Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1931/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və əvvəlki illər üçün ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-1969-cu illərin və həmin musiqi məktəbində 1967-1969-cu illərində müəllim-pedaqoq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon Musiqi Məktəbində həm əyani oxumuş, həm də 1967-1969-cu illərdə müəllim işləmişdir. Həmin iş stajı əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə Ağdam Musiqi Məktəbini bitirməyi barədə diplom almışdır. İddiaçı cavabdehə müraciət edərək təhsil illərinin iş stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı X2 ərizə verərək, 1965-1969-cu illərdə Ağdam rayon Musiqi məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və geriyə 3 il pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. X2 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1965-1969-cu illərdə əyani təhsil almışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının 1967-1969-cu illərə dair iş stajını qəbul edir, lakin 1965-1967-ci illəri əyani oxuması barədə arayış olmadığına görə qəbul etmir. Həmçinin 1990-1993-cü illərdə Rusiya Federasiyasında işlədiyinə görə həmin dövrü qəbul etmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 08 ay 23 gün təşkil edir: 1) xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən; xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; 2) xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 il 04 ay 11 gün; 3) xx.xx.1988ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; 4) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 05 il 08 ay 28 gün təşkil edir: 1) 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. 2) xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün: Qeyd edirik ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Л 432085 nömrəli diplomdan görünür ki, iddiaçı 1965-ci il tarixdən xx.xx.1969-cu il tarixinədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1967-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək işləmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan iddiaçının qiyabi təhsil almasını əsas gətirərək, həmin dövrü sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1965-1969-ci illərdə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilməlidir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 08 ay 23 gündür. İddiaçının təhsil illlər də nəzərə alınmaqla onun ümumilikdə 27 il 6 ay 13 gün sığorta stajı yaranmış olur. Yəni iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi tarixdən əvvəlki üç il müddətə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1931/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1931/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver