Məhkəmə qərarları › İş №2-1(114)-1959/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1959/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1959/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 saylı qərarının ləğv edilməsi, xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindən müəyyən edilir ki: - İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15568/2024 nömrəli qərara əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən hesablanaraq 627,83 manat məbləğində hesablanmışdır. - “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən son üç il üçün ona ödənilmiş 7809,31 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmiş və pensiyasından ümumilikdə 315.20 manat tutularaq büdcəyə bərpa edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Mürvət Əli oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-T-229391/2024 nömrəli məktubda bildirilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati organ maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 627,83 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 7809,31 manat təşkil edir.

2. İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-lQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 28 il 2 ay 6 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,27 manat (28,18 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 51,56 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1764,00 manat pensiya sığorta kapitalına uyğun 12,25 manat (1764,00:144) və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 138,81 (51,56+12,25+75,00) manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 210,66 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə 199,91 manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 370,08 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7109,96 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına – 121 aya (63 il 6 ay-59 il 5 ay=49 ay+(144 ay-72 ay)) bölünməklə qanuni əmək pensiyasının (210,66 manat) üzərinə 58,76 manat (7109,96:121) əlavə edilərək pensiya məbləği xx.xx.2018-ci il tarixindən 269,42 (210,66+58,76) manata (indeksləşdirilməklə xx.xx.2024cü il tarixinə 496,62 manat) artırılmalı olduğu halda, düzgün olmayan 370,08 manat məbləğində pensiyası 426,06 manata (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 773,02 manat) artırılmaqla ona ödənilib. Bundan başqa, əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9447,26 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına – 72 aya (144 ay-72 ay) bölünməklə qanuni əmək pensiyasının (496,62 manat) üzərinə 131,21 manat (9447,26:72) əlavə edilərək pensiya məbləği xx.xx.2024-cü il tarixindən 627,83 (496,62+131,21) manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona son üç il üzrə 7803,31 manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyini xahiş edirlər. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 627,83 manat təşkil edir. II. Məhkəmədə icraat

3. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixindən təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi, əmək pensiyasından tutulmuş vəsaitin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, imtiyazlı iş stajına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İşləməkdə davam edir və növbəti 6 ili tamam olduğundan XŞTMF-a müraciət etmiş, pensiyasının məbləği artmaq əvəzinə azaldılmışdır. Azalma ilə bağlı ona verilmiş cavab məktubunda yazılanları diqqətə çatdırmaq istəyir. Verilmiş cavabda bildirlir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 7809,31 manat təşkil edir. DSMF-nin XŞTMFnın əməkdaşları qüvvədə olan və qüvvədən düşmüş Qanunvericiliyin maddələrinə istinad edərək etdikləri hərəkətləri əsaslandırmaq istəsələr də bu alınmır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 və 114-cü maddəsini unudurlar və ya bilərəkdən istinad etmək istəmirlər. xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Deməli, cavab məktubunda deyildiyi kimi, əgər onun ümumi və xüsusi iş stajı xx.xx.1997-ci il tarixədək yetərli olsa idi (ümumi iş staj 20 il, xüsusi iş stajı 10 il) ona pensiya 50 yaşı tamam olduğu tarixdən əmək haqqına əsasən hesablanmalı idi. Birincisi onun 20 il ümumi iş stajı xx.xx.1998-ci il tarixdə tamam olur və müvafiq olaraq altı ay yaş artırma ilə 50.5 yaşı xx.xx.2009-cu il tarixdə tamam olduğundan güzəştli şərtlərlə pensiya almaq hüququ da 50.5 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən yaranır. XŞTMF-nın əməkdaşları özləri qanunçuluğu izah etsələr də bunu nəzərdən qaçırmışlar. Yəni yaş mərhələ-mərhələ hər il 6 ay artırılır, 2000-ci ildən isə 52 yaş olur. Bu isə o deməkdir ki, ona ilkin pensiya təyinatı düzgün olaraq 2010-cu il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun xx.xx.2009-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq ödənilmişdir. XŞTMF-ın əməkdaşları bunlara fikir vermədən ədalətsiz qərar verərək pensiyasının məbləğini azaltmışlar.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-15568/2024 saylı qərarının ləğv edilməsi, xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

8. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Belə ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-15568/2024 saylı qərarının ləğv edilməsi tələbi mübahisələndirmə, xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi isə öhdəliyin icrası iddia növlərinə aiddir.

9. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

10. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15568/2024 saylı qərarının iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın mübahiisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəillərlə əsaslandırılmışdır.

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçının pensiya işindəki sənədlər; - “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-15568/2024 nömrəli qərar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024cü il tarixli 3-17-1/3-3-15568/2024 nömrəli qərara əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən hesablanaraq 627,83 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən son üç il üçün ona ödənilmiş 7809,31 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmiş və pensiyasından ümumilikdə 315.20 manat tutularaq büdcəyə bərpa edilmişdir.

24. Bundan sonra, İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda ona yuxarıda qeyd edilən hallar bildirilmişdir (bənd 2).

25. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən hesablanması ilə bağlıdır.

26. Belə ki, cavabdeh orqan iddiaçının onun şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması barədə müraciətinə baxan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan - xx.xx.2010cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olmasını müəyyən etməsinə əsaslanmış və hesab etmişdir ki, iddiaçıya 50 yaşdan - xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı qanunsuz olmuşdur. Buna görə də, yenidən hesablama zamanı pensiyanın təyinat tarixini xx.xx.2010-cu il kimi qəbul edərək, artıqödəmələr müəyyən etmiş, iddiaçının pensiyasından qismən tutma aparmış və qalan məbləğin ödənilməsini tələb etmişdir.

27. Məhkəmə bununla bağlı qeyd edir ki, hətta cavabdeh orqanın istinad etdiyi əsasın doğruluğu halında belə, nə qədər ki, cavabdeh orqanın özünün vətəndaşa münasibətdə qəbul etdiyi əlverişli inzibati akt mövcuddur, bu aktın ləğv edilməsi yalnız doğru şəkildə aparılmış inzibati icraatın yekununda qəbul edilmiş digər inzibati aktla ləğv edilə bilər. Yalnız bundan sonra isə ləğv edilmiş akt üzrə ödəmələrin geri qaytarılmasından söhbət gedə bilər.

28. Əvvəla, cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsi barədə qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onu dinləməli, zəruri hallada əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.

29. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçını dinləməmiş, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız iddiaçının pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi qərarında təyinat tarixini dəyişdirməklə, artıq ödənilmiş vəsait müəyyən etmişdir. Həmin vəsaitin tutulması ilə bağlı da inzibati akt qəbul etməmiş, pensiyaçının yazılı razılığını almamış və 252.42 məbləğində pulu pensiyasından tutmuşdur.

30. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

31. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir.

33. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

34. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq iddiaçını inzibati icraata cəlb etmədən, onun dinlənilmə hüququnu təmin etmədən, pensiyanın həqiqətən də artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini iddiaçının iştirakı ilə tədqiq etmədən artıq pensiya məbləği hesablandığı qənaətinə gəlmiş, iddiaçıya keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin bir hissəsi onun razılığı olmadan pensiyasından çıxılmışdır.

35. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

36. Başqa sözlə, hətta iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdehin qəbul etdiyi əlverişli inzibati akt qanunsuz olduğu və “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində göstərilən əsasla ləğv edildiyi hallarda belə, həmin əlverişli inzibati akt əsasında icra edilmiş ödənişlər üzrə məbləğlər, onların ödənişinin qanunla müəyyən edilmiş qaydada dayandırılmasından asılı olmayaraq, geri tələb oluna bilməz. Bu, yalnız pensiyaçının razılığı ilə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən əsaslara görə ləğv edildiyi və geriyə ödənişə pensiyaçının razılığı olmadığı hallarda isə, həmçinin məhkəmə qaydasında mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən əsaslarla aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur.

37. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.

38. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

39. 2007-ci il 31 may tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

40. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə isə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

41. Beləliklə, iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-15568/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilərək, ödənişlərin əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi və pensiyadan tutulmuş vəsaitlərin geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar