Məhkəmə qərarları › İş №2-1(114)-1960/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1960/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1960/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı KFT-nin cavabdeh Göygöl rayon İcra Hakimiyyətinə qarşı sərəncamın, müqavilənin, çıxarışın və reyestr qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndələri X6 və X3 iştirakları ilə, İddiaçı X4 cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X12) qarşı X7 adına verilmiş xx.xx.2021-ci il tarixli 219 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamın, xx.xx.2021-ci il tarixli 08 saylı torpaq icarəsi haqqında müqavilənin, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestr qeydiyyatına dair çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı kəndli fermer təsərrüfatı xx.xx.2024-cü il tarixdə Göygöl rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 adına verilmiş xx.xx.2021-ci il tarixli 219 saylı sərəncamın və xx.xx.2021-ci il tarixli 08 saylı torpaq icarəsi haqqında müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Qoşqar-Q" X4 istifadəsinə Xanlar rayon X13 Rəyasət Heyyətinin xx.xx.1995-ci il tarixli 12 nömrəli qərarı ilə 50 ha torpaq sahəsi ayrılmışdır. Aqrar islahatlar aparılan zaman Heyvandarlıq sovxozunun X19 Komissiyasının xx.xx.2001-ci il tarixli 05 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 56 nömrəli qərarları ilə həmin torpaq sahəsindən 10 ha torpaq sahəsi dövlət mülkiyyətinə geri götürülmüşdür, qalan 40 ha torpaq sahəsi, (30 ha əkin, 10 ha biçənək) "Qoşqar-Q" X9 istifadəsində saxlanılmışdır. Həmin torpaq sahəsi dövlət qediyyatına alınmadığı üçün təsərrüfat əkdiyi taxıl məhsuluna görə subsidiya ala bilməmişdir, nəticədə təsərrüfatın sahibkarlıq fəaliyyətinə maneəçilik törədilmişdir və gəliri azalmışdır. Hərin 40 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2018-ci il tarixdə bütün hüquqi sənədlərin surətlərini müraciətlərinə əlavə edib Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişlər. 3 saylı Gəncə Ərazi İdarəsindən bildirmişdilər ki, Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 11/699 nömrəli məktubunda keçmiş Xanlar rayon Heyvandarlıq Sovxozunda torpaq islahatı aparılan zaman X19 Komissiyasının xx.xx.2002-ci il tarixli 01 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarları əsasında həmin 40 ha torpaq sahəsinin 20 ha qədərinin "Qoşqar-Q" X4 üzvlərinin və ərazidən torpaq payı almaq hüququ olan digər vatəndaşların mülkiyyətinə verildiyi, qalan torpaq sahəsinin isə dövlət mülkiyyətində saxlanıldığı qeyd olunmuşdur, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Nəzərə çatdırır ki, İcra Hakimiyyətinin məktubunda yazılanlar yanlış və qondarma məlumatdır, ona görə ki, "Qoşqar-Q" X4 cəmi 4 nəfər üzvü var və hər bir üzvədə başqa ərazidən 0,43 ha (4x0,43=1,72) pay torpağı verilibdir. Aqrar islahat aparılan zaman isə sovxozda kifayyət qədər torpaq sahəsi mövcud idi, yetərincə də pay torpağı alanlar arasında da bölünübdür və dövlət mülkiyyətində də kifayyət qədər saxlanılmışdır, 40 ha torpaq sahəsində isə heç bir bölgü aparılmamışdır, həmin vaxtdan da 2022-ci ilə kimi (totpaq sahəsi zəbt edilənə kimi) torpaq sahəsi Qoşqar-Q X4 istifadəsində olmuşdur. Torpaq sahəsinin ləğv edilməsi barədə isə bu günədək təsərrüfata heç bir sənəd daxil olmayıbdır. Müraciətləri əsasında həmin ərazidə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən də dəqiqləşdirmə aparılmışdır və məlum olmuşdur ki, həqiqətən də həmin ərazidə heç bir bölgü aparılmayıbdır. Bundan başqa, X19 Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarları ilə X19 Komissiyasının fəaliyyətinə xitam verilmişdir. xx.xx.2001-ci il tarixli X19 Komissiyasının və Rayon Aqrar İslahat Komissiyasının aktı əsasında X19 Komissiyasının möhür və ştampı Rayon Aqrar İslahat Komissiyasına təhvil verilmişdir. Belə olan halda Göygöl Rayon İcra Hakimiyyətinin məktublarında sözü gedən "qərarlar" Aqrar İslahat Komissiyası ləğv olduğu vaxtdan bir il yarım vaxt keçdikdən sonra necə ola bilər? Bu faktın araşdırılması ilə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyətinə və Göygöl rayon Dövlət Arxivinə müraciət edib X19 Komissiyasının xx.xx.2002-ci il tarixli 01 saylı və Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.2002-ci il tarixlı 0.5 saylı qərarlarının təsdiq edilmiş surətlərinin onlara göndərilməsini xahiş etmişlər. Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 17/490 nömrəli məktubunda bildirilir ki, "Aqrar İslahatların əsasları" və "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əsasən yerli və rayon X2 qərarları ayrı-ayrı fiziki və ya hüquqi şəxslər barədə deyil, ümumiyyətlə təsərrüfatın torpaqlarının özəlləşdirilməsi ilə əlaqədardır. Odur ki, müraciətlərində göstərilən qərarların surətlərinin onlara göndərilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 50 nömrəli məktubunda bildirilir ki, Göygöl rayon Dövlət Arxivinə daxil olmuş 27 sentyabr 2021-ci il tarixli 20 saylı məktublarıyla bağlı bildirirlər ki, Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli 56 saylı məktubda yanlışlığa yol verilərək Qoşqar-Q X5 ayrılmış 40 ha torpaq sahəsinin X19 Komissiyasının xx.xx.2002-ci il tarixli 01 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarları əsasında 20 ha qədərinin "Qoşqar-Q" X4 üzvlərinə və ərazidən torpaq payı almaq hüququ olan diğər vətəndaşla pay-torpağı kimi verildiyi, qalan torpaq sahəsinin isə dövlət mülkiyyətində saxlanıldığı qeyd olunmuşdur. Həmin cümlələrin yanlış olduğunun nəzərə alınmasını xahiş edirlər. Heyvandarlıq sovxozunun X19 Komissiyasının xx.xx.2002-ci il tarixli 01 saylı və Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.2002-ci il tarixlı 05 saylı protokolunun qərarlarında qeyd edililr ki, Heyvandarlıq sovxozunun ərazisində qismən özəlləşmə aparılmışdır. Sovxozun 3240 ha torpaq sahəsi Xanlar şəhəri ətrafında olduğu üçün xüsusi hal nəzərə alınmaqla torpaq islahatı aparılması nəzərdə tutulmuşdir. O, cümlədən 2713 ha, bundan 231 ha əkin, 1669,3 ha örüş, 57,4 ha biçənək, 755,3 ha sair, dövlət mülkiyyətində, 96,1 ha bundan 63 ha əkin, o, cümlədən 37,5 ha bələdiyyə ehtiyyat fonduna, 25,5 ha perspektiv inkişaf planı üçün 33,1 ha sair bələdiyyə mülkiyyətinə, 430,1 ha o, cümlədən 246,9 ha həyatyanı, 183,2 ha əkin sahəsi xüsusi mülkiyyətə verilmişdir. Bununla da mübahisəyə tam aydınlıq gətirilmişdir, məlum olmnuşdur ki, həqiqətən də həmin qərarlarda arxiv tərəfindən 2018-ci ildə verilmiş Arxiv Arayışında qeyd edilənlər tamamilə yoxdur, yanlış qeyd edilmişdir və qərarların özündə isə təsərrüfatların ərazisində qismən özəlləşmə aparıldığı və xüsusi hal nəzərə alınmaqla torpaq islahatı aparıldığı qeyd edilmişdir. Ona görə də, "Qoşqar-Q" X4 istifadəsində olan 40 ha torpaq sahəsində bölgü aparılmamışdır. Yəni, Göygöl rayon Dövlət Arxivinin o zaman Göygöl Rayon İcra Hakimiyyətinə verdiyi Arxiv çıxarışları həqiqətə uyğun deyil və arxiv müdirinin saxtakarlığıdır. Onun qanunsuz əməlləri nəticəsində də Göygöl Rayon İcra Hakimiyyəti daşınmaz əmlaka yanlış məlumatlar təqdim etmiş və bununda nəticəsində onlar 40 ha torpaq sahəsinin hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilməmişlər. Onlar yenidən xx.xx.2021-ci il tarixli 21 saylı ərizəmizə Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 17/490 nömrəli məktubunun, Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 50 saylı arxiv Ççıxarışlarının və digər bütün hüquqmüəyyənedici sənədlərin surətlərini təkrar əlavə edib yenidən 3 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin oradan cavab yazmışlar ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 219 saylı sərancamı və xx.xx.2021-ci il tarixli 08 saylı icarə müqaviləsi əsasında həmin ərazidən 25 ha (17,42 ha əkin, 7,58 örüş) 15 il müddətinə X10 icarəyə verilibdir. Nəzərə çatdırır ki, Aqrar islahat aparılan zaman Heyvandarlıq sovxozunun X19 Komissiyasının xx.xx.2001-ci il tarixli 05 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının (Xanlar Rayon İcra Hakimiyyəti başçısının) xx.xx.2001-ci il tarixli 56 nömrəli qərarları ilə həmin torpaq sahəsindən 10 ha torpaq sahəsi geri götürülmüşdür, qalan 40 ha torpaq sahəsi, (30 ha əkin, 10 ha biçənək) "Qoşqar-Q" X9 istifadəsində saxlanılmışdır. Həmin vaxtdan da 2022-ci ilə kimi (torpaq sahəsi zəbt edilənə kimi) torpaq sahəsi Qoşqar-Q X4 istifadəsində olmuşdur və buğda səpilmişdir. xx.xx.2022ci il tarixdə DƏDRX tərəfindən vətəndaş X7 adına Göygöl rayonu, Aşıqlı kəndi ərazisindən torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq, X1 şəhərində yerləşən "Qoşqar-Q" X4 faktiki istifadəsində olan torpaq sahəsini zəbt etmişdir ki, iş üzrə üçüncü şəxs olan Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşı Qoşqar-Q) X4 torpaq sahəsini ona göstərib bildirmişdir ki, bu torpaq sahəsi guya ona məxsusdur. Yuxarıda göstərilən faktlardan aydın görünür ki, həmin dövrdə Göygöl Rayon İcra Hakimiyyətinin basçısı vəzifəsini icra edən, başçının birinci müavini X11 həmin torpaq sahəsini ələ keçirmək məqsədilə vəzifəsindən sui istifadə edərək müxtəlif bəhanələrlə həmin torpaq sahəsini qohumu X7 adına icarəyə vermişdir. Yuxarıda göstərildiyi kimi Heyvandarlıq Sovxozunun ərazisindən 40 ha torpaq sahəsi Qoşqar-Q X4 istifadəsində olduğu halda X10 verilən torpaq sahəsinin ilkin sənədləri qərəzli olaraq düzgün tərtib olunmamış və nəticədə torpaq sahələri zəbt olunmuşdur.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “X7 adına verilmiş xx.xx.2021-ci il tarixli 219 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamın, xx.xx.2021-ci il tarixli 08 saylı torpaq icarəsi haqqında müqavilənin, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestr qeydiyyatına dair çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclas xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

5. Cavabdehin nümayəndələri X6 və X8 məhkəmə iclasına gəlmişlər, iddiaçının nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə hazırlıq icraatı üzrə iclasın iddiaçının nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehin nümayəndələri X6 və X8 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbinə etiraz etdiklərini bildirmişlər və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

8. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, məhkəmənin icraatında İddiaçı KFT cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət reyestr qeydiyyatına dair Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün dövlət reyestrində qeydiyyatının ləğv edilməsi tələbinə dair 2-1(112)-15/2025 nömrəli inzibati iş mövcuddur. Hansı ki, həmin iş üzrə İddiaçı KFT tələbin xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon İcra Hakimiyyətinin basçısı vəzifəsini icra edən, başçının birinci müavini X11 tərəfindən X7 adına sahəsinin icarəyə verilməsi haqqında sərəncamın, 23 dekabr 2021-ci il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin və Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət reyestr qeydiyyatına dair Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün dövlət reyestrində qeydiyyatının ləğv edilməsini xahiş etmişdir və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Hazırda iddiaçının tələbin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edildiyindən və həmin tələb 2-1(112)-15/2025 nömrəli inzibati işdəki tələblə eyni olduğundan, 2-1(112)-15/2025 nömrəli inzibati iş məhkəməyə daha əvvəlki tarixdə daxil olduğundan hazırkı iddiaya baxılması mümkün hesab edilmir.

12. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar