Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1964/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı Bərham oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X2 iştirakları ilə, İddiaçı Bərham oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixə kimi Şamxor Üzümçülük savxozunda fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixə kimi Şamxor Üzümçülük savxozuna bağ fəhləsi, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixə kimi Şamxor Şərab zavodunda fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi Şamxor rayonu 2 nömrəli Üzüm Emalı zavodunda fəhlə, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Şəmkir rayonu 7 nömrəli Şərab zavodunda, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Şamxor üzüm istehsalı və emalı müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Şəmkir rayonu Könüllü kəndində anadan olmuşdur. xx.xx.1975-ci il tarixli, 53 nömrəli əmrlə Şamxor Üzümçülük sovxozuna 14 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 87 nömrəli əmrlə Şamxor Üzümçülük sovxozuna 14 nömrəli briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1976-cı ildə hərbi xidmətə getməyilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1979-cu ildə 1 nömrəli əmrlə Şamxor Üzümçülük sovxozuna bağ fəhləsi işinə qəbul edilmiş xx.xx.1981-ci il tarixdə, 34 nömrəli əmrlə Şərab zavoduna fəhlə keçirilmişdir. xx.xx.1986-cı ildə 3-K nömrəli əmrlə Şamxor rayonu 2 nömrəli Üzüm Emalı zavoduna fəhlə keçirilmiş və xx.xx.1990-cı ildə, 43 saylı əmrlə Xam spirti çəkmə sexinə usta keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 105 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli Şəmkir Şərab zavoduna xam spirti çəkmə sexinə sex rəisi keçirilmiş, xx.xx.1992-ci il tarixli, 3 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli Şərab zavoduna xam spirti çəkmə sexinə sex rəisi qəbul edilmişdir. xx.xx.1993-cü il tarixli, 36 nömrəli əmrlə ştat vahidi olmadığına görə konyak sexinə 5-ci dərəcəli fəhlə keçirilmiş, xx.xx.1994-cü il tarixli, 92 nömrəli əmrlə 7 nömrəli Şəmkir Şərab zavodunun fəhlə və qulluqçuları köçürmə yolu ilə yeni yaradılmış “Şamxor” üzüm istehsalı və emalı müəssisəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə müəssisənin Şərab zavodunun anbar müdiri “Şamxor” üzüm istehsalı və emalı müəssisəsi ləğv olunduğu üçün işdən azad edilmişdir. Hazırda 2021-ci ilin iyul ayından “Cehyun” şadlıq sarayında təsərrüfat müdiri vəzifəsində işləyir. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmçinin işlədiyi yerlər barədə X3 Rayon Filialından arxiv arayışları verilmişdir. Şəmkir 7 nömrəli Şərab zavodunun 1992-1995-ci illərə dair əmr və əmək haqqı kitabları Arxivə təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixə kimi Şəmkir 7 nömrəli Şərab zavodunda və xx.xx.1995-ci ildən xx.xx.2000-ci il tarixədək “Şamxor” üzüm istehsalı və emalı müəssisəsində işləməyi barədə arxiv arayışları ona verilməmişdir. xx.xx.2023-cü il tarixli, K-1-82 saylı Arxiv arayışında onun “Şəmkir” üzümçülük sovxozunun nəzdində olan şərab zavodunda (“Şamxor” üzüm istehsalı və emalı müəssisəsi) işləməyi barədə 1996-cı ilin yanvar-iyul aylarında, 1997-2001-ci illərə əmək haqqı hesablanmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci ilədək və 1996-cı illin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Şəmkir rayonu 7 saylı Şərab zavodunda işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 17 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı Bərham oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 21 il 10 ay 3 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı Şəmkir rayonu 7 saylı Şərab zavodunda əmək fəaliyyəti dövründə əməkhaqqı almadığı xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları daxildir. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli, k-1-82 nömrəli və xx.xx.2023-cü il tarixli, k-3-84 nömrəli arxiv arayışları, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Şəmkir rayonu 7 saylı Şərab zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu 7 saylı Şərab zavodunun mübahisəli dövrlər üzrə əmr kitabları və əmək haqlarının hesablanması cədvəlləri arxivə mühafizə olunması üçün təhvil verilməmişdir. Halbuki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şəmkir rayonu 7 saylı Şərab zavodunda fasiləsiz işləməsi əmək kitabçasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli, arxiv arayışından da görünür ki, iddiaçının işlədiyi Şəmkir rayonu 7 saylı Şərab zavodunun 1992-1995-ci illərə dair əmək haqqı kitabları filiala təhvil verilməmişdir. Belə ki, işdə olan əmək kitabçasının təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı Bərham oğlu xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarıda Şəmkir rayonu 7 saylı Şərab zavodunda işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Şəmkir rayonu 7 saylı Şərab zavodunda işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən məsələlərin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı Bərham oğluna yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2020-ci il 1 iyulundan kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı Bərham oğlu xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəsiz sığorta stajı ümumilikdə 21 il 10 ay 3 gün olması qeyd edilmişdir. İddiaçının xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları Şəmkir rayonu 7 saylı Şərab zavodunda (4 il 3 ay) işlədiyi dövlər də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 26 il 1 ay 3 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Şəmkir rayonu 7 saylı Şərab zavodunda işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Bərham oğlunun xx.xx.1992-xx.xx.1995-ci illər və 1996-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında Şəmkir rayonu 7 saylı Şərab zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov