Məhkəmə qərarları › İş №2-1(114)-195/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-195/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-195/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və vətəndaşlığa mənsubiyyətin tanınması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixili ******* saylı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarının ləğv edilməsi və onun (İddiaçı) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş, 1993-cü ilin aprel ayının əvvəlində erməni təcavüzü nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 2001-ci ilədək müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmış, maddi durumu aşağı olduğu üçün işləmək məqsədilə 2001-ci ildə SSRİ-nin ümumvətəndaş posportu ilə Rusiya Federasiyasına getmiş və həmin ilin noyabr ayında X2 oblastında müvəqqəti yaşamaq üçün qeydiyyata düşmüş, 2004-cü ilin iyul ayında isə həmin oblasta daimi yaşayış icazəsi almışdır. O, 2001ci ilədək, yəni Azərbaycan Respublikasını tərk edənədək Azərbaycan Respublikasında yeni növ şəxsiyyət vəsiqələri verilməmiş, həmçinin ümumvətəndaş posportu olmamışdır. Lakin onun Azərbaycan Respublikasının vətəndaşı olduğunu təsdiq edən sənədlər mövcuddur. 2001-ci ilədək Mədəniyyət və Turizim Nazirliyinin Kəlbəcər rayon Mədəniyyət şöbəsinin Susuzluq kənd Kitabxanasının müdiri vəzifəsində işləmiş, Kəlbəcər rayon Susuzluq kənd X9 üzrə nümayəndəliyinin 2 saylı təsərrüfatbaşına kitabında təsərrüfat başçısı kimi daimi qeydiyyatda olmuşdur. Həmçinin hərbi biletində daimi qeydiyyatı Kəlbəcər rayonunun Yanşaq kəndi olmuş, həmin fakt 2004-cü ilədək, yəni Rusiya Federasiyasında qeydiyyata durduğu günədək qüvvədə olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli ******* saylı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarına əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyi üçün müraciəti təmin edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli ******* nömrəli qərarı, xx.xx.2020-ci il tarixli AZ-İV 433442 nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.1971-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 120 və 121 nömrəli arayışları, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Susuzluq kənd X7 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 72 nömrəli və xx.xx.2020-ci il tarixli 98 nömrəli arayışları, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 01839-2169 nömrəli məktubu, Dövlət Miqrasiya Xidmətinin Sərhədkeçmə cədvəli, xx.xx.2015-ci il tarixli P RUS ********* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportu və cavabdehin xx.xx.2020-ci il tarixli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli ******* nömrəli qərarından görünür ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyi üçün xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İş materiallarına əlavə edilmiş Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 433442 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan xx.xx.1971-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin 26-cı səhifəsindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunda qeydiyyata durmuş, xx.xx.2004-cü il tarixdə isə Rusiya Federasiyasının VK Kalininskoqo rayonu Tverskoy oblastında (ВК Калининского района Тверской области) qeydiyyata durmuşdur. İş materiallarına əlavə edilmiş Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 120 və 121 nömrəli arayışlarından görünür ki, X1 rayon Susuzluq kənd X7 üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 1991-1995-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabda 464 saylı şəxsi hesab nömrəsində ailə başçısı olmaqla ailə üzvləri ilə məcburi köçkün kimi qeydiyyatda olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Susuzluq kənd kitabxanasının müdiri vəzifəsində işləyərək əmək haqqı aldığı müəssisənin əmək haqqı ödənişi cədvəllərində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Susuzluq kənd X7 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 72 nömrəli və xx.xx.2020-ci il tarixli 98 nömrəli arayışlarından görünür ki, nümayəndəliyin sabiq sakini X4 1993-cü ilin aprel ayının əvvəlində ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində yaşadığı Susuzluq kəndindən məcburi köçkün düşmüşdür. 2001-2005-ci illəri əhatə edən 2 saylı təsərrüfatbaşına kitabın 4-cü səhifəsində 85 saylı şəxsi hesabda təsərrüfat başçısı kimi daimi qeydiyyatda olmuş, 2001-ci ilin dekabr ayının 17-də təsərrüfatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 01839-2169 nömrəli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin Sərhədkeçmə cədvəlindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı İddiaçı ********* nömrəli pasport ilə xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək Gürcüstan və Rusiya Federasiyasına giriş-çıxışı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli P RUS ********* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportundan görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilmsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası (bundan sonra mətndə Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmişdir. «Qayda»nın:- - 1.1-ci bəndinə görə bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti «Vətəndaşsızlığın ixtisar edilməsi haqqında» 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (Qaydanın 1.2-ci bəndi). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (Qaydanın 1.3-cü bəndi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (Qaydanın 2.1-ci bəndi). Şəxsin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir (Qaydanın 2.2 və 2.2.1-ci bəndləri). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün «Qayda»nın 3.4-cü bəndində tələb olunan sənədlər siyahısında bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) göstərilmişdir. Göründüyü kimi «Qayda»nın yuxarıda qeyd olunan bəndinin tələbinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd sübut hesab olunur. Məhkəmə xx.xx.2020-ci il tarixli sərəncamla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsinə sorğu verərək İddiaçı xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında pasport qeydiyyatında olub-olmaması barədə məlumat verilməsini xahiş etmiş, sorğuya verilən xx.xx.2020-ci il tarixli 01839-2169 nömrəli cavab məktubunda sorğu edilən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumatın müəyyən edilmədiyi bildirilmişdir. «Qayda»nın 4.1-ci bəndinə görə aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda (Qaydanın 4.1.1-ci bəndi) Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır (Qaydanın 4.3-cü bəndi). «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, (hazırkı işdə şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi əsası) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (Qaydanın 4.4-cü bəndi). İddiaçıya məxsus xx.xx.2015-ci il tarixli P RUS ********* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportundan görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. «Qayda»nın:- - 3.11-ci bəndinə görə Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (Qaydanın 3.13-cü bəndi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər (Qaydanın 5.1-ci bəndi). Yuxarıda şərh olunanlara, yəni iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə sübut olmaması, digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmaması əsaslarına görə məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdehin xx.xx.2020-ci il tarixli ******* nömrəli qərarı əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixili ******* saylı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarının ləğv edilməsi və onun (İddiaçı) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar