Məhkəmə qərarları › İş №2-1(114)-1950/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1950/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1950/2022 06.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X5 iştirakı ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı X6 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum X4, mərhum X2 və ona məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən tikiliyə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X3, mərhum həyat yoldaşı X1 və onun mülkiyyətində Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində 25 sot həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin və üzərində yerləşən tikilinin səndələşdirilməsi üçün cavabdeh idarəyə müraciət etmişdir. Lakin cavabdeh idarə tərəfindən həmin torpaq sahəsinin 0.02 ha hissəsindən və yarımçıq tikilinin 23 kv.m-dən ibarət hissəsindən elektrik xəttinin mühafizə zolağında yerləşdiyi üçün ərizəsi qəbul edilməmişdir. 1965-ci ildən həmin torpaq sahəsində yaşayır. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarı ilə 25 sot torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2011-ci ildə A № 346786 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Yuxarda qeyd olunanlardan da göründüyü kimi cavabdeh idarənin imtinası əsassızdır. Hesab edir ki, qeyd olunan torpaq sahəsinə müvafiq çıxarış verilməldir. Ona görə də hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X6 ona və ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 56 nömrəli qərarı ilə ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən tikiliyə çıxarışın verilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, mütəxəssis tərəfindən ölçü işləri aparılarkən torpaq sahəsinin və tikilinin üzərindən 10 kvluq yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizəsinin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazlarını bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 06 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Tərtər Rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 666 nömrəli və xx.xx.2022 tarixli, 66 nömrəli arayışlar, xx.xx.2021-ci il tarixli ərizə, Şəmkir rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 1350 nömrəli məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********76 nömrəli məktubu, xx.xx.2011-ci il tarixli, A 346786 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.2022-ci il tarixli, AZ-İ 196708 nömrəli təkrar şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, 5376 nömrəli və xx.xx.2022-ci il tarixli, 1357 nömrəli arayışlar, təsərrüfatbaşına kitabdan çıxarışın təsdiqlənmiş surəti, xx.xx.1998-ci il tarixli, 56 nömrəli protokolun təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarı ilə Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 25 sot torpaq sahəsi X3, X1 və X5 mülkiyyətinə verilmişdir. İddiaçı həmin mülkə mərhum anasının adına çıxarış verilməsi və əmlakın qeydiyyata alınması üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli məktubu ilə digər vətəndaş tərəfindən inşa edilmiş yarımçıq tikilinin bir hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi və torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi əsas gətirilərək, əmlakın qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materiallarına əlavə olunmuş; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, digər vətəndaş tərəfindən inşa edilmiş yarımçıq tikilinin bir hissəsi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşir. Bundan başqa torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Həmin torpaq sahəsinin 0.02 ha hissəsi və iddiaçıya məxsus olan ümumi sahəsi 23 kv.mdən ibarət olan yarımçıq tikili isə bütövlükdə qeyd olunan elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin a yarımbəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 1-20 kv gərginlikli xətlərdə elektrik şəbəkələrinin mühafizə zonaları 10 metr müəyyən edilir. Həmin Qaydaların 12-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyündən, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli fərmanının 2-ci bəndində iddiaçıların həmin hissədə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən bir hal kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar