Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1936/2023 15.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna buraxılması və sertifikasiyaya cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna buraxılmasına və sertifikasiyadan keçməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona H.Zərdabi adına X2 İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) xx.xx.1983-cü il tarixli 3/98a saylı əmrlə “tibb bacısı” ixtisası üzrə şəhadətnaməsi verilmişdir. Belə ki, iddiaçı 1981-1985-ci illərdə həmin İnstitutda riyaziyyat ixtisası üzrə аli təhsil alaraq diplom almışdır. Bundan başqa o, həmin dövrdə tibb bacısı ixtisas üzrə natamam ali təhsil ixtisasının alına bilməsinə dair qüvvədə olan qanunvericilik əsasında həmin dövrdə, yəni 1981-1983-cü illərdə (3 il) həmin İnstitutda həm də tibb bacısı ixtisas üzrə natamam ali təhsil fənlərini keçmiş və 1983-cü ildə buraxılış imtahanını da müvəffəqiyyətlə verərək xx.xx.1983-cü il tarixli 3/98a saylı əmrlə “tibb bacısı” ixtisası üzrə şəhadətnaməsini almışdır. Yəni iddiaçı mövcud qanunvericiliyə əsasən “tibb bacısıdır”. İddiaçı təkmilləşmə kursunun keçirilməsi və sertifikasiya olunmağı barədə ərizə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə qarşı məhkəməyə etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1.3-2- 2022-18676 nömrəli məktubundan görünür ki, Gəncə Dövlət Universitetində keçirilən “Mülki müdafiə üzrə Tibbi biliklərin əsasları” proqramı orta ixtisas tibb təhsili hesab edilmədiyindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş şəhadətnamənin surətindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri üçün təsdiq olunmuş tədris planına uyğun olaraq “Mülki müdafiə üzrə Tibbi biliklərin əsasları” proqramını yerinə yetirdiyindən ona buraxılış komissiyasının 3/98a nömrəli, xx.xx.1983-cü il tarixli qərarı ilə “tibb bacısı” ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” qaydasının 1.1 bəndinə əsasən bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Həmin Qaydanın 1.2-bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”-nın giriş hissəsinin dördüncü bəndinə əsasən kitabçada hər bir vəzifənin (peşənin) tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir: - “Əmək funksiyası” bölməsində bu vəzifəni (peşəni) tutan işçinin yerinə yetirməli olduğu işlərin məzmunu; - “Bilməlidir” bölməsində işçinin səhiyyə sahəsinə aid qanunvericilik aktlarını, o cümlədən ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını bilməsi kimi tələblər; - “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin təhsilinə, ixtisasına və əlavə təhsilinə (peşə hazırlığına) olan tələblər öz əksini tapmışdır. Həmin kitabçanın İİ hissəsində Tibb Bacısının (Qardaşının) əmək funksiyası, bilməli olduğu tələblər və ödəniş dərəcələrinə ixtisas tələbləri müvafiq olaraq aşağıdakı kimi qeyd edilmişdir: Əmək funksiyası - Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir. Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır. Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. Bilməlidir - müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb bacısının (qardaşının) rolunu və vəzifələrini; tibb müəssisələrinin təşkilati strukturunu; tibb alətləri və avadanlıqları ilə iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri - səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsili. Beləliklə müəyyən olunur ki, tibbi bacısı üçün qanunvericiliklə tələb olunan ixtisas tələbi səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilidir. Lakin iddiaçı qeyd etdiyi bakalavr ali təhsili pilləsi üzrə “riyaziyyat” ixtisası üzrə təhsil alarkən “Mülki müdafiə üzrə tibbi biliklərin əsasları” proqramını yerinə yetirmiş, yəni mülki müdafiə sahəsində ilkin tibbi biliklərə yiyələnmişdir, həmin şəhadətnamə də məhz bu faktı təsdiq edir. Halbuki tibb bacısının (qardaşının) əmək funksiyası və bilməli olduğu tələblər qanunvericiliklə kifayət qədər genişdir, bunlar da yuxarıda sadalanmışdır. Odur ki, iddiaçı səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilini təsdiq edən deyil, sadəcə başqa ixtisas üzrə ali təhsil müddətində “Mülki müdafiə üzrə tibbi biliklərin əsasları” proqramını yerinə yetirmiş və bununla bağlı şəhadətnamə almışdır. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı “tibbi bacısı” üzrə orta ixtisas təhsilini almasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna buraxılması və sertifikasiyaya cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1936/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1936/2023
15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver