Məhkəmə qərarları › İş №2-1(114)-1911/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1911/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1911/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X12 və X10) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair cavabdeh təşkilat tərəfindən X4 adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 18.08.2020-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək, cavabdehin əsl cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını və Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli 2-1(114)-1377/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli 2-1(104)-266/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 2007-ci ildə öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və hazırda həmin evdə yaşayır. Yaşadığı evi sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qanunsuz yolla X6 adına sənədləşdirilmişdir. Halbuki, mübahisə olunan torpaq sahəsi heç vaxt X6 istifadəsində olmamış, sənədləşmə formal olaraq tərtib olunmuşdur. Əgər torpağın mülkiyyətçisi Qızbəs Veyisova olsaydı həmin torpaq sahəsində 2007-ci ildən inşa edilmiş evin inşa olunmasına imkan verməzdi. Torpağın sənədləri sonradan saxta yolarla tərtib olunmuş və bundan sonra həmin torpağa çıxarış əldə olunmuşdur. Çıxarışa qədər müvafiq hüquqverici sənədlərdə tarixlər əvvəlki tarix kimi qeyd olunsa da, son günlərdə tərtib olunmuşdur. İlkin sənədlərlə bağlı müvafiq orqanda qeydiyyat aparılmamışdır. Mübahisə olunan torpağa dair sənədlər əldə edə bilmədiyindən Məcbur olub məhkəməyə müraciət etmişdir. 22 sentyabr 2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Üçüncü şəxs X10 iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı heç bir hüquqi əsası olmadan mübahisəli torpaq sahəsində güya şəxsi vəsaiti ilə 2007-ci ildə onun razılığı ilə yaşadığı fərdi yaşayış evini inşa etdirməsini göstərmiş, əslində isə həmin torpaq sahəsini o, Qızbəs Veyisovadan 2010-cu ildə aralarında olan şifahi razılaşma əsasında torpağın dəyərini hissə ilə ona ödəməklə sahibliyinə götürmüş və üzərindəki evi isə oğlunun Rusiyadan göndərdiyi pullarla inşa etdirmişdir. İddiaçı uşaqları ilə birlikdə qaynanası tərəfindən ər evindən çıxarılıb kirayələrdə qalmasına görə onun razılığı ilə 2011-ci ildən həmin evdə yaşamasına icazə vermişdir. AR DT və XK-nin X26 Kitabında 25.05.2009-cu il tarixli 1201 nömrə ilə uçota alınmış X27 və Ölçüsü sənədində Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15.05.2008-ci il tarixli 113 saylı qərarı ilə 599,92 kv.m həyətyanı torpaq sahəsinin X4 adına verilməsi qeyd olunmuşdur. Həmin torpaq sahəsinə X5 mülkiyyət hüququ DƏDRX-də 12.05.2020-ci il tarixli ********** saylı çıxarışla qeydə alınmışdır. 0,06 ha həyətyanı torpaq sahəsinin 3-cü şəxs Qızbəst Veyisovaya verilməsini müəyyən edən hüquqmüəyyənedici sənədlərin tərtibi zamanı iddiaçının heç bir hüququ pozulmamış, bu səbəbdən də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15.05.2008-ci il tarixli 113 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Həmin inzibati iş üzrə 3-cü şəxs olmaqla mübahisəli torpaq sahəsinin ilkin mülkiyyətçisi olan Qızbəst Veyisovadan notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə satın alaraq mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaqla müvafiq çıxarış almışdır Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X10 iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı, cavabdeh və digər üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini Şəmkir rayon Aqrar İslahat Komissiyasının tarixsiz və nömrəsiz qərarı, Şəmkir rayonu N.Nərimanov sovxozu üzrə 08.08.1992-ci il tarixli 53 nömrəli əmrdən çıxarış, X7 adına tərtib edilmiş 25.05.2009-cu il tarixli AN 171491 nömrəli torpaq sahəsinin plan və ölçüsü, Azərbaycan Respublikası X25 filialının 16.03.2020-ci il tarixli 142, 21.07.2020-ci il tarixli, k-3-64, 21.05.2021-ci il tarixli k-3-76 və 09.06.2021-ci il tarixlli k-3-86 nömrəli Arxiv Arayışları, 05.06.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 11.06.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, 12.05.2020-ci il tarixli X27 və ölçüsü, 12.05.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 25.06.2020-ci il tarixli, **********41 nömrəli arayışı, Şəmkir Bələdiyyəsinin 07.02.2016-cı il tarixli 899 inventar nömrəli hesabat cədvəli, X14 X29 İstismarı İdarəsinin 16.09.2020-ci il tarixli 1566 nömrəli arayışı, Şəmkir rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X16 01.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Belə ki, baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.5-ci maddəsinin ikinci yarımcümləsinə (inzibati aktın etibarsız sayılmasına dair iddialar) görə müəyyən etmə və ya tanınma haqqında iddiadır. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddia İPM-nin 36-cı maddəsində öz əksini tapmışdır. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.1-ci maddə). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsinə kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (İPM-nin 36.3-cü maddəsi). İddia tələbi cavabdehin qərarının etibarsızlığının tanınması barədə olan iddiadır. İddia tələbinin hüquqi əsasını təşkil edən “İnzibati icraat haqqında” Qanunun 65-ci müddəsində inzibati aktın etibarsız sayılmasının əsasları konkret olaraq müəyyən edilmişdir. Etibarsız sayılmalı olan aktlara aid edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Azərbaycan Respublikası X25 filialının 16.03.2020-ci il tarixli 142 nömrəli Arxiv Arayışlarından görünür ki, X28 filialında mühafizə olunan «N.Nərimanov» adına sovxozun 03.08.1987-ci il tarixli 73 nömrəli əmrilə X6 adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayon N.Nərimanov sovxozu üzrə 08.08.1992-ci il tarixli 53 nömrəli əmrdən çıxarışdan görünür ki, Şəmkir rayon X24 Rəyasət Heyyətinin 20.06.1992-ci il tarixli iclasının qərarına əsasən fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 hektar həyatyanı torpaq sahəsi verilmişdir. Həmin əmrdə adlar qeyd olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin X26 kitabında 25.05.2009-cu il tarixdə, 1201 nömrə ilə uçota alınmış X27 və ölçüsü sənədindən məlum olur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15.08.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə 599.92 kv.m həyətyanı torpaq sahəsi X6 adına işlənmişdir. 12.05.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Şəmkir şəhəri ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmışdır. 05.06.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.0494 ha olan torpaq sahəsini 4900 manata X1. 11.06.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Şəmkir şəhəri ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikası X25 filialının 21.05.2021-ci il tarixli k-3-76, 09.06.2021-ci il tarixlli k-3-86 və 21.07.2020-ci il tarixli k-3-64 nömrəli Arxiv Arayışlarından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının arviv sənədləri X25 filialına təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 25.06.2020-ci il tarixli, **********41 nömrəli arayışında göstərilmişdir ki, X25 filialının k-1- 142 saylı, 16.03.2020-ci il tarixli arayışı, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15.05.2008-ci il tarixli qərarı və ləğv edilmiş DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən tərtib edilmiş seriya A, 171491 saylı “X27 və ölçüsü” sənədi əsasında Şəmkir şəhərində yerləşən 0.0494 ha həyətyanı torpaq sahəsinə dair X6 adına ********** qeydiyyat nömrəli, 12.05.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu, 1 saylı notariat ofisinin 4Ə-872 reyestr nömrəli, 05.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adında özgəninkiləşdirilmiş və sonuncuya ********** qeydiyyat nömrəli, 11.06.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Reyestrdən çıxarışda küçə adı və nömrəsi qeyd edilmədiyindən sorğuda göstərilən ünvanla eyniliyi müəyyənləşdirmək mümkün olmamışdır. Şəmkir Bələdiyyəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair 07.02.2016-cı il tarixli 899 inventar nömrəli hesabat cədvəlində ünvan 4 ünvanında yerləşən tikilinin sahibi İddiaçı qeyd olunmuşdur. X14 X29 İstismarı İdarəsinin 16.09.2020-ci il tarixli 1566 nömrəli arayışından görünür ki, İddiaçı Şəmkir Xidmət Sahəsi üzrə abonent kimi qeydiyyatdadır və təbii qaza görə borcu yoxdur. X6 adına tərtib olunmuş 25.05.2009-cu il tarixli plan və ölçü sənədində mübahisələndirilən torpaq sahəsinin Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 15.05.2008-ci il tarixli 113 nömrəli qərarı ilə X6 adına qeyd edildiyi göstərilsə də, məhkəmə tərəfindən arxivə verilmiş sorğuya cavab məktublarında sözügedən qərarın arxivə təhvil verilmədiyi göstərilmiş, işdə olan tarixsiz və nömrəsiz Şəmkir rayon Aqrar İslahat Komissiyasının sədri N.V.Vəliyev tərəfindən təsdiq edilmiş Şəmkir rayonunun Şəmkir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə X9 0.06 ha həyatyanı torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Şəmkir rayonu N.Nərimanov sovxozunun fəhlə və qulluqçulara 0.06 ha həyətyanı torpaq sahəsi verilməsi barədə 08.08.1992-ci il tarixlki 53 nömrəli əmrinə gəlincə, məhkəmə qeyd edir ki, həmin əmrdən çıxarışda hər hansı bir ad qeyd olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbinə görə tərəflərin təqdim etdiyi sübutlarala kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdıraraq məhkəmənin icraatında olan 2-1(114)-700/2021 saylı iş üzrə Şəmkir rayon X23 rayon N.Nərimanov sovxozunun 08.08.1992-ci il tarixli 53 nömrəli əmrinin təsdiqlənmiş surətini tələb edib aldığı sözügedən əmrə əlavə olunmuş siyahıda X6 adının olmadığını müəyyən etmişdir. İşin faktiki halları ilə isə müəyyən olunur ki, mübahisələndirilən 0.0494 ha həyətyanı torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində inşa olunuş mənzildə istifadə olunan qaza və əmlak vergisinə görə abonent kimi o cəlb olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 59.1.3. İnzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi əks olunmalıdır. 65-ci maddə - inzibati aktın etibarsız sayılması; 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. Qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Məhkəmə həmçinin qeyd edir ki, X15 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə ləğv edildiyi halda üçüncü şəxs X9 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması qanunvericiliyə ziddir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı faktiki olaraq mübahisələndirilən torpaq sahəsindən istifadə edərək, orada inşa olunmuş fərdi yaşayış evində yaşayıb, həmin daşınmaz əmlakdan istifadə ilə bağlı xərcləri qarşıladığından və həmin əmlaka gələcəkdə qanuni gözləntiyə malik olduğundan və sözügedən daşınmaz əmlakla bağlı vəzifəli şəxsin hərəkətləri «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 59.1, 65.1.1, 65.1.2 və 65.1.3-cü maddələrinin tələbinə görə etibarlı olmadığından cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinin 15 may 2018-ci il tarixli qərarı etibarsız sayılmalıdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarı etibarsız hesab edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar