Məhkəmə qərarları › İş №2-1(114)-1947/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1947/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1947/2024 01.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında AZ-İ № 429160 nömrəli, AZ-İ № 588459 nömrəli və AZ-İİ № 123013 nömrəli şəhadətnamələrlə müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı3 ataları X6, anaları X1r.

2. Seriya AA459456 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məcburi köçkün statusu və vəsiqəsi verilmişdir.

3. X4 Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə övladlarına məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi barədə etdiyi müraciətinə sonuncunun xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı3 anası X2 qeydiyyatı Göygöl rayonu, Qırıqlı Ə/D, Qırıqlı kəndində olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir.

4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar cavabdeh orqan tərəfindən məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsini tələb edirlər.

9. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

10. Hazırkı işdə isə iddiaçıların belə bir imtinası mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqana hazırkı iddiaçıların atası X6 müraciət edərək, övladlarına məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Lakin iddiaçılardan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatmış şəxs olduqlarından cavabdeh orqana özləri müraciət etməlidirlər. Digər iddiaçı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı3 isə yekinlik yaşına çatmadığından onun qanuni nümayəndəsi kimi atası müraciət edə bilərdi.

11. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

12. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş iddiaçılar Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər.

13. Belə ki, iddiaçıların hərəsi özünə münasibətdə məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edirlər ki, bu halda onlar birgə iddiaçı kimi iddia qaldıra bilməzlər.

14. Belə olan halda isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar iddianın mümkün sayılmamasına əsas verir.

15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar