Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1963/2020 02.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işi məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə ərazi aidiyyəti baxımından məhkəmə tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Odur ki, məhkəmələr arasında aidiyyətlə bağlı mübahisə olduğundan işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır Göründüyü kimi Məcəllənin 8.1.3-cü maddəsi işlərin ərazi aidiyyətini ilkin olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer, belə yaşayış sahəsinin olmadığı hallarda isə yaşayış yeri ilə şərtləndirmişdir. Hazırki iş üzrə iddiaçının şəxsiyyət vəsiqəsinə görə qeydiyyatda olduğu yer Gəncə şəhəri, Kəpəz rayonu, N nömrəli hərbi hissə olsa da, iddiaçının həmin hərbi hissə ilə xidməti hüquq münasibətlərinə mübahisələndirilən əmrlə xitam verilmiş və artıq həmin hərbi hissə onun xidməti yaşayış yeri və yaxud olduğu yer hesab edilə bilməz. Eyni zamanda iş materiallarından (iddia ərizəsi, məhkəmə iclas protokolu, məhkəmə bildirişləri) görünür ki, iddiaçının faktiki yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 254-dür. Qeyd olunanlara əsasən hesab edirəm ki, Bakı İnzibati Məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı səhv nəticəyə gəlmişdir və iş həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1963/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1963/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver