Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1965/2021 04.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “Aynur” Kooperativinin nümayəndəsi İddiaçı1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Aynur” Kooperativinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 07.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd qəsəbəsi, Bayram Hüseynli küçəsində yerləşən “Aynur” kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyriyaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Aynur” Kooperativinin sədri olaraq “Aynur” Kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan 25.08.2021-ci il tarixli, **********15 nömrəli məktubu ilə bildirmişdir ki, Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamı ilə Gəncə şəhər, Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iaşə yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsi qərara alındığı, lakin təqdim edilmiş sənədlərdə obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilmədiyi, həmçinin obyektin istifadə üçün tam yarasız olması və aparılmış yenidənqurma ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş və buna görə də “Aynur” Kooperativinə məxsus qeyri-yaşayış binası üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsindən imtina olunmuşdur. Məhkəmənin 18.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 əsl iddiaçı “Aynur” Kooperativi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin obyektdə yenidənqurma işləri aparmamış, yalnız dam örtüyünü bərpa etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının ərizəsinə əlavə edilmiş Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamı ilə Gəncə şəhər Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iş yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsinin qərara alındığı, lakin obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilmədiyi, həmçinin sərəncamda obyektin istifadə üçün tam yarasız olması bildirilmişdir. Bundan əlavə həmin ərazidə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Kinovideo” Gəncə rayonlararası təşkilatının yay kinoteatrının Qırmızıkənd ərazisində yerləşən İTRQ-2-nin nəzdindəki “Aynur” kooperativinə uzunmüddətli icarəyə verilməsi haqqında 23 mart 1991-ci il tarixli müqavilədən görünür ki, Gəncə rayonlararası təşkilatının yay kinoteatrı Qırmızıkənd ərazisində yerləşən İTRQ-2-nin nəzdindəki “Aynur” kooperativinə 5 (beş) il müddətinə icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş 23 mart 1991-ci il tarixli müqaviləyə 2-ci və 3-cü əlavədən görünür ki, “Aynur” kooperativi pulun infilyasiyası ilə əlaqədar olaraq və icarəçinin təklifini nəzərə alaraq aylıq kirayə haqqının 3000 rubl həcmində, 1994-cü ilin aprel ayının 1-dən isə 10.000 (on min) manat həcmində ödəməyi öhdəsinə götürmüşdür. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamından görünür ki, Gəncə şəhər Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançasının istehsal sahəsini genişləndirməklə yeni iş yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Baş plan sənədindən görünür ki, sözügedən tikilinin baş planı və eskizi 28.11.2017-ci il tarixdə çəkilmiş, əmlakın ümumi sahəsinin 238.5 kv.m olması müəyyən edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25.08.2021-ci il tarixli, **********15 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, “Aynur” kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamında obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilməməsi, həmçinin sərəncamda obyektin istifadə üçün tam yarasız olduğunun qeyd edilməsi, bundan əlavə həmin ərazidə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, “Kinovideo” Gəncə rayonlararası təşkilatının yay kinoteatrının Qırmızıkənd ərazisində yerləşən İTRQ-2-nin nəzdindəki “Aynur” kooperativinə uzunmüddətli icarəyə verilməsi haqqında 23 mart 1991-ci il tarixli müqaviləyə əsasən Gəncə rayonlararası təşkilatının yay kinoteatrı Qırmızıkənd ərazisində yerləşən İTRQ-2-nin nəzdindəki “Aynur” kooperativinə 5 (beş) il müddətinə icarəyə verilmiş, bundan sonra Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamı ilə Gəncə şəhər Qırmızıkənd yaşayış sahəsindəki yay kino meydançası istehsal sahəsini genişləndirməklə yeni iş yeri yaratmaq üçün “Aynur” kooperativinin balansına verilmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, obyekt əldə edilən zaman yararsız olmuşdursa və onu əldə edən bərpa işlərini aparıb onu yaralı vəziyyətə gətirmişdirsə burada heç bir qanunsuz hərkətdən söhbət gedə bilməz. Bununla yanaşı məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin obyektdə yenidənqurma işlərinin aparılmadığını, yalnız dam örtüyünün bərpa edildiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, kooperativ həmin obyekti müvafiq orqanının qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin sərəncam hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gəncə ŞİH başçısının 18 iyul 1994-cü il tarixli 1560 saylı sərəncamında obyektin texniki göstəriciləri barədə məlumatın qeyd edilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Başqa sözlə əmlakın mövcud texniki göstəricilərinə əsasən qeydə alınması mümkündür. Beləliklə göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əsasən qanuni əsaslarla əldə edilmiş qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilər. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd qəsəbəsi, Bayram Hüseynli küçəsində yerləşən “Aynur” kooperativinə məxsus ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd qəsəbəsi, Bayram Hüseynli küçəsində yerləşən, ümumi sahəsi 238.5 kv.m olan qeyri-yaşayış binası üzərində “Aynur” Kooperativinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1965/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1965/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver