Məhkəmə qərarları › İş №2-1(114)-1943/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1943/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1943/2021 30.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 07.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, şəhid ailəsi kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 06.10.2020-ci il tarixdə döyüş tapşırığını icra edərkən Talış-Suqovuşan istiqamətində şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə şəhid ailəsi olaraq mənzil növbəsinə götürülərək mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunda qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əri öldükdən sonra atası ilə əvvəllər başlamış münaqişə böyümüş, ona görə də atasının evindən qeydiyyatdan çıxmış, qonşuluqda, yəni M.Şəfi küçəsi 1 ünvanda yaşayan ərinin Amin adlı dostu onu öz evinə qeydiyyata salmış, lakin Aminin anası onu məhkəmə yolu ilə qeydiyyatdan çıxartdırmışdır. Hazırda kirayədə yaşayır. Bundan əlavə cavabdehin qeyd etdiyi fərdi yaşayış evi “Abbas Səhhət” deyilən ərazidədir, evin sənədi yoxdur, Cavabdeh göstərişi ilə həmin evin pəncərəsi və dam örtüyü inşa edilmişdir, lakin hazırda yaşayış üçün yararsızdır, həmçinin qaynanası ilə münasibətləri normal deyil və ev təmir olunacağı təqdirdə onunla birlikdə həmin evdə yaşamaq mümkün deyil. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bilirmişdir ki, iddiaçı tərəfindən Cavabdehnə təqdim olunan sənədlərdən görünür ki, İddiaçı atası X5 məxsus ünvan 1 ünvanda yerləşən üç otaqlı, yaşayış sahəsi 75.7 kv.m olan evdə qeydiyyatda olmuşdur və 5 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yaşayır. Atasının yeganə varisi olmasına baxmayaraq, yuxarıda qeyd olunan ünvandan öz istəyi ilə pasport qeydiyyatından çıxaraq qonşu ünvana, yəni M.Şəfi küçəsi 1 ünvana qeydiyyata alınmış, sonradan isə Gəncə İnzibati-Məhkəməsinin 25.05.2021-ci il tarixli qərarı ilə bu evdən qeydiyyatdan çıxarılmış və H.Əliyev prospekti 265 (Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi) ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi üçün beş ildən tez olmayaraq uçota götürülə bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 01.12.2020-ci il tarixli, AZ-İİ 140198 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 05.10.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində ölmüşdür. -surəti işə əlavə edilmiş 25.01.2021-ci il tarixli, 001245 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 31.08.2021-ci il tarixli **********16 nömrəli məktubundan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Qeydiyyat sistemində məlumat yoxdur. -Evlər üçlüyünün 01.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami küçəsi 42 nömrəli evdə yaşayır. -surəti işə əlavə edilmiş 16.03.2004-cü il tarixli, 28 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış evi X4 adına qeydə alınmışdır. -Cavabdeh başçısının Aparatının 27.08.2021-ci il tarixli, Q-127/3-068 nömrəli məktubundan görünür ki, İddiaçı mənzil uçotuna götürülməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı şəhid ailəsi üzvü olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəhid ailəsi üçün nəzərdə tutulan müvafiq güzəştlər və bundan irəli gələn münasibətlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. -4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. -5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsi üzvüdür və bu hal işin mübahisəsiz halıdır. Hazırki iddia ilə iddiaçı şəhid ailəsi üzvü olmaqla qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadə etmək niyyətindədir. Cavabdeh orqan etiraz dəlillərində iddiaçının atası X5 məxsus ünvan 1 ünvanında yerləşən üç otaqlı yaşayış sahəsində qeydiyyatda olması və 5 nəfə ailə üzvü ilə birlikdə həmin ünvanda yaşamasını, atasının yeganə varisi olmasına baxmayaraq, yuxarıda qeyd olunan ünvandan öz istəyi ilə pasport qeydiyyatından çıxaraq başqa ünvanına qeydiyyata düşməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət kimi qiymət verərək iddianın əsaslı olmadığını bildirmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin hər hansı ünvanda pasport qeydiyyatda olması, heç də bütün hallarda həmin ünvanın şəxsin şəxsin yaşayış yeri hesab edilməsini ehtiva etmir, həmçinin onun hər hansı ünvanda qeydiyyatda olması qanunvericiliklə təsbit edilmiş hüquqlarının reallaşdırılmasına mane ola bilməz. Belə ki, müvafiq orqandan əldə edilmiş məlumatdan da aydın görünür ki, iddiaçının Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Qeydiyyat sistemində heç bir məlumat yoxdur. Deməli, iddiaçı həqiqətən də yaşayış sahəsinə ehtiyacı olan şəxsdir və mövcud qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalıdır. Bundan əlavə, iddiaçı şəhid ailəsi üzvü olmaqla yaşayış sahəsi ilə birinci növbədə təmin olunmalı şəxslərin dairəsindədir. Bu səbəbdən də cavabdeh orqanın ehtimallara əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının ailə üzvləri (övladları) ilə birlikdə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı ailə üzvləri (övladları) ilə birlikdə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar