Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1964/2022 30.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamışdır, xx.xx.2006-cı ilədək 25 ildən artıq əmək stajı mövcuddur. Əmək fəaliyyəti müddətində ultra yüksək tezlikli şüalanma ilə bağlı rabitə mühəndisi, radiolokasiya və radionaviqasiya üzrə mühəndis, xx.xx.2006-cı ildən isə Uçuşların rabitə və radiotexniki təminatı xidmət rəisi vəzifəsində çalışır. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsində uçuşların radiotexniki təminatı və rabitə qovşağında hərbi biletində də qeyd edildiyi kimi yüksək tezlikli şüalanma diapazonlu avandanlıq" RSBN sistemi"ndə çalışmış, əmək fəaliyyəti ərzində iş şəraiti ultra yüksək tezlikli şüalanma diapazonlu avandanlıqlarla əlaqədar olmuşdur. Əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ilk dəfə xx.xx.2020-ci il tarixində müraciət etmiş, ilk müraciətinə cavab olaraq ümumi iş stajının 25 ildən az 22 il 5 ay 8 gün, güzəştli iş stajının isə 12 il 6 aydan az 12 il 2 ay 20 gün təşkil etdiyi bildirilmişdir. İkinci dəfə cavabdehə xx.xx.2021-ci ildə müraciət etmiş, həmin müraciətə isə fərqli cavab olaraq ümumi iş stajının yetərli olduğu, güzəştli iş stajının isə 12 il 6 aydan az 11 il 9 ay 20 gün təşkil etdiyini bildirmişlər. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və arxiv arayışına əsasən 11 il 9 ay 20 gün (xx.xx.1989-xx.xx.1991, xx.xx.1993-xx.xx.1994, xx.xx.1996-xx.xx.2005) güzəştli staj hesablanmışdır. Bu isə qanunvericiliklə müəyyən olunmuş müddətdən (12 il 6 ay) azdır. Bu səbəbdən də adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 83 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər SSRİ SQdə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Respublikası SQ- də həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993 cü il tarixli 631 saylı qərarına Azərbaycan Respublikası MN-nin 1 №-li xx.xx.1993 cü il tarixli əmrinə əsasən xx.xx.1994-cü ildən xx.xx.1996 cı il tarixədək hərbi xidmət dövrü təqaüd təminatı zamanı güzəştlə 1 (bir) gün hərbi xidmət müddəti 2 (iki) gün hərbi xidmət kimi sayılsın. -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə işləmişdir. -"xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli, 1169 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Mülki Aviasiya İdarəsinin Kirovobad birgə aviaeskadriliya, «Gəncə» aviaeskadriliya, «Azəraeronaviqasiya» müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Azəraeronaviqasiya» Hava Hərəkəti İdarəsinin "Gəncəaeronaviqasiya"Uçuşların və rabitənin radiotexnika təminatı xidmətində UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı rabitə mühəndisi, radiolokasiya və radionaviqasiya üzrə mühəndisi vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 35 mad. Ümumi peşələr müvafiq olaraq pensiya hüququ verən UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radioavadanlığın xidməti ilə bağlı iş stajı 12 il 02 ay 20 gün təşkil etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 79-6 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsində uçuşların radiotexniki təminatı və rabitə qovşağının rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli və xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktublarının surətindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/2675 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə tutduğu vəzifəsi (qovşaq rəisi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi siyahıya uyğunlaşdırıla bilməz. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 9 ay 20 gün) təşkil etdiyinə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazıradək işləyir və onun ümumi iş stajı 25 ildən çox təşkil edir. Tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı isə qeyd edilməlidir ki, "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli, 1169 nömrəli arayışına əsasən iddiaçının güzəştli iş stajı 12 il 02 ay 20 gün təşkil edir. Eyni zamanda, Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/2675 nömrəli məktubuna əsasən İddiaçı N nömrəli hərbi hissədə tutduğu vəzifəsi (qovşaq rəisi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğunlaşdırıla bilməz. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay güzəştli sosial sığorta stajı tələbini ödəmədiyinə görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1964/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1964/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver