Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1934/2020 20.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı (üçüncü şəxslər X6 və X4) həqiqi hərbi xidmətə çağırılması vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin üzərinə qoyulması iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həqiqi hərbi xidmətə çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdə Ukrayna Respublikasının Donetsk Vilayətində doğulmuş, Hal-hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Atası (üçüncü şəxs X6) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İ qrup əlil olduğundan xx.xx.2020-ci il tarixdən İ qrup əlil olan atası X5 o, qulluq edir və İ qrup əlil olan atasına qulluğa görə 50 manat Prezident təqaüdü alır. Atası onu vətənpərvərlik ruhunda böyütdüyü üçün cəbhə bölgəsində ermənilərin atəşkəsi pozmasından narahat olduğundan könüllü olaraq ərazi bütövlüyümüzün bərpa olunmasıda iştirak etmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsini əsas tutaraq xx.xx.2033-cü il tarixədək ona müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyini bildirərək müraciətindən imtina etmişdir. Hazırda İ qrup əlil olan atası X5 qulluq etməyi atasının bacısı (üçüncü şəxs X4) öz öhtəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X6 iddia tələbinə etiraz etməyərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxs X2 məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X4 gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxs X1 şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2015-ci il tarixli 109237 nömrəli əlillik vəsiqəsi, xx.xx.2014-cü il tarixdə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 271 nömrəli arayışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Gəncə şəhəri Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli **********B nömrəli arayışı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 109237 nömrəli əlillik vəsiqəsinin kserosurətindən görünür ki, X5 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətə görə İ qrup müddətsiz əlillik verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2020ci il tarixli 271 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsini əsas xx.xx.2033-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Gəncə şəhəri Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli **********B nömrəli arayışından görünür ki, Sosial Ödənişlər Alt Sistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixdən 1-ci qrup əlil X5 qulluğa görə iddiaçıya Prezident təqaüdü təyin olunub və qanuna müvafiq ödəniş aparılır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun:- - 16-cı maddəsinə əsasən müddətli hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Müddətli hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir, həmin məsələdə-komissiya yalnız bu Qanunu rəhbər tutur. Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli hərbi xidmətə çağırılmamış şəxslər 26 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar. - 17-ci maddəsinə əsasən ailə vəziyyətinə görə çağırışa möhlət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan ailə üzvlərini saxlamaq vəzifəsini yerinə yetirən çağırışçılara bu ailə üzvləri ilə birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq aşağıdakı hallarda verilir: qüvvədə olan qanunvericiliyə uyğun olaraq ailə üzvlərini saxlamalı və onlara kömək göstərməli olan, bundan ötrü real imkanlara malik olan başqa şəxslər yoxdursa; çağırışla əlaqədar olaraq çağırışçı ailəsinin əmək qabiliyyəti olmayan hər bir üzvünün payına düşən orta gəlir onlar üçün nəzərdə tutulan dövlət yardımının bütün növləri nəzərə alınmaqla yaşadıqları bölgədəki fizioloji minimumdan aşağıdırsa; çağırışçı bu maddənin “a” və “b” bəndlərində göstərilmiş şəxslərə qulluq etməklə məşğuldursa. Çağırışçının ailə vəziyyətinə görə möhlət hüququ müəyyən edilərkən aşağıdakılar ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar: a) 18 yaşına çatanadək İ və İİ qrup əlil olmuş işləməyən qardaşlar və bacılar; b) pensiya yaşına çatmış, yaxud İ və İİ qrup əlil olan ata və ana. Bundan başqa, himayəsində aşağıdakı şəxslər olan çağırışçıların hərbi xidmətə çağırışçıların ailə vəziyyətinə görə möhlət verilir: 3 yaşınadək uşaq; 2 və daha çox uşaq; İ və ya İİ qrup əlil arvad; 8 yaşınadək iki və ya daha çox uşağı olan ana; valideynlərinin vəfat etməsi, sürəkli xəstəlik keçirməsi və ya başqa üzürlü səbəblərlə əlaqədar olaraq azı beş il ərzində çağırışçını himayəsinə almış şəxslər—bu maddənin birinci hissəsində və ikinci hissəsinin “b” bəndində nəzərdə tutulmuş şərtlərlə. Çağırışçı ailədə yeganə oğuldursa, bacılarının olub-olmamasından asılı olmayaraq ona ailə vəziyyətinə görə çağırışdan möhlət verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- - 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. - 19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara verilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. Bundan fərqli olaraq isə qanunvericilik qeyd olunan istisnalar (hazırki halda “ailə vəziyyətinə görə çağırışa möhlət”) baxımından həmin subyektlərə alternativ davranış imkanları da nəzərdə tutmuşdur və belə hesab olunmalıdır ki, həmin qaydalar hüquq subyektlərinə münasibətdə dispozitivdir. Belə ki, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə görə əlaqədar şəxslərin və sosial təminat orqanlarının notarius qaydasında təsdiq edilmiş sənədləri olduqda çağırışçının hüququ var ki, ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina etsin və müddətli hərbi xidmətə çağırılsın. Normanın məzmunundan da aydın olur ki, qanunverici çağırışçılara ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina, eləcə də müddətli hərbi xidmətə çağırılma hüququ tanımışdır və hazırda iddiaçı qeyd olunan hüququndan istifadə etmək, həmçinin möhlət hüququndan imtina etmək niyyətindədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbi ilə müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1934/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1934/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver