Məhkəmə qərarları › İş №2-1(114)-192/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-192/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-192/2023 07.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik pul müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə bir dəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin hökmü ilə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə həbs olunmuşdur. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəsissəsində çəkmiş, xx.xx.2022-ci il tarixdə cəzasını həmin müəsisədə bitirmişdir. Halhazırda dövlətin təyin etdiyi məhkumluq pulunu əldə edə bilmir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, ona birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsindən imtina olunması qanunsuz və əsassızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tovuz rayon üzrə 20 saylı regional ərazi filialının 3-cü şəxs siyahısından çıxarılmasını və cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 07 fevral 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəza növünü çəkmişdir. Cəza çəkməkdən azad edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənilmişdir. İddiaçının azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunması ilə əlaqədar birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 17630938 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəsissəsinin xx.xx.2022-ci il tarixli, 336 nömrəli arayışı; - xxxxxxx22001 nömrəli, xx.xx.2022-ci il tarixli müraciət vərəqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunla tənzimlənir. Həmin Qanunda sosial adaptasiya tədbirlərinin dairəsi müəyyən olunmuş və cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd edilmişdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Həmin Qanunun 7.2-ci Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 7.1-ci, 7.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yuxarıda qeyd edilmiş müddəalardan aydın olur ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. Əgər bu müddət ərzində qeydiyyata götürülməsə, penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu gündən 3 ay ərzində qeydiyyata götürülməsi ilə bağlı müraciət edə bilər. Cəza çəkməkdən azad olmuş statusunun yaranma anı isə Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin üçüncü hissəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə əsası göstərilmişdir. Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş statusunu xx.xx.2022-ci il tarixli məhkəmə qərarı ilə əldə etmişdir. Odur ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi üçün cəza çəkməkdən azad olunduqdan sonra ən çoxu üç ay ərzində müraciət etməlidir. İş materillarından da görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad olunmuş və xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik pul müavinətinin verilməsi üçün müraciət etmişdir. Cavabdehin imtinasının əsasını iddiaçının cəza çəkməkdən azad edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə bir dəfə birdəfəlik pul müavinətini alması təşkil edir. Məhkəmə cavabdehin bu mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan qanun normalarını düzgün tətbiq etməmiş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Belə ki, “birdəfəlik pul müavinəti” ifadəsindəki “birdəfəlik” sözünün mənası şəxsin həyatı ərzində həmin müavinəti yalnız bir dəfə ala bilməsi kimi təfsir edilməməlidir. Ümumiyyətlə birdəfəlik müavinət ifadəsindəki “birdəfəlik” ifadəsi ödəniş formasını göstərməklə, həmin ödənişi verməli olan quruma hüququ olan şəxs qarşısında məbləği müəyyən dövrlər üzrə deyil, bir dəfədə icra etməsini nəzərdə tutduğundan bu şəkildə adlandırılmışdır. Bundan əlavə qanunvericilikdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sayla məhdudlaşmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən birdəfəlik pul müavinətinin verilmə məqsədi cəza çəkməkdən azad olunmuş şəxsin və ya şəxslərin sosial adaptasiyasına nail olunmaqdır. Qanunun 1.0.2-ci maddəsində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər olduğu qeyd edilmişdir. Azadlıqdan məhrumetmə ilə bağlı cəza çəkən şəxslər isə birmənalı olaraq cəmiyyətdən təcrid olunurlar. Yəni həmin şəxslərin hər cəza çəkdikdən sonra sosial adaptasiya olunmalarına ehtiyac olur. Odur ki, inzibati orqanın hazırki imtinası həm qanunvericilik, həm də hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan, İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar