Məhkəmə qərarları › İş №2-1(114)-1966/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1966/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1966/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzil verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 6 ay Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2009-cu il tarixdə Müdafiə nazirinin əmri ilə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət keçdiyi müddət ərzində və ehtiyatda olarkən dövlət tərəfindən mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin olunmamışdır. Silahlı Qüvvələrin veteranı olan iddiaçı dövlət hesabına mənzillə təmin olunması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinin üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o 1983-cü ildən 1992-ci ilə kimi sovet ordusunda, 1992-ci ildən 2009-cu ilədək Azərbaycan Ordusunda xidmət etmişdir, cavabdeh isə onun xidmətini 1992-ci ildən hesablayır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/2454 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:

1. Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli, 2. Нərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli, 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. 4. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yeterli olsa da, ən əsası Həqiqi hərbi xidməti ən azı 20 təqvim ili və daha çox xidmət etməli. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2009-cu il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin "b” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin məlumatına əsasən X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi 17 il 3 ay 13 gün xidmət edib. Beləliklə, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanında dəyişlik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyaabr 2021-ci İl tarixli Fərmanı, Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 001342 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Silahlı Qüvvələrin” veteranı statusu verilmişdir. -surəti işə əlavə edilmiş ZE ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0441 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli S-41/4-068/4 nömrəli məktubdan görünür ki, İddiaçı mənzil uçotuna alınmadığından, habelə Gəncə şəhərində yaşayış evlərinin tikintisi aparılmadığından onun mənzillə təmin olunması mümkün olmamışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3235 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Ordusu sıralarında xidmət müddətinin 20 təqvim ilindən az olduğu səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0441 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmış və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Qeyd olunan normadan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri” ilə “Azərbaycan Ordusu” anlayışları fərqləndirilmiş və bu anlayışlar sahəvi akt olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununda konkretləşdirilərək tənzimlənmişdir. Belə ki, sözügedən qanunun 1.0.1-ci maddəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat olduğu, 1.0.2-ci maddəsindəisə Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə olması qeyd edilmişdir. Yəni Azərbaycan Silahlı Qüvvələri anlayışına nisbətən Azərbaycan Ordusu anlayışı məhdud anlayışdır və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin anlayışına daxil olur. Məhkəmə iddia tələbi ilə bağlı iddiaçının gətirdiyi arqumenti əsaslı hesab etmir. Cavabdehin etirazında isə qeyd edilmişdir ki, X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində cəmi 17 il 3 ay 13 gün xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilir. (köhnə redaksiyada) İddiaçı qeyd edilən müddətdə məhz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmədiyinə görə cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzil verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar