Məhkəmə qərarları › İş №2-1(114)-1943/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1943/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1943/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövrlər üçün sosial müavinətin ödənilməsi iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövrlər üçün sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı M/V 059111 №-li müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçı ötən dövr üzrə ona ödənilməmiş sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 311834/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, ona xx.xx.2014-cü il tarixindən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixədək tam məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Buna müvafiq olaraq ona xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2017-ci il tarixində verildiyindən, eyni zamanda ona xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövrlər üzrə sosial müavinət təyin edilərək ödənildiyi üçün müraciətdə qeyd olunan dövrlər üzrə müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək hesablanıb verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılarla aparılan döyüş əməliyyatlarında 1992-1994-cü illər ərzində iştirak etdiyi üçün xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən № 059111 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. O, noyabr 2023-cü il tarixdə əvvəlki illərə ödənilməli olan sosial müavinətin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən dekabr 2023-cü il tarixli məktub vasitəsi ilə həmin müavinətin verilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

7. Cavabdeh iclasda nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə şifahi məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh orqanın iddianın mümkün sayılmaması barədə xx.xx.2024-cü il tarixli ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Filialda iddiaçının müraciəti araşdırılarkən ona qeyd etdiyi dövr üzrə ödəniş edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı daha əvvəl ona müvafiq dövrlər üzrə müavinət verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-494/2019 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə sosial müavinət ödənilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə sosial müavinət ödənilsə də, eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin ərizəni müdafiə etdiyini bildirərək, iddia mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. İddiaçı öz tələbində veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək hesablanıb verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh orqanın iddianın mümkün sayılmaması barədə xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, Filialda iddiaçının müraciəti araşdırılarkən ona qeyd etdiyi dövr üzrə ödəniş edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı daha əvvəl ona müvafiq dövrlər üzrə müavinət verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-494/2019 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə sosial müavinət ödənilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə sosial müavinət ödənilsə də, eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə tərəfindən cavabdeh orqanın ərizəsinin dəlillərinin araşdırılması məqsədilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair 2-1(83)- 662/2018 saylı iş arxivdən çıxarılaraq öyrənilmiş və həmin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı Gəncə İnzibati-İtqisadi Məhkəməsində iddia qaldıraraq, xx.xx.2005ci il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan, lakin verilməmiş sosial müvainətlərin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)- 662/2018 saylı qərarı ilə həmin iddia mümkün sayılmamışdır. X2 Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(104)-406/2018 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-662/2018 saylı qərarı ləğv edilməklə, iddia qismən təmin edilmiş və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək İddiaçı müharibə veteranı kimi sosial müavinətlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(102)-494/19 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(104)-406/2018 nömrəli qərarın icrası xx.xx.2019-cu il tarixdən təmin olunur. Hesablanmış məbləğ aylar üzrə bölünərək hər ayın üzərinə bir aylıq qalıq məbləğ əlavə olunaraq ödəniş təmin olunur.

17. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

19. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

20. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

21. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

22. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar