Məhkəmə qərarları › İş №2-1(114)-1929/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1929/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1929/2023 19.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsinə icazənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsinə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları

1. X16 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. Bu barədə xx.xx.2010-cu il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində 351 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.

2. İddiaçı övladının soyadının dəyişdirilməsinə icazə verilməsi üçün Cavabdehnə müraciət etmiş və sonuncu xx.xx.2022-ci il tarixli məktubla qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.

3. İddiaçının cavabdeh orqana təkrar müraciətinə xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, bununla bağlı ona xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır.

4. X3 Rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində keçmiş həyat yoldaşı İddiaçı azyaşlı övladı X1 “Mustafayev” soyadına dəyişdirilməsinə etiraz etdiyini bildirmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı X2 dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X14 ilə rəsmi nikahda olmuşdur. Nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X17 adlı birgə övladları dünyaya gəlmişdir. Sonradan onların münasibətlərində soyuqluq yaranmış və rəsmi qaydada boşanmışlar. Onlar məhkəmə qaydasında boşanan zaman 46 manat məbləğində aliment müəyyən edilsə də, üçüncü şəxs bu günə qədər həmin alimenti ödəməkdən imtina etmişdir. Bundan başqa, o, uşaqla ünsiyyətdə olmaq barədə məhkəməyə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etmiş, lakin bu günə qədər o, uşaqla görüşməmişdir. Qeyd edilənlərə görə o, uşağın soyadının dəyişdirilməsi barədə cavabdeh orqana müraciət etsə də, heç bir araşdırma aparmadan onun müraciətindən imtina edilmişdir. Hesab edir ki, onun müraciətindən imtina edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Onun uşağın soyadının dəyişdirilməsi ilə bağlı tələbi haqlıdır. Soyadın dəyişdirilməsinə uşağın özü də razıdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı və onun vəkil olan nümayəndəsi, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbələri və ya mümkünsüzlüyü ilə bağlı heç bir məlumat verməmişdir.

17. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı və vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

19. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/69-160 nömrəli arayışı; - Cavabdeh xx.xx.2022-ci il tarixli CM-259-164 nömrəli və xx.xx.2023-cü il tarixli 5-45/2-M-3-164/2023 nömrəli məktubları; - Goranboy rayon İcra və probasiya şöbəsinin 13775/Z nömrəli arayışı; - Gəncə Dünya Məktəbinin xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışı; - X6 xx.xx.2022-ci il tarixli etiraz ərizəsi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatları dinləyib, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

22. İş materiallarından müəyyən olur ki, İddiaçı ilə X6 birgə nikahından xx.xx.2010cu il tarixdə X17 adlı övladları doğulmuş və bu barədə xx.xx.2010-cu il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində 351 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.

23. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, övladı X2 onun soyadına dəyişdirilməsinə icazə verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə xx.xx.2022ci il tarixli CM-259-164 nömrəli məktubla qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

24. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşağın soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilibverilməməsi səlahiyyətinin onun üzərinə qoyulmasına baxmayaraq, cavabdeh həmin maddənin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə riayət etməyərək iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli CM-259-164 nömrəli məktubunda nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır.

25. Eyni zamanda, müəyyən edilir ki, cavabdeh orqan yetkinlik yaşına çatmayan valideynin ərizəsinə baxılması üçün iclas təyin edərək, ərizəçinin və 10 yaşına çatmış X12 fikrini dinləmədən, soyadın dəyişdirilməsinin onun maraqlarına uyğun olub-olmamasını müəyyən etmədən əsaslandırılmamış məktubla məhkəməyə müraciət etməsini bildirmişdir.

26. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Maddə 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

27. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

28. Cavabdeh orqanın nümayəndəsi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı İcra Hakimiyyətinə dəvət olunmuş və azyaşlı övladının soyadının dəyişdirilməsinə etiraz etmişdir. Ona görə də iddiaçıya məhkəməyə müraciət etməsi ilə bağlı cavab verilmişdir. O, sədrlik edənin sualların cavab olaraq isə göstərmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyanın katibi o olmuş və iclas təyin edərək iddiaçı və övladını dinləmək üçün dəvət etmiş, onlar isə gəlməmişlər. O, tərəfləri zəng vasitəsilə çağırmış, X14 gəlmiş və yazılı ərizə təqdim edərək, uşağın soyadının dəyişdirilməsinə etiraz etdiyini bildirmişdir. Komissiya da uşağın soyadının dəyişdirilməsini məqsədəuyğun saymamışdır.

29. Lakin Komissiyanın iclas təyin etməsi, bu barədə ərizə vermiş şəxs kimi iddiaçını və 10 yaşına çatmış uşağı iclasa dəvət etməsi, uşağın soyadının dəyişdirilməsinə razılığının olub-olmamasını müəyyən etmək üçün həmin məsələyə münasibətini öyrənməsi öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi X8 iclasa gələrək uşağın soyadının dəyişdirilməsinə etiraz etdiyini bildirdiyi üçün Qəyyumluq və Himayəçilik Komissiyasının uşağın soyadının dəyişdirilməsini məqsədəuyğun saymadığını bildirsə də, iddiaçıya ünvanlanmış məktubda bu hal öz əksini tapmamışdır.

30. Yəni, Qəyyumluq və Himayəçilik Komissiyası X1 dəyişdirilməsini məqsədəuyğun saymadığı halda, bunun əsaslarını göstərməklə iddiaçıya verdiyi cavab məktubunda ona bildirməli idi.

31. Məhkəmə tərəfindən X16 iclasda dindirilmiş və o, bildirmişdir ki, hazırda Gəncə Dünya Məktəbinin 7-ci sinfində təhsil alır. Şəhadətnamədə atası kimi qeyd edilən X9 heç vaxt görməmişdir, onu ümumiyyətlə tanımır. O, tanımadığı şəxsin soyadını daşımaq istəmir və bunun üçün anasından xahiş etmişdir ki, onun soyadını öz soyadına dəyişdirsin. Atası heç vaxt onunla ünsiyyətdə olmaq, görüşmək üçün cəhd etməmişdir. Bugünədək onun tərbiyə və təhsili ilə anası məşğul olmuşdur.

32. İş materiallarında olan Goranboy rayon icra və probasiya şöbəsinin 13775/Z nömrəli arayışında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3183/2011 saylı 18 sentyabr 2011-ci il tarixli icra vərəqəsinə əsasən X5 bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ hissəsi və 46 manat sabit miqdarda alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sərdar Sadıqov xx.xx.2022-ci il tarixdən bugünə kimi heç bir aliment ödənişi etməmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 2(021)-178/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X6 xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlu X16 ilə görüşüb ünsiyyətdə olmasına dair tələbi qismən təmin edilmiş və Sərdar Sadıqov ayın birinci və üçüncü həftənin şənbə günləri saat 12:00-dan 14:00-dək oğlu X16 ilə görüşüb ünsiyyətdə olmasına şəraitin yaranması vəzifəsi İddiaçı üzərinə qoyulmuşdur. Sərdar Sadıqov bu müddət ərzində uşağı ilə ünsiyyətdə olması barədə müracət etməmişdir.

33. Məhkəmə qeyd edir ki, uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilib-verilməməsi cavabdeh orqanın diskresion səlahiyyətinə aid olmaqla, bu zaman uşağın mənafeyi və maraqları, habelə digər valideynin uşağın saxlanılmasında və tərbiyəsində iştirak etməsi müəyyən edilərsə onun rəyi (digər valideynin uşağın saxlanılmasında və tərbiyəsində iştirak etmədiyi müəyyən edildiyi halda isə onun rəyi məcburi deyil) nəzərə alınmalı olduğundan məhkəmənin hazırkı halda iddiaçının tələbinin təmin edilməsi yönündə qərar qəbul etməsi mümkün deyildir.

34. Belə ki, İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə.

35. Ailə Məcəlləsinin 54-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyi, valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll etdiyi, həmçinin digər valideynin üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almağın məcburi olmadığı təsbit olunmuşdur.

36. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı olduğu halda, bunu etməmiş və icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə müəyyən edilməli olan zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır.

37. Ona görə də, məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.

38. Bu zaman üçüncü şəxsin uşağın saxlanılmasında və tərbiyəsində iştirak edibetməməsi müəyyən olunmaqla, iştirak etdiyi halda həmin valideynin rəyi, xüsusilə isə uşağın mənafeyi və maraqları nəzərə alınmaqla, xx.xx.2010-cu il təvəllüdlü X1 dəyişdirilməsinə icazə verilməsi üzrə qərar qəbul edilməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla, cavabdeh Goranboy Rayon İcra Hakimiyətinin üzərinə İddiaçı uşağın soyadının dəyişdirilməsinə icazə verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar