Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1941/2025 15.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı qeydiyyat nişanının təhkim edilməsi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özünə məxsus nəqliyyat vasitəsinə **-OO-*** dövlət qeydiyyat nişanının verilməsini tələb edir, cavabdeh isə imtinasını iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmaması ilə əsaslandırır. Bununla bağlı, məhkəmə xüsusi olaraq qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli olduğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Həmçinin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da müəyyən edilir. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona məxsus olmayan, dövlət mülkiyyətində olan əşyanı (dövlət qeydiyyat nişanını) tələb etməkdə subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. Bundan başqa, hazırkı qərarın 16-17-ci bəndlərində qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan dövlət qeydiyyat nişanın verilməsi qaydalarında şəxsin istəyinə uyğun olaraq konkretləşdirdiyi dövlət qeydiyyat nişanın verilməsi nəzərdə tutulmamışdır. Belə ki, “X1” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində müəyyən edilmiş yerlərdə bərkidilmiş fərdi qeydiyyat nişanıdır. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Dövlət qeydiyyat nişanında hazırda iki rəqəm (region kodu), iki hərf və üç rəqəm formatından istifadə olunur. Rəqəm və hərf qrupları defislə bölünür. İlk iki rəqəm avtomobilin qeydiyyat rayonunu bildirir. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan həmin öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanın verilməsi anlamında təfsir oluna bilməz. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1341/2023 saylı qərarında yuxarıda qeyd olunan mövqe ifadə olunmuşdur. Bu baxımdan şəxs dövriyyəyə buraxılmamış arzuladığı rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanını tələb hüququna istinad etməkdə haqlı sayıla bilməz. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1941/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1941/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver