Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1916/2021 24.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına qarşı birdəfəlik pul müavinətinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 31.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, penitensiar müəssisələrdən cəza çəkməkdən azad olunduğu üçün ona birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 19.03.2012-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Mıtışi Şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105.1, 111.1 və 69.3-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddəti bitdiyi üçün 06.04.2020-ci il tarixdə cəza çəkməkdən azad olunmuşdur. Həmin dövrdə pandemiya ilə bağlı Azərbaycan Respublikası heç bir vətəndaşını qəbul etmədiyi üçün iddiaçı təxminən 11 ay Rusiya Federasiyasının Tver şəhərində qalmış və 03.03.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün Azərbaycana gəldikdən sonra heç bir dövlət orqanına müraciət edə bilməmiş, ondan hər yerdə şəxsiyyət vəsiqəsi istəmişlər. İddiaçı 29.06.2021-ci il tarixdə şəxsiyyət vəsiqəsini əldə etmiş və bundan sonra cavabdeh orqana müraciət edərək, müavinətin verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər həmin şəxslərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra 3 ay müddətində müraciəti əsasında həyata keçirilir. İddiaçı cəza çəkmə müddəti bitdikdən sonra 03.03.2021-ci il tarixdə Azərbaycana qayıtmış və təmsil etdiyi orqana qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdükdən sonra müraciət etmişdir. Buna görə də birdəfəlik pul müavinətinin ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İddiaçının COVİD-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığından məhkəmə iclasında iştirakı məqsədəuyğun sayılmamış, eyni zamanda işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Rusiya Federasiyası Ədliyyə Nazirliyinin 06.04.2020-ci il tarixli 053565 nömrəli arayışından görünür ki, İddiaçı 19.03.2012-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Mıtışi Şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105.1, 111.1 və 69.3-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını 07.04.2011-ci il tarixdən 06.04.2020-ci il tarixə kimi ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəza müddəti bitdiyi üçün 06.04.2020-ci il tarixdə cəza çəkməkdən azad olunmuşdur. -Surəti işə əlavə edilmiş AA ******* nömrəli 09.02.2021-ci il tarixli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, İddiaçı 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. -DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 12.07.2021-ci il tarixli, **********2 nömrəli bildirişindən görünür ki, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 17.11.2021-ci il tarixli, 018-18363-1221 nömrəli məktubundan görünür ki, İddiaçı 24.06.2021-ci il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsi alması üçün müraciət etmiş, 30.06.2021-ci il tarixdə isə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 06.04.2020-ci il tarixdə cəza çəkməkdən azad olunmuş və 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməsi və qanunda bununla bağlı heç bir müstəsna hal nəzərdə tutulmaması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsasları “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir və Qanun bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun:- -1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası dedikdə - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi nəzərdə tutulur. -5.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. -6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biridir. -14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. -7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ təsbit edilmişdir. Lakin qanunvericilik qeyd olunan hüququ müvafiq müddətlə məhdudlaşdırmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, 24.06.2021-ci il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsi alması üçün müraciət etmiş, 30.06.2021-ci il tarixdə isə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Bundan əlavə, cavabdehin imtina məktubundan görünür ki, iddiaçı sözügedən müavinətin verilməsi ilə bağlı cavabdeh orqana 09.07.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının bir sıra məhdudiyyətlər üzündən cavabdeh orqana gec müraciət etməsi barədə dəlilləri əsaslı sayıla bilməz. Belə ki, o, Azərbaycan Respublikasına qayıtdığı gündən 3 aydan artıq müddət keçdikdən sonra şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, sonra müvafiq müavinətin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Beləliklə də onun qanunla müəyyən edilmiş müddəti ötürməsi real məhdudiyyətlərlə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına qarşı birdəfəlik pul müavinətinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1916/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1916/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver