Məhkəmə qərarları › İş №2-1(114)-1912/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1912/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1912/2024 12.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin adına sənədləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan elmi-tədqiqat Pambıqçılıq İnstitunun 24 nömrəli orderindən görünür ki, 24 kv.m ibarət ev 24, mənzil 6 Mürsəlov Abuzər oğluna verilmişdir.

2. 30.10.2015-ci il tarixli AZ-İ №728780 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

3. Samux rayon İnstitut bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 79 nömrəli arayışda bildirilmişdir ki, İnstitut bələdiyyəsinin yaşayış mənzillərini özəlləşdirmək səlahiyyəti yoxdur. II. Məhkəmədə icraat

4. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, İnstitutu qəsəbəsində yerləşən mənzilə adına sənədləşdirilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, İnstitut qəsəbəsində yaşayır, həmin qəsəbədə bələdiyyənin balansında olan mənzildə yaşayır. O, uzun müddətdir ki, həmin 2 otaqdan ibarət mənzildə yaşayır. Bəzi səbəblərə görə həmin yaşadığı mənzili sənədləşmə işlərini apara bilməmişdir. O, həmin mənzilin sənədləşməsi ilə bağlı Samux rayon İnstitut qəsəbə bələdiyyəsinə müraciət etmiş, lakin ona imtina məktubu verilmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hüquqi marağı Samux rayonu, İnstitut qəsəbəsində yerləşən mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir.

10. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

11. Hazırkı işdə isə iddiaçının cavabdeh orqana müraciəti və onun imtinası mövcud deyildir.

12. İddiaçı iddia ərizəsində mənzilin sənədləşməsi ilə bağlı Samux rayon İnstitut qəsəbə bələdiyyəsinə müraciət etdiyini, ona imtina məktubu verildiyini bildirmişdir. Samux rayon İnstitut bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 79 nömrəli arayışda bildirilmişdir ki, İnstitut bələdiyyəsinin yaşayış mənzillərini özəlləşdirmək səlahiyyəti yoxdur.

13. Göründüyü kimi, iddiaçı hazırkı tələblə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır.

14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar