Məhkəmə qərarları › İş №2-1(114)-1938/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1938/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1938/2022 21.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin təsisçisi X3, onun vəkili X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin təsisçisi X3 Cavabdehnə qarşı “5 hektar torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin təsisçisi X5 Cavabdehnə qarşı “5 hektar torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar Bələdiyyəsinin 16 aprel 2004-cü il tarixli 68 saylı qərarı və 16 noyabr 2004-cü il tarixli icarə müqaviləsi ilə Qovlar Bələdiyyəsinin EF "Yonca yer" adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının becərilməsi, sahibkarlıq məqsədi üçün 15 il müddətinə 5 hektar torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq həmin torpaq sahəsində çoxillik meyvə bağı salınmışdır. Bundan başqa həmin torpaq sahəsində üzüm və cürbəcür meyvə ağaclarından ibarət bağların salınmasından Tovuz rayonu Qovlar Bələdiyyəsinin məlumatı vardır, həm də bağların salınmasından Tovuz rayonu Qovlar Bələdiyyəsinin işçilərinin xəbəri olmuşdur. Həmçinin torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilən zaman torpaq sahəsinin hər sotunun qiyməti 10 manat idisə, həmin torpaq sahəsinin "xxxx" MMC-nin becərməsi gücünə, yəni bol məhsul verməsi üçün yüksək səviyyədə gübrələnməsi, aqrotexiniki vasitələrlə keyfiyyətini (bondet balını) artırdığı üçün hal-hazırda həmin torpaq sahəsinin hər sotu qiyməti 100 manatdır. Bundan başqa, həmin bağların salınmasına 250000 (iki yüz əlli min) manatdan artıq şəxsi vəsait xərcləmişdir. Bundan başqa həmin torpaq sahəsində salınmış bağların suvarılmasını üçün n 70000 (yetmiş min) manat şəxsi vəsait hesabına artezian quyusu qazdırılıb, artezian vurulmuşdur. Həmin bağlar iddiaçının yeganə dolanışıq yeridir. Cavabdeh ilə "xxxx" MMCnin arasında bağlanmış müqavilənin müddəti bitdikdən sonra, yəni keçən müddət ərzində iddiaçı hər ildə 10 dəfədən çox şifahi müraciətinə, 2-3 dəfədə rəsmi yazılı müraciətinə baxmayaraq onunla yeni müqavilə bağlanmalı olduğu halda, yeni müqavilə bağlanmamamışdır. Bu qədər xərc çəkilib bağ saldığı torpaq sahəsi hazırda MMC-nin icarəsinə verilməli olduğu, yəni "xxxx" MMC ilə yeni icarə müqaviləsi bağlanmalı olduğu halda nədənsə bu məsələ Cavabdeh tərəfindən yubadılır və bu yubadılma davam etdirilir. Qanunverici normalara əsasən, müqavilə müddəti bitdikdən sonra bələdiyyə tərəfindən "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi əvvəlki icarə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmişdirsə, yəni müqavilənin şərtləri icarəçi "xxxx" MMC tərəfindən pozulmamışdırsa, bu yenidən icarə müqaviləsinin bağlanmasına əsas verir. Ancaq cavabdeh 5 ha torpaq sahəsindən iddiaçının çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin təsisçisi X3, onun vəkili X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçı ilə cavabdeh arasında 16 noyabr 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı 15 il müddət başa çatanadək, yəni 2019-cu ilin 16 noyabr tarixədək torpaq sahəsindən istifadə etmiş və həmin tarixdə torpaq icarə müqaviləsi müddəti başa çatdığına görə iddiaçının həmin torpaq sahəsinə hüququ, o cümlədən icarə hüququ aradan qalxmışdır. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 3-cü abzasına görə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində istifadə və ya icarə hüququna xitam verilir. İddiaçı hazırkı məzmunda iddia ilə məhkəməyə 2022-ci ilin iyul ayında, yəni müqavilə müddəti başa çatdıqdan sonra müraciət etmişdir. İcarə müqaviləsinin müddətinin başa çatması ilə iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxdığından, o, cavabdehin hərəkətinin onun hüquqlarını pozduğunu iddia edə bilməz. Digər tərəfdən, məhkəmə də onu da qeyd edir ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin təsisçisi X3 Cavabdehnə qarşı “5 hektar torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar