Məhkəmə qərarları › İş №2-1(114)-1965/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1965/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1965/2024 29.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 18 saylı regional ərazi filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərara əsasən 5827 manat məbləğində artıq alınmış vəsaitin ödənilməsinə dair qərarın ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, o, yəni İddiaçı xx.xx.2017-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək İ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatlarına əsasən İ dərəcə əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 5827 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yuxarda qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri-obyektiv hesab edir. Belə ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2017-ci il tarixdən əlillik dərəcəsi almışdır. Həmin dərəcə əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi idarəsi tərəfindən ona müvafiq olaraq əlillik üzrə əmək pensiyası təyin edilmişdir. Lakin bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona heç bir rəsmi qərar göndərilmədən pensiya dayandırılmışdır. Əlilliyə görə edilmiş əmək pensiyası müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətrilmədən pensiyası dayandırılmış və əlillik dərəcəsi ləğv edildiyi bildirilmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək rəsmi ünvanına göndərilməmişdir. Mövcud 18 saylı regional ərazi idarəsi tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından isə əmək haqqısına yönləndirildikdən sonra xəbər tutmuşdur və DSMF Gəncə-Daşkəsən Regional filialına ərizə ilə müraciət edərək xx.xx.2024-cü ildə qərarı rəsmi surətdə almışdır. Əlilliyə görə təyin olunan pensiyası xx.xx.2020-ci il tarixdə kəsildikdən sonra həmin ay özü FİTEKə şifahi müraciət etdikdə ümumi şəkildə yoxlam olduğunu və yoxlama yekunlaşdıqdan sonra veriləcəyini bildirilmişdir. Ancaq ona heç bir məlumat verilmişdir. Göründüyü kimi pensiya təyinatı üzrə ödəniş səlahiyyəti orqan tərəfindən qanuna müvafiq surətdə verilmişdir. Yəni pensiya ödənişinin həyata keçrilməsində onun hər hansı bir qüsurlu hərəkəti olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı 29 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.Həmçinin bildirmişdir ki, mübahisəndirilən qərardan başqa hər hansı qərar qəbul edilməmiş, pulun tutulmasına dair iddiaçıdan hər hansı razılıq ərizəsi alınmamışdır. Qərarın iddiaçıya göndərilməsini və sonuncunun həmin qərarı almasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. İş üzrə iddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, iddia verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi 3-17-1/2-198809/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi etirazda bildirmişdir ki, İddiaçı əlillik səbəbi - "Ümumi xəstəliklə əlaqədar" olmaqla İ dərəcəli əlillik müəyyən edilmiş və Fondun Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi etibarsız hesab edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyə görə sosial müavinət və təqaüdün ödənişi müəyyən olunmuş əlilliyin etibarsız hesab edilməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdən dayandırılmış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixdə **********3 nömrəli bildiriş göndərilmişdir. İddiaçı əlilliyinin etibarsız hesab edilməsi nəticəsində ona xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə 5827.0 manat məbləğində vəsaitın artıq ödənildiyi müəyyən edilmişdir. Yaranmış 5827.0 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon filialının hesabına qaytarılması haqqında cavabdeh İddiaçı 27 iyul 2020-ci il tarixli **********2 nömrəli bildiriş göndərilmişdir. Lakin artıq ödənilmiş 5827.0 manat məbləğin bərpası təmin edilməmişdir. Odur ki, 2-1(114)-1965/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "qərarın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının xx.xx.2021ci il tarixli, **********7 nömrəli qərarının təsdiqlənmiş surəti; “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarın təsdiqlənmiş surəti; -Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair məlumatın surəti. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək İ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Sonradan əlilliyi etibarsız hesab edildiyi üçün ona 5827 manat artıq ödəmə yaranmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin ondan tutulması qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyasının tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar