Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1916/2025 14.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “qərarın ləğvi ” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixində Əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə əsasən 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb. Eyni zamanda bildirilir ki, təkrar müayinədən keçməyilə əlaqədar 19 noyabr 2021-ci il tarixindən İİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası 2022-ci ilin yanvar ayında bərpa olunub. Əlillik təyinatı barədə 19 noyabr 2021ci il tarixindən qüvvədə olan qərarın 27 oktyabr 2023-cü il tarixində ləğv edilməsi ilə əlaqədar pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən dayandırılıb. Buna görə də xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə ona ödənilmiş ümumilikdə 18549,43 manat pul vəsaiti artıq ödənilmiş vəsait hesab edilir. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş olunur. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası üzrə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilmiş ümumilikdə 18549,43 manat artıq ödəmənin müəyyən edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, sonradan təkrar müayinədən keçməysilə əlaqədar xx.xx.2021 -ci il tarixdən 2-ci dərəcəli əlilliyi müəyyən edildiyindən, əmək pensiyam 2022-ci ilin yanvar ayında bərpa olunmuşdur. Daha sonra ona 2-ci dərəcəli əlilliyə görə təyin edilmiş əmək pensiyası heç bir əsas gətirilmədən dayandırılmış və əlillik təyinatı barədə qərarın ləğv edilməsi belə ona bildirilməmişdir. Əlillik təyinatı və əmək pensiyası üzrə ödəniş səlahiyyətli orqanlar tərəfindən qanunamüvafiq surətdə verilmişdir. Yəni, əlillik təyinatının və pensiya ödənişinin həyata keçirilməsində onun hər hansı bir qüsurlu hərəkəti olmamışdır. Buna bamayaraq, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiya və maddi yardım üzrə ümumilikdə 18549,43 manat artıq ödəmə müəyyən olunmuşdur. Lakin bu halların heç birində əmək pensiyaçısının, yəni onun razılığım alınmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/3-9541/2024 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasın gəlmiş,iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fond tərəfindən müavinət ödənilməsini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş pul vəsaitinin əmək pensiyasından tutulması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-9541/2024 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2024cü il tarixli, 3-17-1/3-9541/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1916/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1916/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver