Məhkəmə qərarları › İş №2-1(114)-1962/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1962/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1962/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq yemək xərci müavinətinin verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü ildə Ağdam rayonunun Kəngərli kəndindən məcburi köçkün düşmüşdür. Əvvəllər məcburi köçkünlər üçün ayrılmış müavinət almış, lakin 2013-cü ildə Bərdə rayon sakini X3 ilə ailə həyatı quraraq nikaha daxil olmuş və həmin vaxtdan ona məcburi köçkünlər üçün ayrılmış yemək pulu xərci üçün ödənilən müavinət dayandırılmışdır. Onun AA 214399 saylı məcburi köçkün vəsiqəsi var. AZ-İ 421021 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il iddiaçı ilə X2 aralarındakı nikah pozulmuşdur. O, hal-hazırda Ağdam rayonu, Çullu kəndində atasının yanında yaşayır. xx.xx.2015-ci il təvəllüdlü Eltun adlı övladı var. İddia ərizəsinə əlavə edilmiş poçt qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə Cavabdehnə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, 5-31/2-13-51-073/2024 saylı məktubdan görünür ki, iddiaçı təqvim ili ərzində 182 gündən artıq müddətdə başqa ölkədə olduğu üçün məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət dayandırılmışdır. İddiaçı Cavabdeh cavabı ilə razılaşmır. O, 2018-ci ildə övladının xəstəliyi ilə bağlı olaraq yoldaşı ilə birlikdə Rusiya Federasiyasına getmiş bir il yarım həmin ölkədə qalmışdır. Qayıtdıqdan sonra nikahları pozulmuş və yetkinlik yaşına çatmayan oğlu onun himayəsində qalmışdır. İddiaçının maddi vəziyyəti yaxşı deyil. Buna görə də hesab edir ki, məcburi köçkünlər üçün verilən aylıq müavinətin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1962/2025 nömrəli qərardadı ilə iddia tələbi “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları AA seriyalı 214399 nömrəli məcburi köçkün vəsiqəsi daimi yaşayış yeri Ağdam rayonu olan və Ağdam şəhərində məskunlaşan İddiaçı xx.xx.2010-cu il tarixdə verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-732/2022 nömrəli qətnaməsinə əsasən, X3 ilə X7 arasında xx.xx.2015-ci ildə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş Eltun adlı uşağın yetkinlik yaşına çatana qədər anası X4 himayəsində saxlanması və xx.xx.2022-ci il tarixdən başlayaraq X1 xx.xx.2015-ci ildə anadan olmuş Eltun adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabir pul məbləğində alimentin tutulub X5 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, AZ-İ 421021 nömrəli nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən, X3 ilə X4 aralarındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Cavabdeh başçısının birinci müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 üzrə nümayəndəliyinin xx.xx.2024-cü tarixli, 5-31-xx/xx-2024 nömrəli arayışına əsasən, 182 gündən artıq Respublikadan kənarda olduğuna görə ona ödənilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarının müvafiq bəndinə uyğun olaraq may 2018-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağdam rayon İHB-nın ünvan 1 üzrə nümayəndəliyinin xx.xx.2025-ci tarixli, 5-31-29/3-2-44/2025 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdən ərazisi işğal olunmamış rayon sakininə ərə getdiyi üçün vahid aylıq müavinət ödənilmir. Cavabdeh başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çullu kəndi ərazisində meşə massivində müvəqqəti məskunlaşmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara; 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə;

O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarı Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 616/2023 nömrəli Qərarı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2015-ci il tarixdə sonuncunun məcburi köçkün statusu olmayan X3 ilə nikahları bağlanılmışdır. İddiaçı 2018-ci ildə övladının xəstəliyi ilə bağlı olaraq Rusiya Federasiyasına getmiş, bir il yarım həmin ölkədə qalmış, sonra Azərbaycana qayıtmışdır. İddiaçı ilə X3 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İddiaçı əvvəllər məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinəti almış, lakin aylıq müavinətin ödənilməsi 2019-cu il tarixdən etibarən dayandırılmışdır. İddiaçı cavabdehə müraciət edərək aylıq müavinətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.8-ci yarımbəndinə istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Qeyd olunan Qaydanın 2.8-ci yarımbəndində əsasən, “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə aylıq müavinət şamil edilmir. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, Cavabdeh başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı hazırda Ağdam rayonu, Çullu kəndi ərazisində meşə massivində yaşayır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Həmçinin hazırkı iş məhkəmənin icraatında olan zaman cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Qaydanın 2.4-cü yarımbəndinə istinad edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən ərazisi işğal olunmamış rayon sakininə ərə getdiyi üçün vahid aylıq müavinət ödənilmədiyi göstərilmişdir. Qaydanın 2.4-cü yarımbəndində əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin qanunvericiliyin göstərilən normasına əsaslanması konstitusion hüquq olan bərabərlik hüququnun tələblərinə zidd olmuşdur. Belə ki, göstərilən Qaydanın 2-ci bəndində, yəni aylıq müavinətin şamil edilmədiyi məcburi köçkün statusu olan şəxslər sırasında yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlar göstərilməklə, onların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu hal eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilikdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar