Məhkəmə qərarları › İş №2-1(114)-1943/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1943/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1943/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı adının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 17.07.2017-ci il tarixli ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.2017-ci il tarixdən Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpaz vəzifəsində, xx.xx.2019-cu il tarixdən Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpaz vəzifəsində xidmət etdiyi, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (ştat ixtisarı ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixində Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının 5-ci dərəcəli baş aşpazı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-25-2/2-T-106xx-xx/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə "Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirdiyinə, qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqəsində döyüş təminatlarına dair fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənmədiyinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

3. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, hərbi hissəyə ünvanlanan “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan mülki işçi İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissədə işləmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən İİ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur.

4. Məhkəmənin sorğusuna AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-7326/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmənin sorğusunda adları göstərilən X3, X7, X8, X4, X10 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və tərəflərindən “Müharibə veteranı” vəsiqəsi hazırlanaraq təqdim edilmişdir.

5. Məhkəmənin sorğusuna AR Müdafiə Nazirliyinin N №-li hərbi hissənin cavab məktubunda vətəndaş İddiaçı, X1, X5, X6, X2 və X9 hərbi hissə komandirinin xx.xx.2022ci il 352 nömrəli əmrinə əsasən əmək müqavilələrinə xitam verilmişdir. Adları çəkilən vətəndaşların müharibə veteranı adı verilib-verilməməsi ilə bağlı və “Vətən Müharibəsi”ndə iştirakı ilə bağlı döyüş əmrində və nizami hissə üzrə əmrlərində heç bir məlumat yoxdur. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi siyahısına ad və soyadının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsində işləmişdir. N №-li hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə o da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşdur. 44 gün ərzində o demək olar ki, N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı madditexniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmişdir. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının katibi polkovnik-leytenant Rasim İsmayılovun imzası ilə ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-2/2-T-106xx-xx/2024 № məktubla (bu məktub ona xx.xx.2024-cü ildə çatdırılmışdır) imtina cavabı verilmiş və imtina məktubunda onun N saylı hərbi hissədə fəaliyyətinə dair məlumat müvafiq əmrlə təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuygun hesab edilməmişdir ki, qanunsuz olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

15. İddiaçı məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. İddiaçı izahatında iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə daxil olmuş və Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 3-25-2/2-T-106xx-xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı barəsində təqdim olunmuş sənədlərdə 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirdiyinə, qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqəsində döyüş təminatına dair fəaliyyəti əmrlərlə təsdiqlənmədiyindən, Əsasnamənin 10-cu və 11-ci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsinə görə iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə, habelə təltif olunmadığına və yaralanmadığına görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

19. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Madditexniki təminat bölüyünün təsərrüfat taqımının aşpaz vəzifəsində, xx.xx.2019-cu il tarixdən Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpaz vəzifəsində xidmət etdiyi, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (ştat ixtisarı ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixində Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının 5-ci dərəcəli baş aşpazı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Döyüş əməliyyatlarında maddi-texniki təminatında iştirak etdiyini əsas gətirməklə müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli 3-25-2/2-T- 106xx-xx/2024 nömrəli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, barəsində təqdim olunmuş sənədlərdə "Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirdiyinə, qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqəsində döyüş təminatlarına dair fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənmədiyinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Həmçinin məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, hərbi hissəyə ünvanlanan “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan mülki işçi İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissədə işləmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən İİ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur.

20. Məhkəmə aşağıdakılara görə iddia tələbini əsassız sayır, cavabdehin imtinasını isə əsaslı hesab edir.

21. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

24. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

25. Hazırki işdə isə iddiaçının N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirməsinə, qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqəsində döyüş təminatlarına dair fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənmir.

26. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölüyünün təsərrüfat taqımında aşpaz vəzifəsi fəaliyyət göstərmiş, yəni Vətən Müharibəsi zamanı həmin hərbi hissədə öz vəzifələrini icra etmişdir. Yəni, hərbi hissələrin qida ilə təmin olunması onun əmək funksiyası (vəzifəsi) olmuşdur.

27. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

28. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar