Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1931/2020 19.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3981/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra işinin icraatının dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3981/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra işinin icraatının dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3981/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfində ki 0.0302 ha torpaq sahəsində yerləşən iddiaçı X1 xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündə torpaq sahəsi cavabdehlər İddiaçı və X5 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 kv.m ölçüsündəki torpaq sahəsi cavabdehlər İddiaçı və X5 hesabına əvvəlki vəziyyətinə gətirilərək torpaq sahəsinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlərin öz hesabına sökülməsi, 4560 kv.m ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus attraksionlar, aksessuarlar, avadanlıqlar, elektrik və suvarma qurğuları cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Həmin iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra məmuru İlkin Qədimov tərəfindən icraata qəbul edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi işin faktiki hallarını araşdıran zaman Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə xx.xx.2018-ci il tarixli sərəncamın ləğv edilməsinə istinad etmiş, bunu iddianın təmin edilməsi üçün əsas götürmüş və iddiaçının tələbini təmin etmişdir. O, həmin sərəncamın ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə onun iddiası rədd edilmişdir. Həmin iş üzrə apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış, apelyasiya məhkəməsinin qərarı isə Ali Məhkəmənin qərarı ilə ləğv edilərək yenidən baxılması üçün apelyasiya məhkəməsinə gödərilmişdir. Həmin işin baxılması yaxın günlərdə təyin ediləcək. Ona görədə hazırki iş ilə əlaqədar yekun qərar qəbul edilmədiyindən icra işinin icrasının dayandırılması üçün icra məmuruna müraciət etmiş, lakin icra məmuru İ/Q-85371/19 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubunda icra sənədinin icrasının dayandırılmasının mümkün olmamasını bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili)məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçının iddia ərizəsində göstərdikləri ilə icra sənədinin heç bir əlaqəsi olmadığından iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinəmüvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi(maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası(maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «icra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir". Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında qeyd edilmişdir ki, «İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1 -ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. "İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etməmiş, Gəncə İnzibati Məhkəməsində ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir, inzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır». Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh olunan mövqelərindən çıxış edərək qeyd olunanları hazırki işə tətbiq edərək hesab edir ki, iddiaçı sözügedən qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkətindən qətnaməni qəbul etmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3981/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra işinin icraatının dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1931/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1931/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver