Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1916/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının (bundan sonra mətndə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialı) 15 sentyabr 2020-ci il tarixli «Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə» bildirişiilə İddiaçı işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı, 25 il sığorta stajı vəya fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2003-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda işlədiyi müddətin sığorta stajına daxil edilməsinə və ona yaşa görə əmək pensiyasının təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu, Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu, «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək X2 zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 61 yaş 06 ayı tamam olduğundan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına 07 avqust 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu 15.09.2020-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. Bu səbəbdən də 1971-1996-cı illərin iddiaçının sığorta stajına daxil edilməsi imkan xaricindədir. Qaydalara əsasən həmin illərdəki sığorta stajı məhkəmə qaydasında müəyyən edildikdən sonra iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxıla bilər. İddiaçının 25 il sığorta stajı əmək kitabçasında qeyd olunmadığı və ya fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığı üçün və 01.09.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və təqdim etdiyi sənədlər özünə qaytarılmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Şəmkir rayonu İcra hakimiyyəti başçısının Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 08.05.2020-ci il tarixli, 461 nömrəli arayışı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının 30.07.2020-ci il tarixli, 290 nömrəli və 22.10.2020-ci il tarixli, k-3-93 nömrəli arxiv arayışları, iddiaçının pensiya işinin təsdiqlənmiş surəti, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının 15 sentyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Şəmkir rayonu «1 May» adına sovxozda və Şəmkir rayonu Şapman Şərab zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin illər iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda işlədiyi dövr Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının 30.07.2020-ci il tarixli, 290 nömrəli arxiv arayışlarında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının 30.07.2020-ci il tarixli, 290 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək Şəmkir rayonu Şampan Şərab zavodunda işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının 22.10.2020-ci il tarixli, k-3-93 nömrəli məktubundan məlum olur ki, Şamxor Şampan-Şərab Məmulatları zavodunun əmr kitabları dövlət arxivinə təhvil verilmədiyi üçün İddiaçı zavoda işə qəbul və azad olma əmrləri barədə məlumat verilməsi mümkün olmamış, Şəmkir filialında mühafizə olunan Şəmkir rayonu ərazisində fəaliyyət göstərmiş sabiq «1 May» adına savxozun arxiv sənədlərinə əsasən İddiaçı 20.01.1984-cü il tarixli 128 nömrəli əmri ilə savxoza fəhlə qəbul edilmiş və 05.06.1998-ci il tarixli 17 nömrəli əmri ilə işdən azad olunmuşdur. Məhkəmə iddiaçının Şəmkir rayonu «1 May» adına sovxozda və Şəmkir rayonu Şapman Şərab zavodunda əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X1) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Şəmkir rayonu «1 May» adına sovxozda və Şəmkir rayonu Şapman Şərab zavodunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2019-cu il 1 iyulundan - 2020-ci ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 61 yaş 06 ay müəyyən edildiyindən və iddiaçının 25 ildən çox (01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu, Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu, «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək X2 zavodunda işlədiyi müddət- cəmi 25 il 02 ay 15 gün) sosial sığorta stajı olduğundan iddiaçının yaşa görə pensiya hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayonu, Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu, «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək X2 zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı 01.01.1978-ci il tarixdən 01.12.1983-cü il tarixədək Şəmkir rayon Şampan Şərab zavodunda, 20.01.1984-cü il tarixdən 05.06.1998-ci il tarixədək Şəmkir rayonu «1 May» adına sovxozda və 01.02.1999-cu il tarixdən 01.01.2004-cü il tarixədək Şəmkir rayon Şampan Şərab zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova