə təmin olunsun, lakin bu kimi çox böyük problemlərlə iddiaçı üzləşdiyi üçün məcbur qalıb məhkəməyə müraciət edir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. II. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
6. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
7. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli 3-17-1/2-102907/2024 nömrəli vəsatət ünvanlayaraq bildirilmişdir ki, hazırkı işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi zərurəti yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı hazırda yaşayış yeri üzrə Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 20-də qeydiyyatda olmaqla, faktiki olaraq Yasamal rayonunda məskunlaşmışdır.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, hazırkı iddia ödhəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
12. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
13. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 20-də kəndində qeydiyyatdadır. Lakin həmin rayon 2020-ci ilin oktyabr ayınadək işğal altında olduğundan iddiaçı məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonunda müvəqqəti olaraq məskunlaşmışdır.
14. İddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonunda məksunlaşıb yaşadığından yaşadığından onun işinə Bakı şəhərində yerləşən inzibati məhkəmədə baxılması şəxslərin məhkəməyə əlçatanlığının və işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi, habelə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün daha əlverişlidir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
17. Cavabdehin faktiki yaşayış yeri olan Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
18. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş ərazi aiddiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
19. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva