Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-196/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının və cavabdehin təqsiri üzündən ödənilməmiş müddətlərin – xx.xx.2021-ci il tarixdən başlayaraq müəyyən edilən əlillik dərəcəsinə görə pensiyanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1966-cı ildə anadan olmaqla uzun müddət X3 xidmət etmişdir. Səhətində problemlər 2004-cü ildən başlamışdır. Dəfələrlə “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyası, sol gözdə şüşəvari cismin bulanması” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2005-ci ildə cərrahi əməliyyat “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyasının çıxarılması” edilmişdir. 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərəarası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin müddətdən etibarən daima eyni diaqnozlarla ona İİ dərəcəli əlillik təkrar verilmişdir. Göstərilən xəstəliklərdən əlavə o 2012ci ildə yenidən onurğa beynində yaranmış böyük ölçülü yırtıqdan əməliyyat olunmuşdur. Hazırda bu xəstəliklərdən əlavə şəkərli diabet xəstəliyindən, zob xəstəliyindən əziyyət çəkir. Sol gözü ümumiyyətlə görmür. Sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən sənədlərin əlillik dərəcəsinin verilməsi üçün göndərilmişdir. Lakin 6 aya yaxın müddətə Gəncə şəhəri Səhiyyə İdarəsi sənədləri cavabdehə göndərməmiş, cavabdeh orqan da öz növbəsində heç bir üzürlü səbəb olmadan 9 ay sənədlərini saxlamış, nəticədə ona əlilik dərəcəsinin verilməsindən imtina edilmişdir. O, müayinədə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə olmuşdur. 23 iyun 2022-ci ildə qiymətləndirmə olmuş, lakin həmin nəticə ona bildirilməmişdir. Sonradan onun cavabdeh orqanla əlaqə qurmağı nəticəsində bilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu qiymətləndirmə zamanı o bütün xəstəlikləri barədə sənədləri təqdim etsə də, diaqnozlar tam qeyd olunmamışdır. Sol gözünün görməməsi elə təkbaşına əlillik dərəcəsinin yaranması üçün əsas olsa da, lakin bu və digər diaqnozlar qeyd olunmadan, yalnız onurğa sütununda olan xəstəlik qərəzli olaraq yüngül formada qeyd edilməklə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Bu isə təsdiq edir ki, cavabdeh orqan ona qarşı qərəzli mövqedə olmuş və əlilllik dərəcəsi verməkdən qeyri-obyektiv səbəblərdən imtina etmişdir. Hesab edirəm ki, bütün sənədlərinə yenidən qiymət verilərək ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilməli və cavabdehin qanunsuz hərəkətləri nəticəsində təyin edilməmiş müddətdə də ikinci əlillik dərəcəsinə görə pensiya ödənilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 17 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Gəncə X2 adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.4 - İşiasla gedən lümbaqo; Diaqnozun mətni: İşiasla gedən lümbaqo, L3-L4 f/a diskdə 15 mm.sekvestəolunmuş ekstruziya. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Digər paralitik sindromlar, Sağ pəncənin parezi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 256 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protuziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri bel ağrısından, sol gözünün zəif görməsindəndir. Nevroloji statusu: diz refleksləri D=S canlı çağrılmış, sağ tərəfdə Axil refleksi çağrılmamış, aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmişdir. əlillik təyinatına əsas verən pattfunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır. DİN Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2021-xx.xx.2021-ci il tarixli L0105770- Y210002078 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İşiasla gedən lümbaqo. L4- L5 f/a disk yırtığının təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Sağ pəncənin parezi. L3-L4 f/a diskdə 15mm sekvestrəolunmuş ekstruziya. Q-toksik düyünlü ur. İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla" kimi qeyd olunsa da, əlilik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 5738 nömrəli Tibbi Rəyində diaqnoz “OS = Mürəkkəb miopik astiqmatizm. M 8.0 və 7.0. Ambliopiya” kimi müəyyənləşdirilsə də, bu nəticə əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surəti, Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışların surətləri, Xəstəlik tarixindən çıxarışların təsdiqlənmiş surətləri, Epikrizlərin surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu, ekspertiza rəyləri və Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə “hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir.. Sonuncu dəfə xx.xx.2016cı il tarixdən beş il müddətinə “L3-L4 fəqərəarası protruziyasının çıxarılmasından sonrakı vəziyyət, L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipofroziyası.sol gözün şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmiş, lakin əlilliyinin növbəti, yəni xx.xx.2022-ci il tarixli müayinəsi zamanı “diaqnoz əlillik əlamət təyin etməməsi” səbəbilə əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina edilmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 17 noyabr 2022-ci il tarixli, T 544/2022 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, A.Q.Ağabalayevin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X2 adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişdə (088 nömrəli Formada) qeyd edilən “İşlasla gedən lümbaqo, L3-L4 f/a diskdə 15mm sekvestə olunmuş ekstruziya. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L3-L4 f/a disk yırtığına təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağfərəfli kökcük ağrı sindromu ilə. Digər paralitik sindromlar, sağ pəncənin parezi.” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci 11 tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyerlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci 11 tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”ndə meyarların hər hansı birini aid etmək mümkün olmamışdır. Sözügedən ekspert rəyinin “məhkəmə tibbi müayinə” hissəsindən görünür ki, sözügedən ekspertiza TSEK-in ekspertləri ilə birgə keçirilmişdir. Yəni, iddiaçıya əlilliyin bərpa edilməsindən imtina etmiş orqanın əməkdaşları yenidən iddiaçının əlilliyinin qiymətləndirilməsi prosesinə cəlb edilmişdir ki, bu hal öz-özlüyündə ekspert rəyinin obyektivliyini şübhə altına almaq üçün danılmaz faktdır. Bu səbəbdən də məhkəmə təkrar məhkəmə tibbi-ekspertizası təyin etmişdir. İş materiallarına əlavə edilmiş 09 mart 2023-cü il tarixli, T 113/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı X2 adına Gəncə şəhər Xəstəxana, 0495003AAMXC nömrəli göndərişində qeyd olunan “Əsas diaqnoz: M54.4 - işiasla gedən lümbaqo L3-L4 f/a diskdə 15 mm sekvestə olunmuş ekstruziya, b) Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə, E11.4 - insulindən asılı olmayan, şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulinə ehtiyacı olan xəstə, diabetik neyropatiya. R26hərəkətin və yerişin pozulmaları, yeriş dayaq hərəkət funksiyasının pozulması, G83-digər paralitik sindromlar, sağ pəncənin parezi. c)Yanaşı xəstəliklər: İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, aorta və tac damarlarının aterosklerozu, E04.2-qeyri-toksik çox düyünlü ur, N40-prostat vəzinin hiperplaziyası, İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, H26.2-ağırlaşmış katarakta, sol gözdə ağırlaşmış katarakta, E11insulindən asılı olmayan şəkərli diabet İİ tip insulinə ehtiyacı olan xəstə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onun hal-hazırkı sağlamlıq durumu bərpaedici müalicə tələb etmir. Odur ki, qeyd olunan 09 mart 2023-cü il tarixli, T 113/2023 nömrəli ekspert rəyi ilə də təsdiq olunur ki, iddiaçının diaqnozu əlillik dərəcəsi təyin etmir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, odur ki, iddiaçıya mövcud olmayan əlilliyə görə pensiya məbləğinin ödənilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-196/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-196/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver