Məhkəmə qərarları › İş №2-1(114)-1911/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1911/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1911/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nəcəfov Şöhrət Həmzə oğlunun və vəkili X1, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli və **********2589 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus müəssisədə operativ vergi nəzarəti həyata keçirilmiş, guya müəssisə tərəfindən Əmək Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də barələrində xx.xx.2020-ci il tarixli DVX seriyalı 000913 nömrəli akt və eyni tarixli DVX seriyalı 000960 nömrəli başqa bir akt tərtib olunmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli bildiriş məktubları ilə həmin aktları ona göndərmişdir. Bundan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə hər iki akta baxaraq iddiaçının məsuliyyətə cəlb edilməsi barədə **********2577 nömrəli və **********2589 nömrəli qərarlar qəbul etmişdir. **********2577 nömrəli qərarla iddiaçı 6000 manat maliyyə sanksiyasına, **********2589 nömrəli qərarla isə 1000 manat vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin **********2577 nömrəli qərarında qeyd olunur ki, guya iddiaçı xx.xx.2020-ci ildə 3 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etmiş və nəticədə Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbini pozmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, həmin günü müəssisədə olmuş ad və soyadları aktda göstərilmiş 3 nəfər şəxs orada işləməmişlər, ümumiyyətlə həmin vaxt müəssisədə iş prosesi olmamış, həmin şəxslər də orada heç bir iş görməmişlər. Aktda göstərilən şəxslərlə bağlı bildirilir ki, həmin şəxslərdən “Kazımov” soyadlı şəxs müəssisəni icarəyə götürən Kazımov Telmanla birlikdə oraya gələn şəxs olmuşdur, hansı ki, bir gün sonra iddiaçı müəssisəni rəsmi olaraq Telman Kazımova icarəyə vermişdir. Amil adlı şəxs qonşuluqda yaşayan şəxsdir, qonşu kimi orada tez-tez olur, Rauf adlı şəxs isə orada təsadüfən olmuş, yoxlayıcılara da demişdir ki, iş axtarandır. Əsas məsələ odur ki, 16 iyundan xeyli əvvəl müəssisə heç bir istehsalla və ya sair fəaliyyətlə məşğul olmamış, müəssisənin icarəyə verilməsi barədə elan verilmişdir. xx.xx.2020-ci il tarixdə isə Telman Kazımovla rəsmi icarə müqaviləsi bağlanmışdır. Ona görə də hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********2577 nömrəli qərarı əsassız olduğuna görə ləğv olunmalıdır. Cavabdehin **********2589 nömrəli qərarında qeyd olunur ki, guya iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri pozulmuş və pul hesablaşmalarının aparılması qaydalarına əməl edilməmişdir. Bununla əlaqədar bildirilir ki, həmin gün müəssisədə iş prosesi olmamış, heç kəs işləməmiş və heç kəslə pul hesablaşması aparılmamışdır. Eyni zamanda bildirilir ki, cavabdeh vergi qanunvericiliyinin tələblərinə əsasən akt tərtib olunduqdan sonra 10 gün müddətində həmin akta baxaraq qərar qəbul etməli idi, lakin cavabdeh həmin müddəti pozaraq 10 gün müddətində deyil, xx.xx.2020-ci il tarixdə baxaraq 41 gündən sonra qərar qəbul etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi Nəcəfov Şöhrət Həmzə oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin tarixdə və ondan xeyli əvvəl obyekt işləməyib, alış-veriş olmayıb, cavabdehin isə mal satışı olması barədə heç bir sübutu yoxdur. İddiaçının vəkili X3 iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********0564 nömrəli, xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi “xxxx” MMC-yə məxsus istehsalat sahəsində operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi “xxxx” MMC-yə məxsus obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə keçirilən operativ vergi nəzarəti nəticəsində 3 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 000913 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin keçirilmiş operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmaları qaydalarının pozulması müəyyən olunmuş və “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 000960 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********2589 nömrəli qərarına əsasən iddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisinə məxsus obyektdə ümumiyyətlə nəzarət-kassa aparatı quraşdırılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********0564 nömrəli qərarının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş DVX seriyalı 000913 nömrəli, xx.xx.2020-ci il tarixli aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********0564 nömrəli qərarının icrası zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan obyektdə əmək müqaviləsi bağlamadan 3 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı aşkar olunmuşdur. - Surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş DVX seriyalı 000960 nömrəli, xx.xx.2020-ci il tarixli aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********0564 nömrəli qərarının icrası zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydasına riayət olunmaması faktı aşkar olunmuşdur. - Surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli qərarının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. - Surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2589 nömrəli qərarının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaları aparılması qaydalarını pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********0564 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 3 nəfər fiziki şəxsin, yəni X7, X4 və X5 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə 000913 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan başqa qərarın icrası zamanı həmin obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması haqqında 000960 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli və **********2589 nömrəli qərarlarla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat, 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaları aparılması qaydalarını pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş 000913 nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən müəssisənin işçisi kimi qeyd olunmuş X9 yoxlamaya təqdim olunan izahatında həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi deməli həmin şəxs orada işləməmiş, yalnız iş axtarışında olduğu üçün həmin gün obyektdə olmuşdur. Eyni zamanda aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa 000960 nömrəli, xx.xx.2020-ci il tarixli aktda iddiaçıya məxsus obyektdə müştəri tərəfindən alınmış 4 kisə kafel yapışdırıcısına 14.4 manat nağd pul ödənildiyi, lakin ödəyici tərəfindən NKA-dan çek vurulmadığı və müştəriyə təqdim olunmadığı, NKA-dan yayındırılmış olan 14.40 manat nağd pul vəsaitini NKA quraşdırılmadığı üçün bərpa etməyin mümkün olmadığı qeyd olunsa da, bu barədə də qeyd olunan halları təsdiq edən müvafiq sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, göstərilənlər yalnız birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli və **********2589 nömrəli qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2577 nömrəli və **********2589 nömrəli qərarlar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar