Məhkəmə qərarları › İş №2-1(114)-1932/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1932/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1932/2023 14.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin vəkil olan nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti araşdırma aparılmış və o, Daxili İşlər nazirinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən daxili işlər orqanlarından xaric edilmiş, xx.xx.2023-cü il tarixdə Post-patrul xidməti bölüyünün şəxsi heyəti ilə keçirilən sıra təlimatı zamanı RPŞ-nin rəhbərliyi tərəfindən DİN-in müvafiq əmrinə əsasən İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması ona elan edilmişdir.

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən Tərtər Rayon Post Patrul Xidmətində polis serjantı rütbəsində polis nəfəri kimi xidmətə başlamış, Ağdərə postunda xidmət aparmışdır. xx.xx.2022-ci il tarixdə xidməti yoxlama aparılan zaman onun xidmətdə olduğu ərazidə yol verdiyi nöqsanla bağlı DİN-nin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı ona suallar verilərək izahat almış və araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh rəisi onu dəvət edərək, həmin tarixdən işdən azad edildiyini bildirmiş və polis formasını və digər xidməti avadanlıqları təhvil verməsi tələb olunmuşdur. Onun işdən azad edilməsinin səbəbləri barədə rəsmi məlumat verilməsi, əmrin surətinin təqdim edilməsi üçün etdiyi müraciətinə Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmiş və xidmətdən xaric edilmiş əməkdaşlara əmrin surəti təqdim edilmir. Hesab edir ki, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkətə yol vermədiyindən onun “Daxili işlər orqanlarında xidmət keçmə haqda" Əsasnamənin 135-ci maddənin 9-cu bəndi (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) işdən azad edilməsi qanunsuz və əsassızdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçı həmin tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətində baş verən xəstəliklə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirərək, iclasın təxirə salınmasını xahiş etmiş, iddiaçının teleqramı nəzərə alınmaqla hazırlıq iclası xx.xx.2023-cü il tarixə salınmış, eyni zamanda iddiaçıya həmin tarixli sərəncam göndərilərək İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş və növbəti iclasadək tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünü hesab etdiyini təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi təklif olunmuşdur.

6. Cavabdehin vəkil olan nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə əvvəlki teleqramla eyni məzmunlu teleqram göndərərək, səhhətində yaranmış problemlə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

7. Məhkəmə iddiaçının teleqrama iclasa gələ bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sənəd əlavə etməməsini və əvvəlki məhkəmə iclasının da iddiaçının eyni məzmunlu teleqramına əsasən təxirə salınmasını nəzərə alaraq, hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. Cavabdehin vəkil olan nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu bildirmiş və onun təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

11. İddiaçı iddia ərizəsində Tərtər Rayon Post Patrul Xidmətində polis serjantı rütbəsində polis nəfəri kimi Ağdərə postunda xidmət aparmasını, xx.xx.2022-ci il tarixdə xidməti yoxlama aparılan zaman onun xidmətdə olduğu ərazidə yol verdiyi nöqsanla bağlı DİN-nin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşının ona suallar verilərək izahat aldığını və araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilmədiyini, xx.xx.2023-cü il tarixdə Cavabdeh rəisinin onu dəvət edərək, həmin tarixdən işdən azad edildiyini bildirməsini, lakin əmrin surətinin ona verilməməsini və daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkətə yol vermədiyini əsas gətirməklə, Cavabdeh xx.xx.2023-cü il tarixli işdən azad edilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Lakin məhkəmə sorğusu ilə əldə edilmiş məlumatlarla müəyyən olunur ki, İddiaçı Ağdərə postunda xidmət zamanı yol verdiyi əməllərə görə onun barəsində Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti araşdırma aparılmış və o, Daxili İşlər nazirinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir. Tərtər RPŞ-nin rəhbərliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Post-patrul xidməti bölüyünün şəxsi heyəti ilə keçirilən sıra təlimatı zamanı DİN-in müvafiq əmrinə əsasən İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması ona elan edilmişdir.

13. Yəni, İddiaçı iddiasında mübahisələndirdiyi daxili işlər orqanlarından xaric edilməsi barədə əmr xx.xx.2023-cü il tarixdə Cavabdeh rəisi tərəfindən deyil, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər naziri tərəfindən verilmişdir.

14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək aşağıdakılar bildirilmişdir: - Məhkəmə sorğusu ilə əldə edilmiş sənədlərlə müəyyən edilir ki, Siz Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilmisiniz. Belə olan halda Siz iddianızda Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2023-cü il tarixli əmrini mübahisələndirməlisiniz. Bu halda isə həmin tələb mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Post-patrul xidməti bölüyünün şəxsi heyəti ilə keçirilən sıra təlimatı zamanı RPŞ-nin rəhbərliyi tərəfindən DİNin müvafiq əmrinə əsasən daxili işlər orqanlarından xaric edilməniz elan edilmişdir. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülübötürülməməsi məsələsinin aydınlaşdırılması zəruridir. Odur ki, Sizdən həmin məsələyə növbəti iclasadək münasibət bildirilməsi tələb olunur. Eyni zamanda bildirilir ki, Sizin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnuz da vardır. - Odur ki, tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünüzü hesab etdiyiniz təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi Sizə təklif olunur.

15. Məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsini qanunun tələblərinə uyğunlaşdırmaq üçün lazımi hüquqi yardım göstərilməsinə və bunun üçün ağlabatan müddət verilməsinə baxmayaraq, iddiaçı xətaları aradan qaldırmamış, eyni zamanda məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, səhhətində yaranmış problemlə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

16. Lakin məhkəmə iddiaçının teleqrama iclasa gələ bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sənəd əlavə etməməsini və əvvəlki məhkəmə iclasının da iddiaçının eyni məzmunlu (yenə heç bir sənəd əlavə edilməmiş) teleqramına əsasən təxirə salınmasını nəzərə alaraq, hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

17. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmə iclasında iştirakından daha vacibi, tələbini dəqiqləşdirməklə bu barədə məhkəməyə ərizə təqdim etməsi olmuşdur. İddiaçıya hüquqi yardım barədə sərəncam iclasın tarixi və yeri barədə məhkəmə bildirişi ilə eyni vaxtda göndərilmiş, iclasın vaxtından xəbərdar olan iddiaçı həmin sərəncamı da almış, həmin sərəncamda qeyd edilənlər yerinə yetirilmədiyi halda İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd də edilmiş, buna baxmayaraq iddiaçı tələbini dəqiqləşdirməmişdir.

18. İddiaçının məhkəməyə iclasın təxirə salınması barədə teleqram ünvanlamaq imkanının mövcudluğu nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddiaçı hüquqi yardım sərəncamında qeyd edilənləri də yerinə yetirmək imkanına malik olmuş, lakin bunu etməmişdir.

19. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

20. Belə ki, iddiaçı tələbini dəqiqləşdirmədiyi üçün məhkəmə onun mövcud tələbinə baxmaqla, qiymət verməlidir. İddiaçı isə hazırkı tələbində Cavabdeh xx.xx.2023-cü il tarixli işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış müddət üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.

21. İddiaçının hazırkı iddiası əmrin ləğv edilməsi tələbinə münasibətdə mübahisələndirmə haqqında iddia növünə aiddir, digər tələblər isə həmin tələbdən doğan fakültativ tələblərdir.

22. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsində də inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir.

23. Bununla yanaşı mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə (inzibati orqan tərəfindən məhkəmə qərarının icrasına zərurət qalmadan) hüquqi vəziyyəti dəyişdirir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Əlverişsiz (yükləyici) inzibati aktın ünvanlandığı şəxs həmin inzibati akta qarşı mübahisələndirmə haqqında iddia qaldırmağa bütün hallarda səlahiyyətli olur. Çünki iddiaçının onun üçün əlverişsiz (yükləyici) nəticələr yaradan inzibati aktın ləğv edilməsinə dair maddi-hüquqi tələbi mövcuddur.

24. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifələr qoyan akt əlverişsiz (yükləyici) inzibati aktdır. Əlverişsiz (yükləyici) inzibati aktın qəbulu həmişə inzibati aktın ünvanlandığı vətəndaşın hüquqlarına müdaxilə deməkdir və mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, mübahisələndirilən inzibati akt iddiaçının hüquq və qanunla qorunan maraqlarını, başqa sözlə, iddiaçının (subyektiv) hüquqlarını pozsun.

25. Yuxarıda qeyd edilənlərlə (bənd 12) müəyyən edilir ki, iddiaçı daxili işlər orqanlarından Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə xaric edilmişdir. İddiaçının iddiasında mübahisələndirdiyi əmr - Cavabdeh xx.xx.2023cü il tarixli işdən azad edilməsi haqqında əmri isə mövcud deyildir.

26. Beləliklə, iddiaçının mübahisələndirdiyi əmr onun hüquqlarına müdaxilə təşkil etmədiyindən, onun hüquqlarını pozmadığından iddia mümkün hesab edilə bilməz.

27. İddiaçının işə bərpa edilmə və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi barədə tələbləri isə əmrin ləğv edilməsi tələbindən doğan fakültativ tələblər olduğundan onlar da müzakirə edilmədən mümkün sayılmamalıdır.

28. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar