Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1955/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı gizir hərbi rütbəsinin bərpa olunması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun gizir rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş SSRİ dövründə 1989-cu ildə X1 şəhərində gizirlik məktəbini bitirib gizir hərbi rütbəsi almış və Azərbaycan Respublikasına dönüb 23 saylı korpusda xidmət etmiş, sonra 1992-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının 1-ci ordu korpusunda hərbi xidmətdə qulluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 311-ci və 29,341-ci maddəsi ilə təqsirli bilinib, CM-in 341.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-in 311.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Əfv sərəncamına əsasən o cəzadan azad olunmuşdur. O, Qarabağ müharibəsi veteranıdır. Hərbi xidmət zamanı 14 ədəd fəxri fərmanlara layiq görülmüş, qüsursuz xidmətlərə görə 3 dəfə medalla təltif edilmişdir. Hazırda ürək əməliyyatı keçirməsi ilə əlaqədar əlil kimi pensiya çıxmaq istəyir. Odur ki, gizir hərbi rütbəsinin bərpa edilməsini istəyir ki, hərbiçi kimi pensiya çıxa bilsin. O, bu əsasla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina edilmişdir. Cavabdeh Azərbaycan Rspublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.1 -ci maddəsinə əsasən hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci maddəsində də göstərilir ki, hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq... onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 68-ci maddəsinə əsasən cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. Həmin Əsasnamənin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir və miçman heyəti hərbi rütbələrini vermək hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin komandanları, onlara bərabər olanlar və onlardan yuxarı olan rəislər malikdirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. İddiaçı hərbi qulluqda olduğu dövrdə törətdiyi cinayətə görə məhkəmə tərəfindən məhkum edilmiş və gizir hərbi rütbəsindən məhrum olunmuşdur. Hazırda iddiaçının 53 yaşı var və o, istefadadır, iddiaçı hərbi qulluqçu və hərbi vəzifəli olmadığından onun rütbəsinin bərpası Əsasnamənin 68-ci yox, 184-cü maddəsində müəyyən edilmiş qaydaya əsasən həllini tapa bilər. Yəni, onun hərbi rütbəsinin bərpası barədə təqdimat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən irəli sürülə bilər. Ancaq həmin təqdimat tövsiyyə xarakterlidir və ünvanlandığı inzibati orqanın diskresion səlahiyyətidir. Məhkəmədən hazırkı mübahisə üzrə qanunvericiliyin tələblərini nəzərə almaqla ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(083)-85/2019 nömrəli qərardadından məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı gizir hərbi rütbəsinin bərpa olunması barədə iddia tələbi mümkün sayılmamış və qeyd olunan qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərardadı ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı gizir hərbi rütbəsinin bərpa olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1955/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1955/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver