Məhkəmə qərarları › İş №2-1(114)-1946/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1946/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1946/2021 01.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 08.05.2021-ci il tarixli, **********730800 nömrəli qərarının ləğv edilməsi və hesablanmış 11.863.50 manat vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı fərdi sahibkar İddiaçı «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarla 2020-ci il hesabat dövrü üçün 11.863.50 manat gəlir vergisi hesablanmışdır. Qərarla razılaşmayan İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 07.09.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən kameral vergi yoxlamasının nəticəsinə dair 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarın və bununla bağlı 13.07.2021ci il tarixli **********621400 nömrəli «inzibati şikayətin təmin edilməməsi haqqında» qərarının ləğv olunmasına və hesablanmış 11.863.50 manat vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət göstərdiyi dövrdə qanunla nəzərdə tutulan bütün vergiləri, sosial ödəmələri vaxtı-vaxtında ödəmiş, hazırki işlə əlaqədar 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Vüsal Məmmədov tərəfindən imzalanmış 08.05.2021-ci il tarixli, **********730800 saylı qərarına əsasən, güya kameral vergi yoxlamaları nəticəsində “Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin "Xammal və materiallar" (1226.3-cü), “Malın dəyəri" (1226.4-cü), "Enerji xərcləri" (1226.7-ci), "Qaz xərcləri" (1226.8-ci), "Yanacaq xərcləri" (1226.9-cu), "Su və kanalizasiya xərcləri" (1226.10-cu), "Rabitə xərcləri" (1226.11-ci), "Mühafizə xərcləri" (1220.12-ci), "Reklam xərcləri" (1226.14-cü), bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), "Digər xərclər" (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2099681.27 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (29590.00 manat), cari ərzində əldə edilmiş e-qaiməfakturaların və alış aktlarının məbləği (2093285.30 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat), cəmi məbləğindən (2122875.30 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (25556.10 manat) çıxılması nəticəsində yaranan (2097319.20 manat) məbləğin müqayisəsi nəticəsində 2362,07 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bu əsasla da 08.05.2021-ci il tarixli, **********730800 saylı qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı 11.863.50 manat müəyyən edilmişdir. Firmaya qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə cavabdehə ünvanlanmış məktublara müsbət cavab verilməmiş, qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı yuxarı orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yazdığı şikayətə cavabdeh 13.07.2021-ci il tarixli **********621400 saylı qərarı ilə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 19.05.2021-ci tarixli inzibati şikayətinin təmin edilməməsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarın dəyişdirilmədən saxlanılması, 11 saylı Ərazi Vergilər Baş İdarəsinə fərdi sahibkar İddiaçı maliyyə itkisinə məruz qalmasının aradan qaldırılması məqsədilə vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üzrə məlumatlandırma işlərinin aparılmasının təmin edilməsi qərara alınmışdır. Cavabdehin 08.05.2021-ci il tarixli, **********730800 nömrəli qərarı və bununla bağlı olan 13.07.2021-ci il tarixli, **********621400 saylı qərarı ilə razılaşmır. Belə ki, həmin qərarda hansı qanuna əsasən borcunun yaranması və hansı əsasla vergidən yayınması barədə heç bir qeyd yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) X3 dəqiqləşmə barədə ərizə verərək, cavabdehin 08.05.2021-ci il tarixli qərarının ləğv edilməsi və hesablanmış 11.863.50 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. 01.11.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) X3 təkrar dəqiqləşmə barədə ərizə verərək, cavabdehin 08.05.2021-ci il tarixli, **********730800 nömrəli qərarının ləğv edilməsi və hesablanmış 11.863.50 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 01.11.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, vergi ödəyicisinə «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 01.04.2021-ci il tarixli **********047400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab verilmədiyindən və təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən gəlir vergisi bəyannaməsi üzrə 2020-ci il üçün vergi ödəyicisinin bəyan etdiyi 8364.33 manat gəlir vergisi məbləğindən əlavə 11.863.5 manat hesablama aparılmaqla «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» 08.05.2021-ci il tarixli **********730800 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən əsas fəaliyyət növü «ixtisaslaşdırılmış mağazalarda motor yanacağının pərakəndə satışı» olmaqla 2020-ci il üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin kameral yoxlanması zamanı gəlirdən çıxılan xərclərin uçot-baza məlumatlarına əsasən xərc maddələri üzrə yoxlanması zamanı 2020-ci il üzrə alınmış malın dəyəri (Maddə 1226.4) 2036672.99 manat olduğu halda vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə alınmış malın dəyərinin 2095990.53 manat göstərilməsi müəyyən edilmişdir. Vergi ödəyicisinin ümumi xərclərinin öz təsdiqini tapmayan 2095990.53-2036672.99=59317,54 manat məbləğində azaldılması hesabına vergiyə cəlb edilməli gəlirinin 59317,54 manat, gəlir vergisinin isə 59317,54*20%=11863,51 manat məbləğində azaldılması müəyyən edildiyindən həmin məbləğdə əlavə gəlir vergisi hesablanmış, alınmış qaiməfakturaların tərkibi araşdırılarkən həmin mal və xidmətlərin aşağıdakı kimi, "xxxx" ASC - 2890.74 manat, «Azərbaycan Metrologiya İnstitutu» X9 - 330.70 manat, "xxxx" MMC - 800 manat, "xxxx" MMC - 356 manat, X4 - 60000 manat və "xxxx" QSC - 2031952.39 manat olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilən xərclərdən "xxxx" ASC-nə ödənilmiş 2890.74 manat enerji xərcinin və "xxxx" MMC-nə ödənilmiş 800 manat xərcin isə digər xərclər kimi müvafiq olaraq 1226.7 və 1226.15 nömrəli xərc maddələrində ayrıca göstərildiyini, 2020-ci ilin əvvəlinə mal qalığının 29590 manat, 2020-ci ilin sonuna mal qalığının isə 25556.10 manat olduğunu nəzərə alsaq 1226.4 nömrəli «Malın dəyəri» maddəsində göstərilməli olan xərclərin məbləği 330.70+356+2031952.39+(29***-*******)=2036672.99 manat olduğu halda vergi ödəyicisi tərəfindən bu məbləğ 2095990.53 manat göstərilməklə gəlirdən çıxılan xərclərin məbləği əsassız olaraq 59317,54 manat artırılmışdır. Vergi ödəyicisi tərəfindən xərclərinin 59317.54 manat artıq göstərilməsinə səbəb isə qanunvericiyin tələblərinə zidd olaraq X4 tərəfindən verilmiş elektron qaimə-fakturalara əsasən 60000 manat məbləğin malın dəyərinə salınması və həmçinin xərclərin hesablanmasında 682.46 manat səhvə yol verilməsi olmuşdur. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, topdansatış və pərakəndə satış tarifləri»nə əsasən Aİ-92 avtomobil benzinin 1 ton üçün şikrətdaxili tarifi 398.46 manat, aksiz dərəcəsi 65 faiz, aksiz məbləği 259,00 manat, təchizat tarifi 15,00 manat, topdansatış tarifi 790,80 manat, yol vergisi 26,20 manat, pərakəndə satış tarifi 917,00 manat (1 litr- 0,70 manat), dizel yanacağının isə 1 ton üçün şirkətdaxili tarifi 413.10 manat, aksiz dərəcəsi 18 faiz, aksiz vergisi 74,36 manat, təchizat tarifi 15,00 manat, topdansatış tarifi 590,20 manat yol vergisi 23,80 manat, pərakəndə satış tarifi 714,00 manat (1 litr- 0,60 manat) təsdiq edilmişdir. 14.07.2017-ci il tarixli 8 nömrəli Qərarı ilə «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsinin 2-ci sətrində dəyişikliklər edilmiş və Aİ-92 avtomobil benzinin şirkətdaxili tarifi 619,36 manat, aksiz dərəcəsi 42 faiz, aksiz məbləği 260,13 manat, təchizat tarifi 15,00 manat, topdansatış tarifi 1 052,80 manat, yol vergisi 26,20 manat, pərakəndə satış tarifi 1 179,00 manat təsdiq edilmişdir. Bu qərar 15.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. 1 ton Aİ-92 avtomobil benzininin 1.052.80 manat və 1 ton dizel yanacağının 590.20 manat topdansatış qiymətlərinə 15.00 manat təchizat xərcləri, yəni həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər daxil edilmişdir. Odur ki, İddiaçı tərəfindən neft məhsullarının onun pərakəndə satış obyektinə daşınması xərclərini yenidən malın dəyərinə daxil edilməsi qanunvericiliyə zidd olaraq eyni xərcin vergi ödəyicisi tərəfindən 2 dəfə nəzərə alınması ilə nəticələnmişdir. İddiaçı "xxxx" QSC tərəfindən neft məhsullarının 2020-ci il ərzində təqdim edildiyini təsdiq edən elektron qaimə-fakturalara əsasən Aİ-92 markalı benzin və dizel yanacağı topdansatış tarifinə uyğun qiymətlərlə (Aİ-92 markalı benzinin topdansatış qiyməti Vİİ sütun+Vİİİ sütun=1.052,80+26.20=1.079,0 manat/ton və Dizel yanacağının topdansatış qiyməti Vİİ sütun+Vİİİ sütun=590,20+23,80=614,0 manat/ton) təqdim edilmişdir. Həmin qiymətlərin tərkibində isə hər ton üçün təchizat tarifi də olduğundan İddiaçı tərəfindən təkrarən yanacağın özünün pərakəndə satış obyektlərinə daşınması üçün nəqliyyat xərclərini malın dəyərinə təkrarən salması xərclərin süni şəkildə artırılması yolu ilə vergidən yayınma sxemi kimi qiymətləndirilməlidir. EBAP seriyalı 57 nömrəli, 24.08.2020-ci il tarixli elektron qaimə-faktura ilə İddiaçı 20,14 ton dizel yanacağı hər tonunun qiyməti (10071,42+1812.85+479,24)/20,14=614,0 manata (malın dəyəri+ƏDV+yol vergisi), 13,91 ton Aİ-92 yanacağı hər tonunun qiyməti (12413.23+2234,38+364,52)/13,91=1.079.0 manata (malın dəyəri+ƏDV+yol vergisi) təqdim edilmişdir. Tarif Şurası tərəfindən yanacağın hər tonunun pərakəndə satış məntəqələrinə qədər təchizat (çatdırılma) (nəqliyyat, yükləmə, boşaltma və s.) xərcləri 15.0 manat müəyyən olunduğunu, İddiaçı yanacaqdoldurma məntəqəsinə daşınan yanacağın bir reysinin tutumunun qaimə-fakturalara əsasən 34.0 ton olduğunu nəzərə alsaq, nəqliyyat xərcləri 34.0x15.0=510.0 manatdan çox olmamalıdır. Lakin, X4 tərəfindən İddiaçı təqdim olunmuş elektron qaimə-fakturalara əsasən yanacaq daşınmasının bir reysi (34,0 ton) üçün 800,0 manat məbləğində daşınma xərcləri göstərilmişdir. İddiaçı tərəfindən malın (yanacağın) dəyərinin 59.317,54 manat artırılması nəticəsində ödənilməli olan gəlir vergisinin məbləği 59.317,54x20%= 11.863,51 manat azaldılmışdır. Yükdaşıma fəaliyyəti ilə məşğul olan X4 tərəfindən isə daşımalar üzrə ödəniməli olan sadələşdirilmiş verginin məbləği daşınan yanacağın miqdarından asılı olmamaqla sadəcə yanacağın daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin yükgötürmə tutumundan asılıdır və yükdaşımaya görə onlara ödənilən haqqın miqdarının artması ödənilməli verginin məbləğini artırmır. İddiaçı tərəfindən özündə daşınma xərclərini də ehtiva edən topdansatış qiymətləri ilə avtomobil yanacağı alınmasına baxmayaraq təkrar şişirdilmiş qiymətlərlə daşınma xərclərinin malın dəyərinə əlavə olunmaqla rəsmiləşdirilməsi vergidən yayınma sxemi kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə mübahisə İddiaçı ilə "xxxx" QSC arasında yaranmış münasibətlərdən irəli gələn məsələlərə görə yaranmışdır. Tarif (Qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarına və "xxxx" QSC tərəfindən İddiaçı təqdim edilmiş elektron qaiməfakturalara əsasən təchizat tarifi ilə müəyyən olunan xərclər "xxxx" QSC-yə aid olduğu üçün dizel yanacağının hər tonu 614,0 manata, Aİ-92 yanacağının isə hər tonu 1.079,0 manata təqdim edilmişdir. Ancaq işin faktiki hallarından da göründüyü kimi "xxxx" QSC daşımanı özü həyata keçirmədiyi halda qiyməti Tarif (Qiymət) Şurasının qərarına əsasən tənzimlənən dizel yanacağının hər tonu 614,0 manata, 92 yanacağının isə hər tonunu 1.079,0 manata təqdim etmişdir ki, həmin məbləğlərin tərkibində olan təchizat tarifi (hər ton üçün 15 manat) olan xərclər nəzərə alındığından və qanunvericiliyə əsasən İddiaçı pərakəndə satış obyektinə yanacağın çatdırılması öhdəliyi "xxxx" QASC-nin üzərinə düşdüyündən İddiaçı tərəfindən yenidən həmin təchizat tarifi hər ton üçün hətta həmin məbləğdən (Tarif Şurası tərəfindən hər ton üçün təchizat tarifi 15 manat müəyyən edildiyi halda, İddiaçı tərəfindən hər ton yanacağın təkcə daşınma xərci 800,0 manat/34,0 ton=23,50 manat göstərilmişdir) də çox olmaqla xərclərinə aid etmişdir. Yanacaq məhsullarının onun pərakəndə satış obyektinə daşınması onun hesabına həyata keçirilmiş, lakin neft məhsullarının "xxxx" QSC tərəfindən İddiaçı təqdim edilməsini təsdiq edən elektron qaimə-fakturalardan və qanunvericiliyin tələbindən belə müəyyən olunur ki, neft məhsullarının İddiaçı pərakəndə satış obyektinə daşınması "xxxx" QSC-nin hesabına həyata keçirilmişdir. Neft məhsullarının 2020-ci il ərzində İddiaçı təqdim edilməsini təsdiq edən elektron qaimə-fakturalarda təqdim edilmiş neft məhsullarının satış qiymətinə çatdırılma ilə bağlı xərclər (hər ton üçün 15 manat təchizat tarifi) əlavə edilmişdir. "xxxx" QSC İddiaçı təqdim etdiyi elektron qaimə-fakturalara əsasən daşımanı öz hesabına həyata keçirməli olduğu üçün neft məhsullarını daşıma xərclərini əlavə etməklə İddiaçı təqdim etmiş, İddiaçı isə daşımanı özü hesabına həyata keçirdiyini iddia edərək yanacaq məhsullarını əslində özünün pərakəndə satış obyektində təhvil almalı olduğu olan qiymətə aldığından hazırkı mübahisə yaranmışdır. Göründüyü kimi iddiaçının iddiasının dəlilləri işin faktiki hallarına və qanunvericiliyin tələblərinə zidd olmaqla hüquqi şəxslər arasında yaranmış münasibətlərdən irəli gələn hal olduğu nəzərə alınmadığından vergi orqanının qəbul etdiyi qərarının ləğv olunmasının iddia olunması əsassız və qanunsuzdur. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X5 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 08.05.2021-ci il tarixli **********730800 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, iddiaçının cavabdehə ünvanlandığı 19.05.2021-ci il tarixli məktub, 13.07.2021-ci il tarixli **********621400 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar, 30.01.2014-cü il tarixli, 140030 saylı kommersiya konsessiyası (subfrançayzinq) müqaviləsinə dəyişikliklər edilməsi barədə 22.04.2019-cu il tarixli 17 nömrəli müqavilə, Lukoyl-Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, ZC-02/164 nömrəli məktub və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia aşağıdakılara görə əsaslıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı 12.12.2012-ci il tarixdə (VÖEN) ********** nömrə ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 31.03.2021-ci il tarixdə 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı xərclər bölməsində qeyd edilmiş xərc məbləğlərinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2020-ci il üçün vergi ödəyicisinin bəyan etdiyi 8364.33 manat gəlir vergisi məbləğindən əlavə 11.863.50 manat hesablama aparılmaqla «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» 08.05.2021-ci il tarixli **********730800 nömrəli Qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsində 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən xərclərin "xxxx" QSC-dən (VÖEN: **********) alınmış neft məhsullarının daşınmasına çəkilən xərclər olduğunu bildirmişdir. Daha sonra iddiaçı barəsində qəbul edilmiş 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarın ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yazdığı şikayətə həmin qurum tərəfimdən 13 iyul 2021-ci il tarixli, **********621400 saylı qərarla fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 19.05.2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.05.2021-ci il tarixli **********730800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış 22.04.2019-cu il tarixli 17 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsinin 3.1.3-cü bəndinə əsasən subfrançayz alan şirkətin firma adından və logotipindən istifadə etməyi və yalnız subfrançayz verənin yanacağını satmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1.13-cü bəndinə əsasən subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir. Həmin müqavilənin 4-cü bəndinin müddəalarına əsasən müqavilə üzrə təqdim olunan malların topdansatış qiymətləri ilə yanaşı, bir ton Aİ-92 və dizel yanacağı üçün ƏDV daxil 23,6 manat, “Premium EURO 95” yanacağı üçün ƏDV daxil 15 manat komissiya haqqının subfrançayz verənin hesabına ödənilməsi öhdəliyi müəyyənləşdirilmişdir. Komissiya haqqına subfrançayz verənin bu müqavilənin icrası ilə bağlı bütün çəkdiyi xərclər daxil edilir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, fərdi sahibkar İddiaçı aldığı neft məhsullarının avtosisternlə daşınması iddiaçı tərəfindən həyata keçirilmiş və müvafiq xərclər iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" QSC-i tərəfindən fərdi sahibkar İddiaçı ünvanlanmış 13.04.2021-ci il tarixli ZC-02/164 nömrəli məktubdan görünür ki, "xxxx" QSC-i ilə fərdi sahibkar İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli 190108 nömrəli kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsinin 3.1.13-cü bəndinə əsasən subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir, yəni yanacağın daşınma xərcləri iddiaçı tərəfindən təmin olunur. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (Vergi Məcəlləsinin 37.1-ci maddəsi). Kameral vergi yoxlaması vergi ödəyicisi tətəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa dıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (Vergi Məcəlləsinin 37.2-1-ci maddəsi). Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir (Vergi Məcəlləsinin 37.3-cü maddəsi). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 37.4-cü maddəsi). İddiaçı tərəfindən təqdim edilən elektron qaimələrdən görünür ki, iddiaçının aldığı neft məhsullarının avtosisternlə daşınması iddiaçı tərəfindən həyata keçirilmiş və müvafiq xərclər iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə cavabdehin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarına əsasən daşınma xərclərinin ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının müəyyənləşdirilən satış qiymətinə daşınma xərclərinində daxil edilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçı ilə "xxxx" QSC arasında 22.04.2019-cu il tarixli 17 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndindən görünür ki, subfrançayz alan, yəni sahibkar-fiziki şəxs İddiaçı neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Qeyd olunan müqavilə ilə subfrançayzinq verən, yəni "xxxx" QSC-nin subfrançayzinq alanı neft məhsulları ilə təchiz etməsi Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarının təsiri altına düşmür. Belə olan halda cavabdehin söüqgedən qərara istinad edərək iddiaçıya əlavə vergi hesablaması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14.01.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2 maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq norinalannm pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələbinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarınm öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində hesablanmış 11.863.50 (on bir min səkkiz yüz altmış üç manat, 50 qəpik) manat vergi borcunun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 08.05.2021-ci il tarixli, **********730800 nömrəli qərarı ilə iddiaçıya hesablanmış 11.863.50 manat vergi borcu silinməlidir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 08.05.2021-ci il tarixli **********730800 nömrəli qərarı ləğv edilsin və həmin qərarla iddiaçıya hesablanmış 11.863.50 (on bir min səkkiz yüz altmış üç manat, 50 qəpik) manat vergi borcu silinsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar