Məhkəmə qərarları › İş №2-1(114)-1936/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1936/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1936/2022 13.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********5 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş əlillik dərəcəsi 2019-cu ildən ləğv edilmiş, eyni zamanda ödənilmiş pensiya məbləğinin geri qaytarlması barədə qanunsuz qərar qəbul edilmişdir. İddiaçı və vəkili iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız edildiyi üçün nəticədə 6368 manat 54 qəpik məbləğində artıq alınmış vəsait yaranmışdır. Artıq ödənilmiş 6368.54 manat vəsaitin qaytarılması haqda iddiaçıya bildiriş göndərilmişdir. Lakin iddiaçı tərəfindən həmin məbləğin bərpası təmin edilməmişdir. İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmış və bununla Fondun büdcəsinə ziyan dəymişdir. Mübahisələndirilən qərar qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlillik təyin olunmuşdur. -surəti əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” **********5 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 6368.54 manat vəsaitin bərpasının icraya yönəldilməsi qərar alınmışdır . Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlillik təyin olunmuşdur. Daha sonra əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə etibarsız hesab edildiyindən ödənilmiş pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” **********5 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” **********5 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar