Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1940/2025 24.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ləğv edilmiş əlilliyi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı, xx.xx.1971-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. O, 1992-ci ildə Hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci ildə müharibədə düşmən tərəfindən atılan artilerya mərmisinin partlaması zamanı “Sağ əlin ön sətinin yaralanması ilə dəri defekti, sağ əlin İİİ-İV daraq sümüklərinin çoxqəlpəli sınığı, sağ əlin İ-V-ci barmaqlarının açıcı kontrakturası, sağ əlin iri həcmli çapığı, sağ mil sinirinin postravmatik neyropatiyası. Xronik pielonevrit tez-tez kəskinləşmələrlə xroniki anemiya”. Travması ilə xx.xx.1992-ci il tarixə kimi AR X4 və ortopediya institutunda stasionar müayinə və müalicə olunmuşdur. Müalicə olunduqdan sonra, AR MN-nin MHHK-nin 59 nömrəli qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bundan sonra 2014-cü ildən ona 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı stasionar müalicə olunsa da, səhətində heç bir müsbət irəliləyiş olmamışdır. Xəstəliyi ilə bağlı iş qüvvəsini itirdiyi üçün heç bir yerdə işləyə bilmir. 2021-ci ilin oktyabr ayından pensiyası dayandırılmışdır. İddiaçının 2021-ci il dekabr ayında və 2022-ci ilin avqust ayının 01-də əlillərin bərpa mərkəzində və travmatologiya institunda həkim müayinəsi zamanı əlilliyi ilə bağlı həkim sənədləri və digər xəstəlik sənədləri yazılsa da, 2022-ci il sentyabr ayının 9-da ona imtina cavab məktubu göndərilmişdir. AR Elmi Tədqiqat travmatalogiya və ortopediya institutunda müayinədən keçən zaman xəstəliyi ilə bağlı yazılmış həkim rəyi və forma 88 tibbi sənədi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərilsə də, bu günə kimi cavabdeh orqan səhlənkarlıq edərək iddiaçının heç bir sənədinə baxmadan nə də ki, onu təkrar əyani müayinədən keçirmədən imtina yazaraq geri qaytarmışdır. Cavabdeh orqanın səhlənkarlığı nəticəsində səhv olaraq yazdıqları cavab məktubundan sonra iddiaçının əlilliyi ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya yazılmış imtina məktubunda onun xəstəliyi tamlıq və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, 2014-cü il tarixdən 2021-ci il tarixə kimi Bakı şəhərində və Tərtər RMX-da müalicə olsa da səhətində heç bir müsbət irəlləyişlər yoxdur. Bu günkü gündə də xəstəlikdən əziyyət çəkir. Onun pensiyası dayandırıldıqdan sonra müalicə olunmaq üçün iynə və dərmanlarını ala bilmir. Odur ki iddiaçı hesab edir ki, cavabdehin imtina qərarı mahiyyəti üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-43/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)422/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-43/2024 nömrəli qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə göndərmiş, ərizədə qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunur. Buna görə də iddia müddətini üzrlü səbəbdən buraxmışdır. Odur ki, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1940/2025 nörməli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmasını üzrlü səbəb hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. İşin halları xx.xx.2015-ci il tarixli qiymətləndirmə nəticəsində “Sağ əlin odlu silah yaralanması nəticəsində sağ əlin İİİ-İV daraq sümüklərin çox qəlpəli sınığından sonrakı hal. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı. Nevrasteniya” Diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Biləyin və əlin digər hissələrinin açıq yarası. Sağ əlin odlu silah yaralanması nəticəsinin qalıq əlamətləri. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ əlin tutma funksiyasının pozulması. Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək və əl səviyyəsində travması. Sağ mil sinirinin posttravmatik nevropatiyası. Sağ əldə hərəki və hissi pozulmalarla. Hipertrofik çapıq. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması. Sağ əlin İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. Sağ əlin İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. Sağ əlin İİ-V barmaqların açıcı kontrakturası. Sağ əlin İİİ/İV daraq sümüklərinin pis bitişməsinin sinastozu. Ağrı sindromu/ Sağ əlin ön səthinin iri həcmli çapığı. Sağ mil sinirinin Posttravmatik neyropatiyası. Xroniki pielonefrit tez-tez kəskinləşmələrlə. Xroniki anemiya.” Diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2022ci il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2021-ci il tarixli göndərişə Diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh tərəfindən əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixdə SMS göndərilsə də, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, həmin vərəqin çap tarixi xx.xx.2022-ci il tarixdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən iddiaçının xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə məlumatı olmuşdur. Lakin iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2022ci il tarixdə poçt vasitəsilə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə əlaqədar müalicə olunmuşdur. Buna görə də iddia müddətini buraxmışdır. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Hazırkı iş üzrə məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi səbəbi üzrlü hesab edilmir. Belə ki, iddiaçı xəstəliyi ilə əlaqədar müalicə aldığını bildirsə də, həmin müddətdə müalicə almasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xəstəliyinə uyğun olaraq “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva