Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1913/2020 28.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxxxxx” X5 firmasının nümayəndəsi (rəhbəri) X3 və vəkili X4, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxx” X5 firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxxxxx” X5 firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139310 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi 12 saylı X17 Baş İdarəsində qeydiyyatdadır. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********1976300 nömrəli Qərara əsasən “xxxxxxx” X2 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Cavabdehin tərtib etdiyi xx.xx.2020-ci il tarixli **********136750 nömrəli səyyar vergi yoxlaması Aktında qeyd etdiyi kimi yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq cavabdeh tərəfindən təyin olunmuş yoxlama komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli Akt tərtib olunmuşdur. Cavabdeh vəzifəli şəxs qismində həmin akta xx.xx.2020-ci il tarixdə baxaraq vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə **********139310 nömrəli qərar qəbul etmişdir. Cavabdeh həmin qərar əsasında vergi ödəyicisi kimi əlavə hesabladığı vergilərə görə 120467 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 60528 manat, ümumilikdə 180995 (yüz səksən min doqquz yüz doxsan beş) manat pulun ödənilməsini iddiaçıdan tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdehin müəssisədə səyyar vergi yoxlaması keçirilməsinə dair qərarı yoxlama dövründə mütəxəssis və ekspert cəlb edilməsi ilə bağlı qərarları, o cümlədən səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********136750 nömrəli aktı və iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********139310 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərini, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin kobud pozuntusu ilə qərəzli aparıldığından və nəticə olaraq cavabdehin qərarı qanunun tələbinə zidd, əsassız olduğundan ləğv edməlidir. Birincisi cavadehin xx.xx.2020-ci il tarixli mübahisələndirilən qərarı tam yarımçıq və əsaslandırılmamış qərar olmaqla, “İnzibati icraat haqqında” Qanunun 21.2, 24.1, 28.1, 45.1 və 61-ci maddəsinin tələblərinə, Vergi Məcəlləsinin 49.1, 49.2 maddəsinin tələblərinə əməl edilməməklə hazırlanmışdır. Belə ki, iş materiallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başa çatdırılaraq həmin tarixdə Akt tərtib olunmuşdur. Qanunun tələbinə əsasən cavadeh tərəfindən 10 gün müddətində, yəni xx.xx.2020-ci il tarixədək həmin akta baxılaraq qərar qəbul edilməli idi. Cavadeh həmin müddəti pozaraq 10 gün müddətində deyil, 37 gündən sonra qərar qəbul etmişdir. Cavadehin xx.xx.2020-ci il tarixli **********139310 nömrəli qərarından göründüyü kimi həmin qərar qəbul edilərkən yalnız xx.xx.2020-ci il tarixli **********136750 nömrəli aktdan və iddiaçıya mahiyyəti məlum olmayan xx.xx.2020-ci il tarixli **********364800 nömrəli sənədə baxıldığı qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2 maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin, vergi qanunverciliyinin hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmalıdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********139310 nömrəli qərarında isə Vergi Məcəlləsinin 49.2 maddəsinin heç bir tələbinə əməl olunmamışdır. Qərarda göstərilmişdir ki, guya iddiaçı vergi ödəyicisi kimi özünün müdafiəsi üçün heç bir dəlil və sənəd təqdim etməmişdir. Əksinə olaraq yoxlama dövründə iddiaçıya cavabdeh tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə rəsmi olaraq 12 saylı Ərazi Vergilər Baş İdarəsinə etiraz məktubu göndərmiş, həmin məktubda aparılmış ekspertiza rəyinin düzgün olmadığı bildirilərək təkrar ekspertiza aparılması tələb edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixli aktı aldıqdan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərdiyi xx.xx.2020-ci il tarixli şikayətlərdə də özünün müdafiəsi üçün çoxsaylı dəlillərə və sənədlərə istinad etmişdir. Cavadeh işə baxıb qərar qəbul edərkən iddiaçının yuxarıda qeyd etdiyi rəsmi şikayət və etirazlarında qeyd etdiyi dəlillərin heç birinə toxunmamış, müzakirə etməmiş və qiymət verməmişdir. İkincisi, cavadeh tərəfindən səyyar vergi yoxlanılmasının təyin edilməsi, yoxlama müddətinin uzadılması və yoxlama müddətində mütəxəssis dəvət edilməsi və ekspertiza təyin edilməsi ilə bağlı ciddi qanun pozuntularına yol verilmişdir. İş materiallarından görünür ki, cavadehin xx.xx.2020ci il tarixli **********197630 nömrəli qərarına əsasən müəssisədə səyyar vergi yoxlaması təyin edilmiş, bu barədə müəssisəyə həmin tarixli **********546500 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə Vergi Məcəlləsinin 15, 16, 23 və 24-cü maddələri formal sadalansa da, həmin maddələrə görə vergi ödəyicisinin və Vergi orqanının hansı hüquqlara və vəzifələrə malik olduğu açıqlanmamışdır. Halbuki, vergi qanunvericiliyin tələbinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilən bildirişdə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələrindən bəhs edən normalar sadalanmaqla kifayətlənməməli, bu nomalarda nəzərdə tutulmuş hüquq və vəzifələrin məzmunun nədən ibarət olması açıqlanmalıdır. Vergi orqanı tərəfindən müəssisədə aparılan növbəti səyyar vergi yoxlamasının müddətinə də düzgün əməl edilməmişdir. Belə ki, ilkin müddət 30 iş günü müddətinə təyin edilsə də, ümumilikdə yoxlama müddəti xx.xx.2020-ci il tarixdən başlanmaqla xx.xx.2020-ci il tarixədək, yəni 4 aydan artıq bir müddəti əhatə etmişdir. Aktdan görünür ki, guya yoxlama xx.xx.2020-ci ildə başlasa da 7 gündən sonra, xx.xx.2020-ci tarixdə 30 gün müddətinə dayandırılmış, 30 gündən sonra guya 2 gün davam etmiş, sonra xx.xx.2020-ci il tarixdən 28 gün müddətinə yenidən dayandırılmış, bundan sonra xx.xx.2020-ci il tarixdə 30 gün müddətinə uzadılmışdır. Vergi orqanının müddətlərlərin dayandırılması və uzadılması ilə bağlı aktda həmin rəqəmləri qeyd etməsi həmin rəqəmlərin formal olaraq sonradan vergi orqanının düzüb quraşdırdığı və onun guya yoxlama müddətini qanunlaşdırmağa cəhdi kimi qiymətləndirilməlidir. Həmçinin bütöv bu 4 ay müddətdə vergi orqanının 2 nəfər işçisi cəmi 1 dəfə müəssisəyə gəlmiş, bir neçə mühasibat sənədlərini götürmüş, bundan əlavə mütəxəssis adlandırılan Sadiq Əliyev adlı şəxs də onlarla birlikdə cəmi 1 gün, 1 saat ərzində müəssisədə olmuş, işıq və qaz sayğaclarının göstəricilərini qeyd etmiş, baxış aktları tərtib etmiş və getmişdir. Bundan əlavə heç bir yoxlama tədbirləri keçirilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, vergi yoxlamasının əlavə 30 gün müddətinə artırılması, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsi, əldə edilmiş məlumatların və bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına guya əlavə vaxt tələb olunduğu üçün zəruridir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdən yekun aktı tərtib olunan xx.xx.2020-ci il tarixədək vergi orqanı tərəfindən qərarda göstərilən guya müddətin artırıldığı zəruri tədbirlərin heç biri icra olunmamışdır. İddiaçı hesab edir ki, səyyar vergi yoxlaması müddəti heç bir əsas olmadan, yalnız ekspertiza müddəti çıxılmaqla formal olaraq 4 ay müddətinə uzadılmaqla, vergi orqanı tərəfindən vergi nəzarət tədbirlərinin məhdudiyyətsiz davam etdirilməsinin yolverilməzliyi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Səyyar vergi yoxlamasının qanunvericiliklə müəyyən edilmiş müddətlərə uyğun olmadan aparılması, əsassız dayandırmalar və uzadılmalar onun nəticələrinin qanuniliyini şübhə altına salan əsas amillərdir. Cavadeh xx.xx.2020-ci il tarixli **********98334 və **********98333 nömrəli qərarlara əsasən “xxxxxxx” MMC Qiymətləndirmə şirkəti ilə ekspert və mütəxəssis ayrılması barədə müqavilə imzalamışdır. Şirkətin hüquqi ünvanından görünür ki, Bakı şəhəri Yasamal rayonunda yerləşir. İş materiallarından təsdiq olunur ki, müqavilə imzalanan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə şirkətin mütəxəssisi Sadiq Əliyev yoxlayıcılarla birlikdə müəssisədə olmuş, baxış aktları tərtib etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza aparılması üçün əsas, sifarişçinin, yəni vergi orqanının xx.xx.2020-ci il tarixli müraciəti olmuşdur. Bakı şəhərində yerləşən şirkətə vergi orqanının 16 mart tarixli məktubla müraciət etməsi, həmin gün müqavilə bağlanması və onun nümayəndəsinin həmin gün Gəncə şəhərinə gəlib, müəssisədə yoxlamada iştirak etməsi reallıqdan uzaq olmaqla ağlabatan və inandırıcı deyildir. İş materiallarından görünür ki, cavadeh tərəfindən xx.xx.2020-ci il tarixli **********198334 və **********198333 nömrəli qərarlarla iş üzrə mütəxəssis dəvət edilməsi və ekspertiza aparılması ilə bağlı qərarlar qəbul olunmuş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 ay müddətində guya ekspertiza aparılmış və ekspertiza aparılması ilə əlaqədar yoxlama dayandırılmışdır. İddiaçı ekspert rəyini aldıqdan sonra vergi idarəsinə və onun rəhbər orqanına yazdığı şikayətlərdə də, göstərmişdir ki, rəydə ekspert kimi qeyd edilən Faiq İbrahimov adlı şəxs, həmin 2 aylıq müddətdə müəssisədə olmamışdır. Yalnız mütəxəssis Sadiq Əliyev adlı şəxs yoxlayıcılarla birlikdə xx.xx.2020-ci il tarixdə təqribən 1 saat ərzində firmaya gəlmiş, qaz və işıq sayğaclarının göstəricilərini qeydə almış və baxış aktları yazıb getmişdir. Ona görə də, həmin ekspertiza rəyi, iddiaçı tərəfindən guya vergidən yayınma hallarına yol verdiyinə dair qərar qəbul edilməsi üçün mötəbər rəy hesab edilə bilməz. Həmçinin mütəxəssis Sadiq Əliyevdən ümumiyyətlə iltizam alınmamış, ekspert isə yalnız ekspertizanın son günü, yəni xx.xx.2020-ci il tarixdə iltizam imzalamışdır. Hansı ki, bu hal ciddi qanun pozuntusu olmaqla yol verilməzdir. xx.xx.2020-ci il tarixli Aktın əsasını bütövlükdə mötəbərliyi tam şübhəli olan, qanun pozuntuları ilə hazırlanmış ekspert rəyi təşkil edir. Hansı ki, həmin ekspert rəyində iddiaçının istehsal etdiyi gəc məmulatının gündəlik istehsal həcmi və satış qiyməti bilərəkdən və heç bir hüquqi və faktiki əsası olmadan şişirdilmişdir. Həmin süni şişirtmədə məqsəd ondan ibarət olmuşdur ki, guya iddiaçı yoxlama dövründə hesabatlarda göstərdiyi rəqəmlərdən artıq miqdarda mal istehsal etmiş və guya hesabatlarda göstərdiyi qiymətə deyil, baha qiymətə satmışdır. Həmçinin 16 martda yoxlayıcılarla birlikdə müəssisəyə gələn, qanun pozuntuları ilə baxış aparan mütəxəssis aktında qeyd etmişdir ki, guya onun yerində apardığı ölçmə hərəkətləri ilə bir saatda 2.25 ton məhsul istesal edilmişdir. Bununla əlaqədar bildirilir ki, mütəxəssis heç bir real ölçmə hərəkəti aparmamışdır. Mütəxəssis baxış aktında qeyd etmişdir ki, baxış keçirilməsində məqsəd faktiki bir saat ərzində çıxan gəc məhsulunun xrometraj sayının aparılması olmuşdur. Bunun üçün isə, mütləq bunkerlər boşaldılmalı, yeni xammal doldurulmaqla bir saat ərzində istehsal olunan məhsul çıxarıb çəkilməli idi. Belə bir əməliyyat aparılmamışdır. Mütəxəssis baxış aktına özü sifarişçini təmin edən rəqəmi məqsədli olaraq əlavə etmişdir. Rəydə qeyd edilmişdir ki, guya 35 kq-lıq bir kisə gəc məhsulu iddiaçı tərəfindən 2 manata satılmışdır. Bunu da mütəxəssis və ekspert özləri uydurmuşlar. Müəssisədə 2017-ci ildən əvvəl, ondan sonra və hal-hazıradək, yəni yoxlamanın əhatə etdiyi vaxtda heç vaxt kisəsi 2 manata gəc satılmamışdır. Müəssisədə məhsul satışı 1 tona münasib qiymətlə rəsmiləşdirilmiş və bu qiymət barədə illik hesabatlarda Dövlət Statistika İdarəsinə və Vergilər İdarəsinə rəsmi məlumatlar verilmişdir. İddiaçının nümayəndəsi (rəhbəri) X7 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, müəssisə gəc istehsalı üçün 1 ədəd baraban var, baraban 1960-1970-ci illərin istehsalıdır, baraban işləyərkən məhsulun tozlanması nəticəsində xeyli hissəsi itkiyə gedir. İddiaçının vəkili X8 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi orqanı iddia ərizəsində qeyd edilənlərdən əlavə istehsal edilmiş məhsulun satış qiymətini şişirtmişdir, yəni ekspert və vergi orqanı heç bir əsasa söykənmədən məhsulun şişirdilmiş satış qiymətini müəyyən etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki,yoxlanılan dövr üzrə firmanın ümumi gəliri qeyri-metal mineral məhsulların istehsalından (gəc yapışdırıcısından və kafel-metlak, astar üzlük yapışdırıcısından) əldə etdiyi gəlirdən ibarət olmuşdur. Mənfəət vergisi üzrə cəmi kənarlaşma 58,55 min manat olmuşdur. Kənarlaşmanın səbəbi onunla izah olunur ki, yoxlama ilə 349,81 min manat (ƏDV-siz) dövriyyə kənarlaşması müəyyən edilmişdir ki, bunun da 76,46 min manatı kafel-metlak yapışdırıcısı, astar-üzlük zamaska ilə bağlıdır. Belə ki, vergi ödəyicisinin yoxlamaya kafelmetlak yapışdırıcısı, astar-üzlük zamaskanın satışı ilə bağlı təqdim etdiyi sənədə əsasən 2017-ci ildə 0,00 manat, 2018-ci ildə 7,81 min manat (ƏDV ilə), 2019-cu ildə 13,96 min manat (ƏDV ilə) cəmi 21,77 min manat olmuşdur. (94,92-21,77/1,18=76,46) qalan 273,34 min manatı (349,81-76,46=273,34) isə gəc istehsalı ilə bağlı əlavə müəyyən olunan dövriyyədir. Yoxlama ilə gəc istehsalına aid olan əlavə müəyyən olunan dövriyyə müəssisənin özü tərəfindən göstərilən xərclər qəbul olunmaqla birbaşa mənfəət vergisi hesablanmışdır. 273,34*20%=54,67 min manat. Kafel-metlak yapışdırıcısı, astar-üzlük zamaska ilə bağlı yoxlanılan dövr üzrə ümumi müəyyən olunan dövriyyəyə isə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq olunmaqla mənfəət vergisi hesablanması nəzərdə tutulur. Müəyyən olunan ƏDV-siz dövriyyə 94,92 min manat (94,92/6=15,82*20%=3,16) hesablanması nəzərdə tutulan mənfəət vergisi 3,16 min manatdır. 2017-ci ilin yekununa görə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində göstərilən 294,00 manat rabitə xərci, 7403,85 manat digər xərclər və 170 manat mədən vergisi ilkin sənədlərlə öz təsdiqini tapmadığı üçün həmin xərclər yoxlama ilə qəbul edilməmişdir. Eyni zamanda xammal və material xərci 11662,00 manat artırılıb. 2018-ci ilin yekununa görə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində göstərilən 324,00 manat rabitə xərci, 8077,16 manat sair xərclər ilkin sənədlərlə öz təsdiqini tapmadığı üçün həmin xərclər yoxlama ilə qəbul edilməmişdir. Eyni zamanda xammal və material xərci 30305,65 manat, digər xərclər 509,98 manat və mədən vergisi üzrə isə 723 manat xərc artırılıb. 2019-cu ilin yekununa görə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində göstərilən 324,00 manat rabitə xərci, 579,21 manat sair xərclər ilkin sənədlərlə öz təsdiqini tapmadığı üçün həmin xərclər yoxlama ilə qəbul edilməmişdir. Eyni zamanda xammal və material xərci 30305,65 manat, digər xərclər 45,71 manat sığorta xərci 798 manat və mədən vergisi üzrə isə 400 manat xərc artırılıb. “xxxxxxx” TMİF-də həyata keçirilən səyyar vergi yoxlaması zamanı vergi orqanın qərarı ilə 2 dəfə yoxlamanın həyata keçirilməsi müvəqqəti olaraq dayandırılmış, 1 dəfə isə müddəti uzadılmışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlamasının həyata keçirilməsi müvəqqəti olaraq dayandırılır. Normanın tələbindən və işin faktiki hallarından da bəlli olduğu kimi cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********198480 saylı “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən iddiaçı firmada yoxlama ilə bağlı ekspert və mütəxəssis dəvət edildiyi üçün səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti olaraq dayandırılmışdır. Həmçinin eyni əsasla eyni məzmunlu xx.xx.2020-ci il tarixli **********199100 saylı qərarla isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama müvəqqəti olaraq dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə isə ekspert və mütəxəssis rəyləri vergi orqanına daxil olmuşdur. Qeyd edildiyi kimi cavabdeh səyyar vergi yoxlamasının müvəqqəti olaraq dayandırılması, eləcə də bununla bağlı prosessual müddətə əməl etməsi işin təkzibedilməz halıdır. İddiaçının ümumiyyətlə “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2020-ci il tarixli rəyi ilə bağlı mövqeyi də əsassızdır. Qeyd edilməlidir ki, mütəxəssis xx.xx.2020-ci il tarixdə iddiaçının yerləşdiyi ünvanda olmuş və istehsal sahəsinə baxış keçirərək istehsalat proseslərinə cəlb edilmiş istehsal avadanlıqları ilə yaxından tanış olmuşdur. Gəc istehsalına cəlb olunan istehsal avadanlıqları işə salınaraq elektrik enerjisi və qaz sayğaclarının üzərindən ölçmə müşahidə işləri aparılmışdır. Ölçmə müşahidə hərəkətləri gəc istehsal xəttində istehsal avadanlığı işə salınaraq həyata keçirilmiş, ölçmə işlərinin müddəti 1 saat çəkmişdir. Sayğacların işə düşməmişdən əvvəl, eləcə də istehsal prosesindən sonrakı göstəriciləri müqayisə edilmiş, məhsulun istehsal həcmi müəyyənləşmişdir. Müvafiq sayğacların, istehsal avadanlıqlarının foto şəkilləri və müqayisəli məlumatlar müvafiq rəyin əsaslı olduğunu göstərir. Həmçinin mütəxəssis rəyinə edilmiş xx.xx.2020-ci il tarixli baxış protokolunda gəc istehsalı üzrə avadanlığın işləmə müddətinin saat 15:04-də başlaması, saat 16:04-də bitməsi, habelə 1 saat ərzində istehsal olunan gəc məhsulunun həcminin 2.25 ton olduğu əks olunmuşdur. Sözügedən baxış protokolu mütəxəssis X11, cavabdehin əməkdaşları X9, X12 və iddiaçının işçisi X13 tərəfidən imzalanmışdır. Göründüyü kimi mütəxəssis birbaşa istehsal prosesində olmuş, istehsal avadanlığını 1 saat müddətində işə salmış, iddiaçının nümayəndəsinin iştirakı ilə 1 saat ərzində istehsal olunan məhsulun həcmi faktiki sərf edilmiş qaz və elektrik sayğaclarının məlumatları əsasında müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“xxxxxxx” Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13-400 nömrəli məktubundan görünür ki, “xxxxxxx” X5 firmasında xx.xx-2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə istehsal həcmini qaz və elektrik enerjisi sərfiyyatına əsasən müəyyənləşdirilməsi və qiymətinin müəyyən edilməsi nəticəsində yoxlama dövrü ərzində gəc məhsulları üzrə 15.128.031,6 kq istehsal həcmi, 432.230 ədəd kisə miqdarı və 864.460 manat satış dəyəri, eləcə də yapışdırıcı mallar üzrə 690.830 kq istehsal həcmi, 24.871 ədəd kisə miqdarı və 112.002,24 manat satış dəyəri hesablanmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********136750 nömrəli aktın məzmunundan görünür ki, “xxxxxxx” X5 firmasında səyyar vergi yoxlaması nəticəsində mənfəət vergisinin 2017-ci il üzrə 6478,94 manat, 2018-ci il üzrə 30470,17 manat, 2019-cu il üzrə 20500,92 manat və əlavə dəyər vergisinin 2017-ci il üzrə 7096,66 manat, 2018-ci il üzrə 32584,34 manat, 2019-cu il üzrə 23924,95 manat azaldılması aşkar edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139310 nömrəli qərarının məzmunundan görünür ki, “xxxxxxx” X5 firması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi kimi əlavə hesabladığı vergilərə görə 120467,03 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 60528 manat, ümumilikdə 180995 (yüz səksən min doqquz yüz doxsan beş) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/219 nömrəli məktubundan görünür ki, “tikinti gipsi”-nin-gəc Q2 markalı gips yapışdırıcısının 1 (bir) tonunun qiyməti 2017-2019-cu illərdə əlavə dəyər vergisiz 34.60 manat təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197630 nömrəli qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən “xxxxxxx” X5 firmasında səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama nəticəsində “xxxxxxx” X5 firmasında mənfəət vergisinin 2017-ci il üzrə 6478,94 manat, 2018-ci il üzrə 30470,17 manat, 2019-cu il üzrə 20500,92 manat və əlavə dəyər vergisinin 2017-ci il üzrə 7096,66 manat, 2018-ci il üzrə 32584,34 manat, 2019-cu il üzrə 23924,95 manat azaldılması aşkar edilməsi xx.xx.2020-ci il tarixli, **********136750 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən vergi ödəyicisi kimi əlavə hesabladığı vergilərə görə 120467,03 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 60528 manat, ümumilikdə 180995 (yüz səksən min doqquz yüz doxsan beş) manat məbləğində məsuliyyətə cəlb edilmiş, həmçinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********364100 nömrəli Tələbnamə ilə həmin məbləğin vergi orqanının müvafiq hesabına ödənilməsi tələb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı bazar qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsi üçün “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Qeyd edilməlidir ki, “xxxxxxx” X5 firmasına məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində qeyri-metal mineral məhsulların (gəc və kafel-metlak yapışdırıcısı, astarüzlük yapışdırıcısı) istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırki vəziyyətdə məhsulun xassəsi baxımından tozlanaraq itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər, lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. İş materiallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başa çatdırılaraq həmin tarixdə Akt tərtib olunsa da Qanunun tələbi cavabdeh tərəfindən pozularaq xx.xx.2020-ci il tarixdə, yəni 36 gündən sonra qərar qəbul etmişdir. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139310 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri (ƏDV və.s) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139310 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1913/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1913/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver