Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1962/2023 05.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus ЗТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Kirovabad şəhərindəki N saylı hərbi hissədə (Avia təmir zavodu) çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Trolleybus idarəsində 3-cü dərəcə trolleybus sürücüsü, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N saylı hərbi hissədə N nömrəli sexdə yığıcı çilingər, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək NNA Universal MMC-də fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Samux rayon Suvarma Sistemləri İdarəsi inşaat briqadasında fəhlə işləmişdir.
3. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 1616(1102)/4 nömrəli arxiv arayışında göstərilir ki, arxivdə mühafizə olunan Gəncə ŞİH yanında MKTİB tabeliyində olan Trolleybus İdarəsinin arxiv fondunun sənədlərinə əsasən şəxsi heyət üzrə fəhlə və qulluqçuların əmr kitablarından məlum olur ki, İddiaçı xx.xx.1985-ci il tarixli 37 nömrəli əmrlə Trolleybus İdarəsində 3-cü kateqoriyalı sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixli 143 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən müvəqqəti olaraq depoya 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.1999-cu il tarixli 131 nömrəli əmrlə dəfələrlə gündəlik vıruçkaları xəzinəyə təhvil vermədiyinə görə 10 gün müddətinə xx.xx.1999-cu il tarixdən fəhlə keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Trolleybus idarəsinin arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların şəxsi heyət üzrə əmək haqqı cədvəllərində çıxarışa əsasən 1994, 1995, 1996, 1997, 1998-ci illər üzrə tam, 1999-cu ilin 10 ayı, 2000-ci ilin 9 ayı əmək haqqı almışdır. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Trolleybus idarəsinin arxiv fondunun 2000-2004-cü illər üzrə əmr kitabları yoxlanılmış, İddiaçı işdən azad olunma əmri aşkar olunmamışdır, lakin 2000-ci ilin dekabr ayı da daxil olmaqla adına əmək haqqı hesablanmışdır.
4. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-/4-27091/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi ЭТ-İ № ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Dövlət X5 tərəfindən ona dair verilmiş xx.xx.2022-ci il tarixli 1616(1102)/4 nömrəli arxiv arayışında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Kirovabad Trolleybus İdarəsində trolleybus sürücüsü vəzifəsində işlədiyi göstərilmişdir. Bununla əlaqədar yuxarıda qeyd olunan dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq həmin müəssisədə saxlanılan əmr kitablarında xx.xx.1995-ci il tarixdən depoya çilingər vəzifəsinə keçirilməsinin qeyd olunduğu, həmçinin yenidən trolleybus sürücüsü vəzifəsinə qayıtması ilə bağlı əmrin aşkar olunmadığı bildirilmişdir. Qeyd olunan fakt Azərbaycan Respublikası Dövlət X5 tərəfindən 2 fevral 2023-cü il tarixli aktla təsdiq olunmuşdur. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay 24 gün (xx.xx.1985-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Əmək stajının qarşılıqlı yoxlanılması barədə xx.xx.2023-cü il tarixli akta əsasən vətəndaş İddiaçı sığorta stajına daxil edilən əmək stajının yerində qarşılıqlı yoxlanılmış, Dövlət X5nda saxlanılan keçmiş Kirovabad Trolleybus idarəsinə aid əmr kitablarına baxış keçirilən zaman aşkar olunmuşdur ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixli 37 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdən Trolleybus İdarəsinə 3-cü dərəcəli trolleybus sürücüsü işinə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixli 148 saylı əmrlə vətəndaş müvəqqəti olaraq depoya 4-cü dərəcəli çilingər işinə keçirilmişdir. 1995-1999-cu illərə aid əmr kitablarına baxış keçirilmiş və vətəndaş yenidən hansı tarixdən trolleybus sürücüsü işinə qayıtmağı əmri tapılmamışdır. xx.xx.1999-cu il tarixli 131 saylı əmrinə əsasən vətəndaş xx.xx.1999-cu il tarixdən 10 gün müddətinə fəhlə işinə keçirilmişdir. 2000-ci ilə aid Trolleybus idarəsinin əmr kitablarına baxış keçirilmə zamanı vətəndaş İddiaçı işdən azad olma əmri aşkarlanmamışdır.
6. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli xidməti məktubunda İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərlə qeyd edilən məlumatlara əsasən onun ümumi stajının 25 il 2 ay 19 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 19 gün – 21.12.79-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixdən sonra 3 il 2 ay) təşkil etdiyi və onun xx.xx.2022-ci il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalının 20156,07 manat təşkil etdiyi bildirilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu 19 mart 2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2021-ci ildən 2-ci qrup əlil kimi sosial pensiya alır. Onun 57 yaşı xx.xx.2019-cu ildə tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, hesab edir ki, ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il (3 ay 15 gün) tarixə kimi Kiravabad (hazırda Gəncə) şəhərindəki N saylı hərbi hissədə (Avia təmir zavodu) çilingər işləmişdir. xx.xx.1880-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi həqiqi hərbi xidmətdə ( 2 il 6 gün) olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi (2 il 9 ay 11 gün) gün Kiravabad (hazırda Gəncə) şəhərindəki N saylı hərbi hissədə (Avia təmir zavodu) çilingər işləmişdir. xx.xx.1985-ci ildə tarixdən xx.xx.2000-ci il tarixə kimi (15 il 11 ay 19 gün) Kirovabad Trolleybus idarəsində 3-cü dərəcə trolleybus sürücüsü işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə (1 il N ay) kimi N saylı hərbi hissədə N nömrəli sexdə yığıcı çilingər işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə (2 ay 10 gün) kimi NNA Universal MMC-də fəhlə işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə (2 il 11 ay) kimi Samux rayon Suvarma Sistemləri İdarəsinin inşaat briqadasında fəhlə işləmişdir. Əmək kitabçasından, eləcə də arxiv arayışlarından görünür ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarına əsasən həqiqətən də güzəştli peşə hesab edilən işdə 19 il 15 gün iş stajı vardır. Onun hesablamalarına görə onun 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixə kimi onun həqiqi hərbi xidmətlə birlikdə 25 il 09 ay 01 gün ümumi əmək stajı vardır, onun da 19 il 15 gününü isə güzəştli peşə hesab edilən işdə işləmişdir. Onun 57 yaşı xx.xx.2019-cu ildə tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, onun ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını nəzərə alıb onun 57 yaşı tam olduğu vaxtdan, xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilərək, almadığı illərin pensiyasının ona ödənilməsi üçün ƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Teyinat üzrə Mərkəzi Filialina göndərsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fillialı xx.xx.2023-ci il tarixli, 3-17-1/2-M-270911/2023 nömrəli imtina məktubu ilə müraciətindən imtina etmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Trolleybus idarəsində işlədiyi müddət ərzində heç vaxt çilingər vəzifəsinə keçirilməmiş və çilingər vəzifəsini icra etməmişdir, o, yalnız sürücü olmuşdur. Arxiv sənədlərində onun çilingər vəzifəsinə keçirilməsinin göstərilməsinin səbəbini bilmir.
21. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
22. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
23. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir (qərarın 4-cü bəndi). VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - İddiaçıya məxsus ЗТ-İ № ******* nömrəli əmək kitabçasının surəti; - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 1616(1102)4 nömrəli arxiv arayışı; - Əmək stajının qarşılıqlı yoxlanılması barədə xx.xx.2023-cü il tarixli akt; - Xidməti məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
27. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (N nömrəli Əlavə) 28. Şəhər Elektrik Nəqliyyatı bölməsində trolleybus sürücüləri (kod 23004000—11462) nəzərdə tutulmuşdur.
29. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (N nömrəli əlavə) əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.
31. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur.
32. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli xidməti məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir.
33. Xüsusi stajla bağlı tələbə gəlincə isə məhkəmə qeyd edir ki, iddiaçının Trolleybus idarəsində işlədiyi sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (N nömrəli Əlavə) 28-ci bəndinun Şəhər Elektrik Nəqliyyatı bölməsində (trolleybus sürücüləri kod 23004000—11462) nəzərdə tutulsa da, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 1616(1102)/4 nömrəli arxiv arayışına əsasən iddiaçının sürücü işlədiyi müddət 12 il 6 aydan azdır. Belə ki, arxivdə mühafizə olunan Gəncə ŞİH yanında MKTİB tabeliyində olan Trolleybus İdarəsinin arxiv fondunun sənədlərinə əsasən şəxsi heyət üzrə fəhlə və qulluqçuların əmr kitablarından məlum olur ki, İddiaçı xx.xx.1985-ci il tarixli 37 nömrəli əmrlə Trolleybus İdarəsində 3-cü kateqoriyalı sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1995ci il tarixli 143 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən müvəqqəti olaraq depoya 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.1999-cu il tarixli 131 nömrəli əmrlə dəfələrlə gündəlik vıruçkaları xəzinəyə təhvil vermədiyinə görə 10 gün müddətinə xx.xx.1999-cu il tarixdən fəhlə keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Trolleybus idarəsinin arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların şəxsi heyət üzrə əmək haqqı cədvəllərində çıxarışa əsasən 1994, 1995, 1996, 1997, 1998-ci illər üzrə tam, 1999-cu ilin 10 ayı, 2000-ci ilin 9 ayı əmək haqqı almışdır. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Trolleybus idarəsinin arxiv fondunun 2000-2004-cü illər üzrə əmr kitabları yoxlanılmış, İddiaçı işdən azad olunma əmri aşkar olunmamışdır, lakin 2000-ci ilin dekabr ayı da daxil olmaqla adına əmək haqqı hesablanmışdır.
34. Yəni, iddiaçının sürücü işlədiyi dövrlər – xx.xx.1985-xx.xx.1995-ci illəri (10 il 2 ay 24 gün) əhatə edir.
35. İddiaçının xx.xx.1995-ci il tarixindən depoya çilingər keçirildikdən sonra sürücü vəzifəsinə qayıtması ilə bağlı əmr aşkar olunmamış, yalnız xx.xx.1999-cu il tarixli 131 nömrəli əmrlə dəfələrlə gündəlik vıruçkaları xəzinəyə təhvil vermədiyinə görə 10 gün müddətinə xx.xx.1999-cu il tarixdən fəhlə keçirilməsi barədə əmr mövcud olmuşdur ki, həmin əmrdən sonra da yenə iddiaçının sürücü vəzifəsinə qayıtması ilə bağlı əmr aşkar olunmamışdır.
36. Trolleybus idarəsində çilingər və fəhlə vəzifələri isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi siyahıda öz əksini tapmamışdır.
37. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilməmişdir.
38. Hazırkı iş üzrə həmçinin, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı şərt də ödənilmir.
39. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu dövrdə (xx.xx.2022-ci il tarixdə) “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə təsbit olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya görə).
40. 2022-ci il üçün tələb olunan pensiya kapitalının 34560 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli xidməti məktubuna əsasən iddiaçının xx.xx.2022-ci il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalının 20156,07 manat təşkil etdiyi müəyyən edilmişdir.
41. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 12 il 6 ay güzəştli sosial sığorta stajı və tələb olunan pensiya sığorta kapitalı ilə bağlı tələblər ödənilmədiyinə görə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
42. Sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtinası əsaslı olmuşdur.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva