Məhkəmə qərarları › İş №2-1(114)-1922/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1922/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1922/2025 18.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı onun sertifikasiya imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı onun sertifikasiya imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin xx.xx.2016-cı il tarixli 05/5879 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Səhiyyə Nazirliyinin Bakı 2 saylı Baza Tibb Məktəbində 1991-1993-cü illər ərzində “Tibb bacısının işi” şöbəsində təhsil almamış, “Tibb bacısı” ixtisasına yiyələlənmiş və ona onlar tərəfindən xx.xx.1993-cü il tarixli PT-İ 132062 (qeyd 238) saylı adi diplom verilməmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il 3-28/2-Q-4684-4-4817/2024 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməsi ilə bağlı müraciət edən şəxslərin təhsili haqqında sənədləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılır və çatışmazlıq olmadığı halda onlar reyestrə daxil edilirlər. Orta ixtisas tibb təhsili haqqında diplomu yoxlanılarkən 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil almadığı və ona PT-İ seriyalı 132062 nömrəli diplomun verilmədiyi aşkar olunmuşdur. Məsələni araşdırmaq üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir.

3. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/3-1-2963/2024 nömrəli əmri ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlkin səhiyyə xidmətini TTTY şöbəsində feldşer vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1ci maddəsinə uyğun olaraq 01 avqust 2024-cü il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması, həmin müddət ərzində peşə hazırlığına göndərilməsi və təkrar sertifikasiyaya cəlb olunması əmr edilmişdir.

4. Məhkəmənin sorğusuna “Tibb Müəssisələrinin Akkreditasiyası və X3” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-28-35/2-78/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın (bundan sonra Qayda) 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sertifikasiya imtahanına cəlb edilirlər. İddiaçı "Bərdə Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən 2020-ci ildə 2372 saylı və 2021-ci ildə 592 saylı “İxtisasartrıma kursuna göndərilməsi” haqqında əmrlərinin olmasına baxmayaraq, vətəndaş ixtisasartırma kurslarda iştirak etməmiş və bu səbəbdən də Qaydanın tələbinə uyğun olaraq, onun sertifikasiya imtahanına cəlb edilməsi mümkün olmamışdır.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-023/2-204755/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məxsus diplom blankının dövlət nümunəli olmaması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş müraciət əsasında Baş İdarədə toplanmış material hüquqi qiymət verilməsi üçün İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi materiallarına əlavə edilmişdir və hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

6. Məhkəmənin sorğusuna “Tibb Müəssisələrinin Akkreditasiyası və X3” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-28-35/2-193/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin “Tibb kadrlarının vahid registri” altsistemində ******* registr koduna malikdir. İddiaçı tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasında iştirak üçün sənədləri təqdim olunmayıb. Həmçinin, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 1.2.-ci bəndinin tələbinə zidd olaraq dövri ixtisasartırma kurslarında iştirak etməmişdir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-28/2-9952/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Tibb kadrlarının vahid reyestri"ində ******* nömrəli kod ilə qeydiyyata alınmış İddiaçı tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasında iştirak üçün sənədləri təqdim olunmayıb. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdehə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasına qarşı sertifikasiya imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, №xx/xx-2848 saylı teleqramı ilə bildirmişlər ki, tibb işçilərinin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində çalışan orta tibb işçilərinin təhsili haqqında diplomların araşdırılması aparılır. Hazırda ona məxsus tibb təhsili haqqında PT-İ 132062 nömrəli diplomun verilməsinin hüquqi əsasları araşdırılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-Q-4684-4- 4817/2024 saylı məktubu ilə orta ixtisas tibb təhsili haqqında diplomom yoxlanılarkən 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil almadığı və PT-İ seriyalı 132062 nömrəli diplomun verilmədiyi aşkar olunmuşdur. Məsələnin araşdırmaq üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korruspsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X5 şəxs Bərdə Rayon Mərkəzi X4 şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/3-1-2963/2024 saylı əmri ilə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılması, həmin müddət ərzində peşə hazırlığına göndərilməsi və təkrar sertifikasiya cəlb olunması əmr edilmişdir. Cavabdeh orqanın onu sertifikasiya imtahanına buraxmaması ilə bağlı gətirdiyi dəlili əsassızdır. Cavabdeh orqanın imtinasının əsassız olması ilə bağlı aşağıdakı xüsusatları diqqətə çatdırmağı zəruri hesab edir. 1993-cü ildən xx.xx.2024-cü il tarixədək Bərdə Rayon Mərkəzi X2 Yardım briqadasında işləmişdir. 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İsntitutundan №0054282 saylı şəhadətnamə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müəyyən edilmişdir. 2016-cı il tarixdən bütüb tibb işçilərinin sertifikasiya prosesinə başlamaq üçün onların diplomlarının həqiqiliyinin yoxlanılmasına başlanılmışdır. Qeyd olunan tarixdə onun diplomunun həqiq və ya saxta olması araşdırılmış, bu əsasa görə də onu sertifikasiya imtahanına buraxmamışlar. 2016-cı il tarixdən 2024-cü il tarixədək hər hansı sertifikasiya imtahanına daxil olmadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda onun Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilən təqsirsizlik prezupmsiyası hüququ pozulur. Belə ki, diplomunun saxta olması ilə bağlı hər hansı hüquqi sənəd yoxdur. Bu isə o deməkdir ki, cavabdeh orqanın diplomun saxtalığı ilə bağlı onu sertifikasiya imtahanına buraxmaması ilə bağlı dəlilli əsassızdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əvəz edilmişdir. III. Prosessual məsələlər

11. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

13. İddiaçının vəkil olan nümayəndəsi EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə heç bir üzrlü səbəblər barədə məlumat vermədən, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

16. İş materiallarından müəyyən olunur ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/3-1-2963/2024 nömrəli əmri ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlkin səhiyyə xidmətini TTTY şöbəsində feldşer vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1ci maddəsinə uyğun olaraq 01 avqust 2024-cü il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması, həmin müddət ərzində peşə hazırlığına göndərilməsi və təkrar sertifikasiyaya cəlb olunması əmr edilmişdir.

17. Lakin iddiaçı ixtisasartırma kurslarda iştirak etməmiş, habelə praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasında iştirak üçün sənədlərini təqdim etməmişdir.

18. Cavabdeh orqan həmin səbəbləri iddiaçının sertifikasiya imtahanına cəlb edilməməsinin əsasları kimi irəli sürmüşdür.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Bənd 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Bənd 2.10. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir: 2.10.1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə; 2.10.2. şəxsiyyət vəsiqəsi və onun surəti; 2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti; 2.10.4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; 2.10.5. kadrlar uçotunun şəxsi vərəqəsi; 2.10.6. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti; 2.10.7. sağlamlıq haqqında arayış; 2.10.8. 3x4 ölçüdə 2 ədəd fotoşəkil. Surətləri ilə uzlaşdırıldıqdan sonra şəxsiyyət vəsiqəsi, ali və ya orta tibb təhsili haqqında sənəd (diplom), əmək kitabçası və ixtisasartırma kurslarını keçməsi barədə sənəd geri qaytarılır. Bənd 2.13. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında sertifikasiya imtahanının prosedur qaydaları, habelə tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı digər zəruri məlumatlar əks etdirilir.

20. Göründüyü kimi, iddiaçı ixtisasartırma kurslarına cəlb edilməsinə baxmayaraq, iştirak etmədiyindən, habelə praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasında iştirak üçün sənədlərini Nazirliyə təqdim etmədiyindən onun sertifikatlaşdırma imtahanına buraxılması mümkün olmamışdır.

21. Bununla da cavabdeh orqanın hər hansı hərəkəti yaxud hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması halı, başqa sözlə hüquqa müdaxilə müəyyən edilməmişdir.

22. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə maddi-hüquqi və faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

25. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar