Məhkəmə qərarları › İş №2-1(114)-194/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-194/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-194/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 28.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə isə 10000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-yi yanında DSMF- nın Gəncə şəhər Kəpəz rayon şöbəsinə (hazırda DSMF-nin publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı) ərizə ilə müraciət edərək, vetaranlar üçün müavinət pullarının alınması hüququnun yarandığı andan müavinət pullarının hesablanaraq ona verilməsini xahiş etmişdir. Həmin vaxt onun ürəklə bağlı əməliyyata ehtiyacı olmuşdur. DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən daxil olmuş 29 mart 2019-cu il tarixli **********9 saylı cavab məktubla müraciəti əsassız olaraq təmin edilməmişdir. Odur ki, 19 avqust 2019-cu il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi məhkəməsinə müraciət etmiş və iddia qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmənin qərarına əsasən Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilmiş, məhkəmənin 19 aprel 2021-ci il tarixli 2-1(104)- 357 / 2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, 01 yanvar 2011-ci ildən 08 fevral 2014-cü il tarixədək olan dövrdə ödənilməmiş müavinətin hesablanaraq iddiaçıya verilməsi qanuna müvafiq hesab edilmişdir. X4 Məhkəməsinin 04 avqust 2021 -ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(104)-357/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin qanunuz hərəkətləri nəticəsində 28 mart 2019-cu il tarixdən 04 avqust 2021-ci il tarixədək olan müddətdə, demək olar 2 ildən çox bir müddətdə iddiaçı inzibati, apellyasiya məhkəmələrində, dəfələrlə Bakı şəhərinə gedərək Ali Məhkəmədə olmuş, bu müddətdə həm maddi, həm də mənəvi təsirlərə məruz qalmışdır. Bütün bunların nəticəsində diabet xəstəliyi, ürək çatmamazlığı, xroniki hipertoniya xəstəliyi daha da kəskinləşmiş, dəfələrlə müxtəlif xəstəxanalarda müalicə olmuş, o cümlədən ürək xəstəliyi ilə bağlı 24 aprel 2019-cu ildə X7 xəstəxanasında stasionar müalicədə olaraq, 2800 manat pul ödəyib ürək damarına stend qoydurmuşdur. Hazırda da müalicəsi davam edir. İddiaçı hesab edir ki, bütün bunlar Gəncə şəhər Kəpəz rayon şöbəsinin qanunuz hərəkətləri ilə bilavasitə əlaqədar baş vermişdir. DSMF-nin publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının qanunuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərəri 5000 manat, mənəvi zərəri isə 10000 manat dəyərində qiymətləndirir və bu barədə rəsmi olaraq DSMF-nin publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etmiş, müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, cavabdehdən 5000 manat maddi, 10000 manat mənəvi ziyana görə pul tələb etmişdir, belə ki, cavabdeh orqan əsassız olaraq 3 instansiyada məhkəmə mübahisəsi yaratdığına görə əsəbləşmiş, bu səbəbdən də infarkt keçirmiş və maddi ziyana düşmüş, eləcə də cavabdehin qeyd olunan qanunsuz hərəkətlərinə görə mənəvi iztirablar keçirmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01.12.2014-cü ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçıya 08.02.2014-cü il tarixdən xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun maddələrinə əsasən İddiaçı 01.12.2014-01.04.2019-cu illərdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməmiş və 01.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində təqaüd ödənilir. Bundan əlavə 2-1(104)-357/2021 nömrəli məhkəmə qərarı ilə iddiaçıya veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün müharibə verteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Fondun 18 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. Bu qərarın icrası məqsədilə 888.58 manat 2021-ci ilin sentyabr ayından qanuna müvafiq olaraq ödənilir. Qeyd olunanlardan göründüyü kimi Fondun 18 saylı regional ərazi filialının qərarları və hərəkətləri qanuna müvafiq olmuş və hər hansı qanunsuz qərar və hərəkətlə müşayiət olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş 24.04.2018-ci il tarixli PTCA-Stent protokolundan görünür ki, İddiaçı X6 Xəstəxanasinda perkutan koronar girişim (PCİ) tətbiq edilmişdir. - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin 29.03.2019-cu il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı əvvəlki dövr üçün müavinət təyin edilməsindən imtina edilmişdir. - surəti işə əlavə edilmiş 24.04.2019-cu il tarixli koronar angioqrafiya protokolundan görünür ki, İddiaçı X5 Mərkəzində angioplastika tətbiq edilmişdir. - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 22.10.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı barəsindəki X4 Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2021-ci il tarixli 2-1(102)-1299/2021 nömrəli qərarı icra edilir və qanunamüvafiq qaydada ödəniş həyata keçirilir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana 28.03.2019-cu il tarixdə müraciət etmiş, sonuncu tərəfindən 29.03.2019-cu il tarixdə, yəni 1 gün sonra **********9 nömrəli məktubla onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən 08.11.2019-cu il tarixdə qərar verilmiş, iddiaçının səhhətində problemlər isə 24.04.2019-cu il tarixdə yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının səhhətində əvvəllər də bu problem olmuşdur. Belə ki, o, 24.04.2018-ci il tarixdə də ürək problemi ilə bağlı səhiyyə orqanına müraciət etmiş və perkutan koronar girişim (PCİ) tətbiq edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarında cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi təsdiq edilsə də, iddiaçı məhz cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçının ona vurulmuş mənəvi zərərin ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmaması maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci cü maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar