Məhkəmə qərarları › İş №2-1(114)-1946/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1946/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1946/2020 10.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialına qarşı pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya vəsaitinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş pensiya vəsaitinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsində fəhlə, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək həmin idarədə sürücü vəzifəsində işləmiş, bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Həmin idarədə peşə xəstəliyinə tutulmuş, bu səbəbdən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli müayinə rəyi ilə ona 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixdən ona təyin olunmuş pensiya heç bir əsas olmadan ləğv edilmiş, bununla da cavabdeh orqan onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən onun iş stajının yerində qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün əmək pensiyasının ləğv edildiyi bildirilərək, artıq ödənilən vəsaitin geri qaytarılması tələb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2 nömrəli Gəncə Tikinti- Quraşdırma İdarəsi 2008-ci ilədək fəaliyyət göstərmişdir, idarə “xxxx” ASC-yə, ondan əvvəl isə “Azəriqazbaştikinti” BTİİ-yə tabe olmuşdur. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Nazirliyin yoxlaması nəticəsində şöbədə aparılan araşdırma zamanı iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 2 nömrəli Gəncə Tikinti- Quraşdırma İdarəsində işlədiyi iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ona xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyası ləğv olunmuşdur. Qeyd olunan müəssisə 2002-ci ildə fəaliyyətə başlayıb, ona görə də iddiaçının 1990-cı ildən həmin müəssisədə işləməsi ilə bağlı arqumentləri əsaslı ola bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2019cu il tarixli, **********4 nömrəli bildirişindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsində işlədiyi iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ona xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyası ləğv olunmuşdur. -İddiaçı məxsus xx.xx.1990-cı il tarixli, ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsində işləmiş, həmçinin xx.xx.1999-cu il tarixdən QAZ 29-31 markalı, ** AB *** dövlət nömrə nişanlı avtomaşına sürücü keçirilmişdir. -Dövlət X1 xx.xx.2019-cu il tarixli, 131/3 nömrəli məktubundan görünür ki, 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsinin arxiv sənədləri sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. -Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/312 nömrəli məktubundan görünür ki, 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsi 1996-1999 və 2002-2005-ci illərdə fəaliyyət göstərmiş, 2000-2001-ci illərdə isə idarənin fəaliyyət göstərməsi, yaxud istehsal fəaliyyəti ilə məşğul olub-olmaması müəyyən olunmamışdır. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubundan görünür ki, 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsi tərəfindən 2004-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. -Baş Dövlət X3 xx.xx.2020-ci il tarixli, 016-96962-1220 nömrəli məktubundan görünür ki,”QAZ-31029” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2002-ci il tarixdən “Azəriqazbaştikinti” Baş Tikinti İstahsalat İdarəsinin adında qeydiyyatdadır. -2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsinin əmək haqqının hesablanmasının uçotu kitablarının surətlərindən görünür ki, İddiaçı 2004-2005-ci illərdə əmək haqqı almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 2 nömrəli Gəncə Tikinti- Quraşdırma İdarəsində işlədiyi iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ona xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyası ləğv olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən əmək kitabçası əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd hesab olunur və məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 nömrəli Gəncə Tikinti- Quraşdırma İdarəsinin arxiv sənədləri arxiv filialına təhvil verilməmişdir. Bu hal isə iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, müvafiq sorğular nəticəsində müəyyən olunmuşdur ki, 2 nömrəli Gəncə Tikinti-Quraşdırma İdarəsi həqiqətən 1996-2005-ci illərdə fəaliyyət göstərmişdir. İddiaçının qeyd olunan müəssisədə işləməsi ona məxsus əmək kitabçası ilə də təsdiq olunur. Göründüyü kimi yuxarıda qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiyasının bərpası baxımından da onun maraqlarına uyğundur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: ikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar