Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1920/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı məxsus xx.xx.2013-cü il tarixli SX ******* nömrəli hərbi biletin 7-ci vərəqində onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə qeyd edilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 204 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0104əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 12-ci maddəsinin "b", 26-cı maddəsinin "a" və 33-cü maddəsinə müvafiq olaraq, hərbi vəzifəlilərin bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək hərbi hissənin bölmələrində müvafiq vəzifələrə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - ehtiyatda olan əsgər İddiaçı, 2-ci motoatıcı taborun 5-ci motoatıcı bölüyünün sanitar təlimatçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən gəlmiş hesab edilmiş, 19 iyul 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışhesab edilmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0104əç nömrəli əmri.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 272 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığının dəqiqləşdirilməsi və mühəndis işlərinin yerinə yetirilməsi məqsədi ilə MAHHXHQ əsgər İddiaçı 10 (on) gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Əsas: hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 327 nömrəli əmrindən çıxarışdan görünür ki, artilleriya divizionun döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq hərbi hissələrə getmiş MAHHXHQ əsgər İddiaçı hərbi hissənin daimi dislokasiya məntəqəsinə (Gəncə şəhəri) qayıtmış hesab olunmuş və N nömrəli hərbi hissəyə ərzaq təminatına qoyulmuşdur. Əsas: ezamiyyət biletləri.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 156 nömrəli çıxarışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissənin 1-ci təlim taborunun (atıcıların hazırlığı üzrə) tibb məntəqəsinin sanitar təlimatçısı, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 046əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü təlim taborunun (atıcıların hazırlığı üzrə) tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 02 iyun N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək ücün Laçın rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmrinə əsasən N-cü ilin yanvar-may aylarında xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 50% almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N-cü ilin növbəti məzuniyyətindən 15 (on beş) gün istifadə edib və 1 (bir) aylıq vəzifə məvacibi miqdarında əlavə pul müavinəti verilib. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 046əç nömrəli əmrindən çıxarış (daxilolma № 164).
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 270 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı N nömrəli hərbi hissənin (Gəncə) hərbi qulluqçusu xx.xx.2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir (ezamiyyətə, artilleriya divizionuna 10 (on) gün müddətinə). Əsas: xx.xx.2020-ci il tarixli 553 nömrəli ezamiyyət vərəqəsi.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 271 nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq hərbi hissədə ezamiyyətdə olan N nömrəli hərbi hissənin (Gəncə şəhəri) hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən artilleriya divizionunun qazan təminatından çıxarılmış, 2-ci taborun qazan təminatına qoyulmuşdur.
8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 324 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı 777nömrəli hərbi hissənin (Gəncə) hərbi qulluqçusu xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. Əsas: xx.xx.2020-ci il tarixli 553 nömrəli ezamiyyət vərəqəsi.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 215 nömrəli məktubundan çıxarışdan və İ-4767 nömrəli Azərbaycan Respublikası Müdalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci iltarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
10. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumata əsasən ezam olunduğu ərazi (Xoşbulaq kəndi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
11. N nömrəli hərbi hissənin tibb xidmətinin xx.xx.2024-cü il tarixli Tibbi arayışından məlum olur ki, İddiaçı 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət alması ilə bağlı hərbi zədələnməsinin (yaralanmasının) qeydiyyatı kitabında qeyd yoxdur.
12. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 638 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin artilleriya divizionunun şəxsi heyətinin tərkibində olmuş, artilleriya divizionunun şəxsi heyəti ilə birlikdə döyüş təminatı tapşırıqlarının icrasında iştirak etmişdir.
13. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminat üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: əsgər 3) Vəzifəsi: Sanitar təlimatçı 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 204 nömrəli əmri, xx.xx.N-cü il tarixli 156 nömrəli əmri 5) Xidmət etdiyi hərbi hissədən ezam olunma və qayıtma (tarix və əmrin nömrələri göstərilməklə): xx.xx.2020-ci il tarixli 272 nömrəli əmri, xx.xx.2020-ci il tarixli 327 nömrəli əmri 6) Ezam olunduğu hərbi hissə: N nömrəli hərbi hissə 7) Ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli sərəncamı 8) Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri göstərilməklə): xx.xx.2020-ci il tarixli 272 nömrəli əmri, xx.xx.2020-ci il tarixədək 327 nömrəli əmri 9) Ezamiyyət vərəqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1867 nömrəli telefonoqramı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 057 nömrəli əmri. 10) Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə döyüş təminatı ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Həmin ərazilərdə döyüşlərdə tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmişdir, yaralılara ilkin tibbi yardım göstərilib, yaralıların döyüş ərazisindən təxliyyəsi. 11) Şəxsin ezam olunduğu raket və artilleriya bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) 12) Şəxsin ezam olunduğu raket və artilleriya bölmələrinin tərkibində döyüş atışlarının keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə) 13) Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında) Kəlbəcər rayonu 14) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi 15) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi 16) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz) 17) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi) 18) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı 19) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2372 nömrəli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-6210/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamaı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə Daşkəsən rayonunda doğulmuş, bir müddət valideynləri Gəncə şəhərinə köçmüşlər və o da Gəncə şəhərində böyüyüb boya-başa çatmışdır. O, orta məktəbi bitirdikdən sonra, xx.xx.2013-cu ildə Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağrılmış və Qusar Qarnizonu Hərbi Polisində, bir müddətdən sonra isə Qusar rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və hərbi xidmətini uğurla başa vurduqdan sonra, xx.xx.2015-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. 2020-ci ildə hərbidə işləmək məqsədilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda (İİ Qarabağ) müharibəsi başlanılmış və beləliklə onlar hərbi qulluqçu olaraq ana torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək məqsədilə döyüşlərə qatılmışdır. Beləliklə, 25 sentyabr 2020-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən N saylı hərbi hissəyə ezam olunmuş və zəfər qələbəsini qazandıqdan sonra, 17 noyabr 2020-ci il tarixdə ezamiyyətdən geri qaytarılmışdır. Onlara N saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərə qatılmağı üçün göstəriş verilmişdir və onlar əbədi və əzəli torpaqları olan Kəlbəcər rayonunun azad edilməsi üçün döyüşlərə başlamışlar. O, Kəlbəcər rayonunun işğaldan azad olunmasında demək olar ki, başdan-başa iştirak etmişdir. Hətta Prezident, Ali Baş Komandan cənab X1 ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Şükürlər olsun ki, qəhrəmancasına döyüşərək torpaqları yağı düşmənin tapdağından azad etmişlər. Bu fakt öz əksini hərbi biletində aydın şəkildə qeyd olunmuşdur. Ali Baş Komandan, Prezident cənab X1 ilə torpaqların işğaldan azad olunmasına görə yuxarıda qeyd etdiyi kimi 1 medalla təltif olunmuşdur - 29 dekabr 2020-ci il tarixli 2372 nömrəli Sərəncami ilə "Kəlbəcərin azad olunmasına görə" medalı. O, Qarabağ müharibəsi zamanı torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciəl etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2024-cü il tarixli 2/2-509 №-li məktubla «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmədiyindən təqdim olunan sənədlər ona geri qaytarılmışdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Xoşbulaq kəndi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və müdallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2013-cü il tarixli SX ******* nömrəli hərbi bilet; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 204 nömrəli, xx.xx.2020-ci il tarixli 272 nömrəli, xx.xx.2020-ci il tarixli 327 nömrəli və xx.xx.N-cü il tarixli 156 nömrəli əmrlərindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 270 nömrəli, xx.xx.2020-ci il tarixli 271 nömrəli və xx.xx.2020-ci il tarixli 324 nömrəli əmrlərindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 215 nömrəli məktubundan çıxarış; - İ-4767 nömrəli medalın vəsiqəsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli imtina məktubu; - N nömrəli hərbi hissənin tibb xidmətinin xx.xx.2024-cü il tarixli tibbi arayışı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 638 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminat üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli 3-25-4/2-6210/24 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı Kəlbəcər rayonunda döyüşlərdə tibbi təminatı üzrə tapşırıqları yerinə yetirdiyini, yaralılara ilkin tibbi yardım göstərib, yaralıları döyüş ərazisindən təxliyyə edilməsində fəal iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.N-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumata əsasən ezam olunduğu ərazi (Xoşbulaq kəndi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir.
32. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
33. Belə ki, cavabdeh orqan imtinasında barəsində təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazi (Xoşbulaq kəndi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.
34. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) ezam olunduğu N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayonunda döyüşlərdə tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmişdir, yaralılara ilkin tibbi yardım göstərib, yaralıların döyüş ərazisindən təxliyyə edilməsində fəal iştirak etmişdir. Döyüşlərdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2372 nömrəli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
35. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 638 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin artilleriya divizionunun şəxsi heyətinin tərkibində olmuş, artilleriya divizionunun şəxsi heyəti ilə birlikdə döyüş təminatı tapşırıqlarının icrasında iştirak etmişdir.
36. Eyni zamanda, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamaı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.
37. Göründüyü kimi, iddiaçı məhz N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 272 nömrəli əmri ilə döyüş tapşırığının dəqiqləşdirilməsi və mühəndis işlərinin yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuş, döyüş əməliyyatları aparılan dövrdə döyüşlərdə tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş, yaralılara ilkin tibbi yardım göstərib, yaralıların döyüş ərazisindən təxliyyə edilməsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə hərbi hissənin daimi dislokasiya məntəqəsinə (Gəncə şəhəri) qayıtmışdır. İddiaçının ezam olunduğu N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə kimi müəyyənləşdirilmişdir.
38. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
40. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş əməliyyatları aparılan dövrdə döyüşlərdə tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmişdir, yaralılara ilkin tibbi yardım göstərib, yaralıların döyüş ərazisindən təxliyyə edilməsində fəal iştirak etmişdir.
41. Yuxarıda sadalanan qanunvericilik müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Kəlbəcər rayonunun ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir və bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir.
42. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
43. Çünki, iddiaçı məhz hərbi hissə komandirinin əmri əsasında döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmaqla, döyüş əməliyyatlarının maddi-texniki təminatında iştirak etmiş və bu səbəbdən medalla təltif edilmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
44. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir.
45. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
46. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
47. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva