Məhkəmə qərarları › İş №2-1(114)-1963/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1963/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1963/2023 15.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980-ci ildən xx.xx.1983-cü il tarixədək « Mağavuz » sovxozunda « elektrik » vəzifəsində işlədiyi illərin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildə həqiqi hərbi xidmətə getmiş və 1976-cı ildə hərbi xidmətini birtirmiş, hərbi xidmətdən qaytıdıqdan sonra xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "Mağavuz” svxozunda, daha sonra isə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Mirbəşir Şəfəq kolxozunda çalışmış, xx.xx.1989-cu il tarixdən 2005-ci il tarixə qədər X1 işləmişdir. Ancaq xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixdək "Mağavuz” sovxozunda daha sonra isə xx.xx.1984-cü il tarıxdən xx.xx.1987-ci il tarixədək (1985-ci il istisna olmaqla) "Mirbəşir Şəfəq” kolxozunda çalışmağı barədə qeydlər arxiv sənədlərində saxlanılmamışdır. Tərtər Rayon Dövlət Arxiv tərəfindən verilən 12 fevral 2021-ci il tarixli, 26 nömrəli arayışında qeyd olunmuşdur ki, Ağdərə rayonu 3 nömrəli sovxozun əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Tərtər Rayon Dövlət Arxiv tərəfindən veriiən 12 fevral 2021-ci il tarixli, 26 nomrəli arayışında qeyd olunmuşdur ki, Şəfəq adına kolxozun əmək haqqı kitablarına baxarkən 1965-ci il tarixdə orada işləməyi muəyyən olunmuşdur. Yevlax Rayon Dövlət Arxiv tərəfindən verilən 15 fevral 2021-ci il tarixli, 47 nömrəli arayışında qeyd olunmuşdur ki, onun işlədiyi Ağdərə rayonu “Mağavuz” sovxozunun və Tərtər rayonu Şəfəq koxlozunun sənəd materialları mühafizə olunmaq üçün Yevlax Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iş stajını müəyyən etmək olmur. Şərh edilmiş sənədlərdən göründüyü kimi ümumilikdə 25 ildən çox iş stajı mövcuddur ki, bu fakt ona tam olaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının müvafiq ərizəsi əsasında iddia tələbi “1979-1985-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının qəbul edilməyən sosial sığorta stajı 1979-1985-ci illəri əhatə edir, çünki iddiaçı əmək kitabçasını onlara təqdim etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tərtər ilk peşə ixtisas təhsili məktəbinin xx.xx.2021-ci il tarixli, 05 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Mirbəşir 31 nömrəli Texniki Peşə məktəbinin « suvaqçı-rəngsaz » qrupuna qəbul olub, xx.xx.1972-ci il tarixdə həmin ixtisas üzrə tam kursu bitirmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1978-ci il tarixli, НЗ3640352 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə edilmiş "xxxx" ASC Qərb RETSİ-nin xx.xx.2021-ci il tarixli, 1/03 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə X2 elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-12462/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 25 ildən artıq sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi iş stajını təsdiq edən sənədlərə əsasən ümumilikdə 22 il 4 ay 2 gün təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun 1979-1985-ci illərdə işlədiyi müddətlərdir. Cavabdeh orqanın nümayəndəsi həmin dövrü təsdiq edən əmək kitabçasının təqdim edilmədiyini bildirərək həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə cavabdehin arqumenti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, 1979-1985-ci illərdə iddiaçının işlədiyi müddət onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur (1 iyul 2020 – 30 iyun 2021-ci il tarixləri üzrə kişilər üçün pensiya yaş həddi 65 yaş olmuşdur). Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı (22 il 4 ay 2 gün) və məhkəmə tərəfindən nəzərə alınan 1979-1985-ci illər üzrə sığorta stajı (təxminən 6 il) hesablandıqda onun ümumilikdə 25 ildən çox sığorta stajının olması müəyyən olunur. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 25 ildən çox) malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının 1979-1985-ci illərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının hüququ yarandığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1979-1985-ci illərdə işlədiyi müddətlərin onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar