Məhkəmə qərarları › İş №2-1(114)-1912/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1912/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1912/2021 06.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.09.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Fizuli küçəsi, bina 7, 4 nömrəli mənzil 1970-ci ildə mərhum X2na verilmiş və atası 1970-ci ildən həmin mənzildə yaşamışdır. Sözügedən mənzil əvvəlcə Gəncə RTYM-nin balansında olmuş, 1993-cü ildə Gəncə RTYM 3 saylı R/St-nin balansından alınaraq Göygöl şəhər İH-nin balansına verilmişdir. Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 06 aprel 2011-ci il tarixli sərəncamı ilə Göygöl rayon Fizuli qəsəbəsində yerləşən yaşayış sahəsi 46.8 kv.m olan mənzilin icarədarlığı mərhum X2nun adına keçirilmiş və buna dair order verilmişdir. X2 23 dekabr 2017-ci ildə vəfat etdikdən sonra o, qanunvericiliyə uyğun olaraq 2020-ci ilin fevral ayında mənzilin özəlləşdilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən bundan imtina edilmişdir. Məhkəmənin 25.01.2021-ci il tarixli, 2-1(114)-173/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilin özəlləşdirilməsi, həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə” iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin 31.08.2021-ci il tarixli, 2-1(114)-1912/2021 nömrəli qərardadı ilə Göygöl Rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, vətəndaş tərəfindən müraciətə əlavə olunmuş order qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmayaraq Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 19.10.1973-cü il tarixli AZ 222735 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 və X15 19.10.1973-cü il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada “Ağakişiyeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş 27.12.2017-ci il tarixli AZ-İ 886055 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 23.12.2017-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş 21.06.1983-cü il tarixli İX-JQ 332764 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Xanlar rayonunda doğulmuş, şəhadətnamənin ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 26.02.2005-ci il tarixli aktdan görünür ki, 30.05.1994-cü ildə 3 nömrəli radiostansiyadaki, indiki Fizuli qəsəbəsindəki, yaşayış binaları Mənzil İstismar İdarəsinin balansına verilərkən, təhvil-təslim aparan komissiya Fizuli qəsəbəsi, bina 7 ünvanında yerləşən 4 nömrəli mənzilin Ağakişiyev Aydına məxsus olduğunu müəyyən etmişdir. -sürəti işə əlavə edilmiş “Teleradio İB” Gəncə X4 10.03.2011-ci il tarixli 56 nömrəli arayışdan görünür ki, X8 həqiqətən 1968-ci ildən 2009-cu ilədək Gəncə RTYM-də işləmiş, 1970-ci ildə ona müəssisənin rəhbərliyi və Həmkarlar Komitəsi tərəfindən 3 nömrəli R/stdə 7 nömrəli binanın 4 nömrəli mənzili verilmiş, 1993-cü ildə 3 nömrəli R/st-nin balansında olan yaşayış binaları Göygöl Şəhər İcra Hakimiyyətinin balansına keçirilmişdir. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06.04.2011-ci il tarixli 15 nömrəli sərəncamından çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin icarədarlığının X3 adına keçirilməsi və onun adına yeni orderin verilməsi barədə qərar qəbul edilmişdir. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06.04.2011-ci il tarixli 15 nömrəli orderindən görünür ki, X3 və 7 (yeddi) nəfər ailə üzvünün ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildə yerləşmək hüququ var. -Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 01.09.2020-ci il tarixli 2206 nömrəli arayışından görünür ki, X9 həqiqətən Göygöl şəhəri, Fizuli qəsəbəsi, 2-ci küçədə yerləşən, 3 otaqlı, 46.8 kv.m yaşayış sahəsindən ibarət ev 7, mənzil 4 ünvanında yaşayır, mənzilin mülkiyyət forması dövlət evidir, evin sahibi mərhum X7r və mənzildə X9 – arvadı, İddiaçı – oğlu, X22 – qızı, X23 – nəvəsi, X18 – nəvəsi, X11 – gəlini, X12 – nəvəsi, X13 – nəvəsi qeydiyyatdadır. -Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş 05.08.2020-ci il tarixli **********613 nömrəli, 06.08.2020-ci il tarixli **********725 nömrəli, 08.08.2020-ci il tarxili **********923 nömrəli və 11.08.2020-ci il tarixli **********027 nömrəli ərizələrdən görünür ki, X14, X23, X22 və X1 rayonu, Fizuli qəsəbəsi, bina 7 ünvanında yerləşən 4 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.02.2020-ci il tarixli, **********88 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mərhum X2na verilmiş ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını iddiaçı tərəfindən müraciətə əlavə olunmuş orderin buna səlahiyyəti olmayan orqan, yəni Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçının atası Aydın Ağakişiyev 1968-ci ildən 2009-cu ilə kimi Gəncə RTYM-də işləmiş, 1970-ci ildə ona müəssisənin rəhbərliyi və Həmkarlar Komitəsi tərəfindən 3 nömrəli R/st-də 7 nömrəli binanın 4 nömrəli mənzili verilmiş, 1993-cü ildə 3 nömrəli R/ST-nın balansında olan yaşayış binaları Göygöl şəhər İHN-nin balansına keçirilmiş, lakin mənzilin icarədarına order yazılmamışdır. 1993-cü ildə 3 nömrəli R/ST-nın balansında olan yaşayış binalarının Göygöl şəhər İHN-nin balansına keçirildiyi nəzərə alınaraq Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06.04.2011-ci il tarixli 15 nömrəli sərəncamı ilə X3 yaşadığı mənzilə order verilməsi məqsədə müvafiq sayılmışdır. Bundan sonra, yəni 23.12.2017-ci il tarixdə Aydın Ağakişiyev vəfat etmişdir. İşin faktiki hallarından görünür ki, Göygöl rayon Fizuli qəsəbəsində yerləşən, yaşayış sahəsi 46.8 kv.m olan 3 (üç) otaqlı mənzil Aydın Ağakişiyevə 1970-ci ildə verilmiş və onun arvadı Xalidə Ağakişiyeva 1971-ci ildən, digər ailə üzvləri isə doğulduqları vaxtdan etibarən həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Həmçinin iş materialları ilə təsdiq olunur ki, iddiaçı qanuni əsaslarla mübahisəli mənzilə istifadə və sahiblik edir və o, 1983cü il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh etirazında iddiaçı tərəfindən müraciətə əlavə olunmuş orderin qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmayaraq Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilməsinə istinad etsə də, bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının həmin mənzillə bağlı hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu il) əvvəl yaranmış, lakin bu faktın rəsmiləşdirilməsi Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06.04.2011-ci il tarixli 15 nömrəli sərəncamı ilə həyata keçirilmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırda balans saxlayan Göygöl Rayon İcra Hakimiyyəti də həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. Belə olan halda, iddiaçının mübahisəli mənzilə dair kirayə hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu il) əvvəl yarandığından həmin münasibətlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikasında mənzil münasibətləri tənzimləyən 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərində rayon, qəsəbə kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh tərəfindən formal əsaslarla mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina olunmuşdur. “Daşınmız Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqana “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq mənzilə dair mənzilin icarədarı olması barədə müvafiq sərəncamı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçilər ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələrini, həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya çıxarışın verilməsindən əsassız olaraq imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayonu, Fizuli qəsəbəsi, 7 nömrəli evin 4 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar