Məhkəmə qərarları › İş №2-1(114)-1927/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1927/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1927/2021 24.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Gədəbəy rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gədəbəy rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 01.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, doğum akt qeydində düzəliş edilərək anadan olduğu yerin “Gəncə şəhəri” kimi qeyd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası Alıyeva (Məmmədova) Güləsər Tahir qızıdır. O, Gəncə şəhərində anadan olmasına baxmayaraq atası Gədəbəy rayonunda yaşadığı üçün onun doğum haqqında şəhadətnaməsi Gədəbəy rayon Qeydiyyat şöbəsindən alınmış, doğum yeri də “Gədəbəy rayonu” yazılmışdır. Halbuki, "xxxx" Həkim Sanitar Xidməti X8 Xəstəxanası MMC-nin xəstənin tibbi kartından çıxarışından görünür ki, X4 xx.xx.1995-ci il tarixdə kesəriyyə əməliyyatı keçirməklə Gəncə şəhərində uşaq dünyaya gətirmişdir. Hazırda iddiaçı doğulduğu yerin düzgün yazılması üçün Gədəbəy rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır, oğlu xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur, lakin oğlunun doğum akt qeydində doğum yeri səhv yazılmışdır. Cavabdeh Gədəbəy rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gədəbəy rayon Qeydiyyat şöbəsinin 24.08.2021-ci il tarixli, 05/Q-15/431 nömrəli məktubunun surətindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinə kifayət verən sənədlər olmadığına görə İddiaçı doğum akt qeydində doğum yerinə düzəliş edilməsinə dair ərizəsinin təmin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli 07.06.2012-ci il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, onun doğum yeri kimi “Gədəbəy rayonu, İnəkboğan kəndi” qeyd olunmuşdur. - İddiaçı məxsus 03.10.2008-ci il tarixli AZ İİ 132692 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, onun doğum yeri kimi “Gədəbəy rayonu, İnəkboğan kəndi” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 23.06.1998-ci il tarixli 197 nömrəli doğum akt qeydindən görünür ki, İddiaçı doğum yeri olaraq “Gədəbəy rayonu, İnəkboğan kəndi” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş "xxxx" Həkim Sanitar Xidməti X8 Xəstəxanası MMC-nin xəstənin ambulatonar tibbi kartından çıxarışdan görünür ki, X4 xx.xx.1995-ci il tarixdə kesəriyyə əməliyyatı keçirərək oğlan uşağı dünyaya gətirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Həkim Sanitar Xidməti X8 Xəstəxanası MMC-nin xəstənin tibbi kartından çıxarışda iddiaçının doğum yeri həmin xəstəxana göstərilməsinə baxmayaraq 23.06.1998-ci il tarixli doğum akt qeydində İddiaçı doğum yeri olaraq Gədəbəy rayonu, İnəkboğan kəndi qeyd olunmuşdur. Halbuki mövcud qanunvericiliyin tələblərinə görə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri, yəni hazırki halda “Gəncə şəhəri” göstərilməli idi. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvin düzəldilməsi və ona dəyişiklik edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməklə doğum yerinin “Gəncə şəhəri” qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum yerinin “Gəncə şəhəri” qeyd edilməsi öhdəliyi Gədəbəy rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar