Məhkəmə qərarları › İş №2-1(114)-192/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-192/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-192/2022 16.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 27.08.2021-ci il tarixdə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(112)-9835/2021 nömrəli qərardadı ilə iş ərazi aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15.02.1989-cu il tarixdən 10.05.1990-cı il tarixə kimi Ağdam rayon Seyidli kənd özünü müdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan əməliyyatlarda iştirak etmiş, bu fakt Ağdam Rayon İcra Hakimiyyətinin 20.06.2018-ci il tarixli, 45 nömrəli arxiv arayışında və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağdam filialından verilmiş 20.11.2019-cu il tarixli, 128 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır. İddiaçı 30.09.1992-ci il tarixdə Şərur rayon regionl qərargahın əmri ilə ehtiyata buraxılaraq Şərur rayon hərbi komisarlığında qeydiyyata durmuşdur. Bundan başqa Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarlarının hücumları zamanı Ağdam rayonun Papravənd kəndinin və digər kəndlərinin müdafiəsində iştirak etmişdir. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 14.12.2021-ci il tarixli 2-1(114)-2301/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, Ağdam rayonunda Allahverdi Bağırov tərəfindən yaradılmış özünümüdafiə batalyonunda 1989-1990-cı illərdə döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 06.01.2022-ci il tarixdə məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X1 filialı tərəfindən verilmiş 20.11.2019-cu il tarixli 128 nömrəli arxiv arayışında X1 filialında saxlanılan Ağdam Rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən X2 Vilayətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumların qarşısını almaq məqsədilə Seyidli kənd ərazisində Ağdam rəbərliyinin göstərişinə əsasən müdafiə dəstələri yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabında iddiaçının adı qeyd edilmişdir. Lakin həmin arayış əsassızdır. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti həmin arayışın verilməsinə əsas kimi “Seyidli özünümüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməmiş və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti Arxivinin 20.06.2018-ci il tarixli, 45 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 15.02.1989-cu il tarixdən 10.05.1990-cı il tarixədək Ağdam rayon Seyidli kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. -Azərbaycan Respublikası X1 filialının 20.11.2019-cu il tarixli 128 nömrəli arxiv arayışından görünür ki, X1 filialında saxlanılan Ağdam Rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Seyidli kənd ərazi nümayəndəliyinin 1988-ci il tarixli 05 nömrəli əmrinə əsasən X2 Vilayətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumların qarşısını almaq məqsədilə Seyidli kənd ərazisində Ağdam rəbərliyinin göstərişinə əsasən müdafiə dəstələri yaradılmış, həmin dəstəyə aid olan post kitabında İddiaçı adı 53-cü sırada qeyd edilmişdir. -Qarabağ Hərbi Prokurorluğunun 20.10.2017-ci il tarixli, 14/4919 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. -Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən X1 filialına təqdim olunmuş 1988-ci il tarixli “Seyidli özünümüdafiə dəstəsinin post kitabı”ndan görünür ki, İddiaçı adı 53-cü sırada qeyd edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus 12.05.1990-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, sonuncu 16.07.1990-cı ildən 18.05.1992-ci ilədək hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 01.04.2021-ci il tarixli /524 nömrəli məktubundan görünür ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin:- - 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -1-ci hissəsinin 1-ci bəndinin 13-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Araşdırılmış sübutlarla təsdiq olunur ki, iddiaçının Seyidli kənd ərazisində yaradılmış müdafiə dəstələrinin tərkibində iştirak etməsi Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən X1 filialına təqdim olunmuş 1988-ci il tarixli “Seyidli özünümüdafiə dəstəsinin post kitabı” ilə öz təsdiqini tapır. Göründüyü kimi qeyd olunan kitab yerli icra hakimiyyəti orqanı tərəfindən arxivə təhvil verilmişdir. Bu səbəbdən də, cavabdeh orqanın kitabın heç bir rekvizit məlumatları olmadığına görə leqal sənəd sayılmaması ilə bağlı arqumentləri əsaslı hesab edilə bilməz. Kitaba baxış zamanı müəyyən edilmişdir ki, kitab səhifələnmiş, tikilmiş, sonuncu vərəqində isə tikişin üzərinə möhür vurularaq təsdiq edilmişdir. Eyni zamanda kitabda sonradan əlavə edilmə, qaralama, düzəliş edilmə və s. kimi ziddiyətli və şübhəli qeydlər mövcud olmadığından məhkəmə həmin kitabdakı qeydləri mötəbər sübut növü kimi nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir.. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar