Məhkəmə qərarları › İş №2-1(114)-1933/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1933/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1933/2022 14.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1977-ci ildən 1982-ci il tarixədək “1 May” kolxozunda və xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “1 May” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci il tarixdən 1982-ci il tarixədək “1 May” kolxozunda və xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “1 May” sovxozunda fəhlə işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh idarəyə müraciət etmişdir. 1977-ci il tarixdən xx.xx.1982-cü il tarixədək “1 May” kolxozunda və xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “1 May” sovxozunda fəhlə işləməyi əmək kitabçasında qeyd olunmasa da Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli K-1-306 saylı arxiv arayışlarında 1977-ci il tarixdən 1982-ci il tarixədək “1 May” kolxozunda əmək haqqı almağı, xx.xx.1982-ci il tarixdə 3 nömrəli əmrlə “1 May” sovxozuna fəhlə işinə qəbul edilməyi, həmçinin xx.xx.1987-ci il tarixdə 83 nömrəli əmrlə işdən azad olunması öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh orqan qeyd olunan iş stajının əmək kitaçasının surətində əks olunmadığını və 25 illik sığorta stajının olmamasını əsas gətirirək həmin illərin sığorta stajında daxil edilməsi və yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 1977-ci ildən 1982-ci il tarixədək “1 May” kolxozunda və xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “1 May” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya ümumilikdə 24 il 1 ay 5 gün faktiki sığorta stajı hesablanmış və bu da qanunvericiliklə pensiya təminatı üçün müəyyən olunmuş 25 il sığorta stajından azdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilən K-1-306 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına və Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçının “1 May kolxozu”nda 1977- 1982-ci illər üzrə 5 il 7 ay stajı müəyyən edilmişdir (120 adam günü normasına əsasən). Həmçinin, Dövlət X4 tərəfindən verilən K-1-134 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına və Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçıya 1983-1987-ci illərdə “1 May sovxozu”nda işlədiyi illər üzrə qazandığı əmək haqqı 1)1983 - 2 ay (yanvar-fevral ayları) 2) 1984 - 10 ay (yanvar, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr) 3) 1985 - 5 ay (yanvar, fevral, aprel, iyul, avqust) 4) 1986 – yoxdur 5) 1987 — yoxdur kimi müəyyən olunmuşdur. 1986 və 1987-ci illər üzrə əmək haqqı kitabları olmadığına görə həmin dövr sığorta stajı hesablanarkən nəzərə alınmır. 1988-ci il tarixdən 2006-ci il tarixədək olan iş dövrü sığorta stajı hesablanarkən nəzərə alınmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, k-1-306 nömrəli arayışlardan görünür ki, İddiaçı 1977-1982-ci illər ərzində «1 May» adına kolxozda işləyərkən əmək haqqı almış, həmçinin «1 May» adına sovxoza xx.xx.1982-ci il tarixli, 3 nömrəli əmrlə fəhlə vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1987-ci il tarixli 83 nömrəli əmrlə azad edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, k-1-134 nömrəli arayışda «1 May» adına sovxozun 1986 və 1987-ci illərə aid əmək haqqı kitablarının Filialda saxlanılmadığı qeyd edilmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 17 il 10 ay təşkil etdiyini, daha sonra məhkəməyə təqdim edilmiş etirazda isə 24 il 1 ay 5 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1988-2007-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 24 il 1 ay 5 gün olması göstərilmişdir. Bundan əlavə etirazda Azərbaycan Respublikası Dövlət X2 K-1-134 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına və Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçının 1983-1987-ci illərdə “1 May sovxozu”nda işlədiyi illər üzrə qazandığı əmək haqqı qeyd olunsa da 1986 və 1987-ci illər üzrə əmək haqqının olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət X4 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, k-1-134 nömrəli arayışda isə «1 May» adına sovxozun 1986 və 1987-ci illərə aid əmək haqqı kitablarının Filialda saxlanılmadığı göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarına əlavə edilmiş iddiaya etirazdan müəyyən olunur ki, iddiaçı 1977, 1978, 1980 və 1981-ci illər üzrə adam günü normasını tam yerinə yetirməklə 4 il əmək stajı qazanmış, 1979-cu ildə 107 gün və 1982-ci ildə 87 gün faktiki adam günü toplamışdır. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1979 və 1982-ci illər üzrə: 107+87=194; 194x12/120=19.4≈1 il 7 ay Bundan əlavə 1983-1987-ci illər üzrə cavabdeh etirazında 1983-cü il üçün 2 ay, 1984-cü il üçün 10 ay, 1985-ci il üçün 5 ay nəzərə alaraq həmin illər üçün 1 il 5 ay iş stajı, ümumilikdə 24 il 1 ay 5 gün iş stajı olduğunu qəbul etmiş, 1986 və 1987-ci illər üzrə əmək haqqı kitablarının olmaması, həmçinin əmək kitabçasında həmin illər üzrə qeydlərin olmamasını əsas gətirərək həmin illəri iş stajına daxil etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iki il üzrə yəni 1986 və 1987-ci illər üzrə əmək haqqı kitablarının Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməyərək yekun iş stajına əlavə edilməlidir. Çünki sözügedən əmək haqqı kitablarının arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə, iddiaçının 1977-1982-ci illər üzrə kolxozdakı iş stajı 5 il 7 ay, 1983-1987-ci illər üzrə sovxozdakı iş stajı 1986 və 1987-ci illər də tam nəzərə alınaraq 3 il 5 ay, 1988- 2006-cı illər üzrə isə iş stajı 17 il 1 ay hesablanmalıdır. Cavabdehin etirazında da görünür ki, iddiaçının 1986 və 1987-ci illər nəzərə alınmadan ümumilikdə 24 il 1 ay 5 gün cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 26 il 1 ay 5 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (62 yaş 6 ay) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1977-ci ildən 1982-ci il tarixədək “1 May” kolxozunda və xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “1 May” sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar