Məhkəmə qərarları › İş №2-1(114)-1966/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1966/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1966/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları

1. İddiaçıya məxsus НЗ № 994933 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə 1 nömrəli Yol-Tikinti İdarəsinin Gədəbəy Asfalt-Beton Zavoduna fəhlə işinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli əmrlə qarışdırıcı sexə operator keçirilmiş, xx.xx.1997-ci il tarixli əmrlə tutduğu operator vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə müqavilə yolu ilə operator vəzifəsinə qəbul edilmiş və müqavilə müddəti başa çatdığı üçün xx.xx.1999-cu il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.2000-ci il tarixli əmrlə "xxxx" Dövlət Şirkətinin 24 saylı Yol-İstismar İdarəsinə operator vəzifəsinə qəbul edilmiş, 24 saylı Yol-İstismar İdarəsinin adı xx.xx.2015-ci il tarixdən 33 saylı, xx.xx.2016-cı il tarixdən 32 saylı Yol-İstismar İdarəsi adlandırılmışdır.

3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 70 nömrəli güzəştli arayışında İddiaçı xx.xx.1986-cı il tarixdən halhazıra kimi Gədəbəy Asfalt-Beton Zavodunda bitum qızdıran və asfalt bişirən operator vəzifəsində işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş bu ixtisas siyahı üzrə 29.a bəndinə əsasən güzəştli sayıldığı, güzəştli stajının ixtisasa əsasən 34 il 09 ay 28 gün təşkil etdiyi göstərilmişdir.

4. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2022ci il tarixli **********8 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) asfalt-beton bişirənlər və bitumçular vəzifələri nəzərdə tutulmuşdur. Filiala təqdim edilmiş 26 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1986-cı il tarixdən bugünədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-də qarışdırıcı operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qarışdırıcıoperator vəzifəsi yuxarıda qeyd olunan asfalt-beton bişirənlər və bitumçular vəzifələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bitumçu (bitum qarışdıran) və asfalt-beton bişirən (operator) peşələrində 32 nömrəli Yol İstismar İdarəsində (əvvəlki adı Gədəbəy 22 saylı Yol-Tikinti İdarəsi olmuşdur) işləmişdir. xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı xx.xx.2023-cü il tarixə 37 il 01 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Yol örtüyü üçün, emulsiya, mastika, qara büzücü materiallar və asfalt qarışıqlarının hazırlanmasında işlərin yerinə yetirilməsi, səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması. Bu və ya digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29.a bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququ yarandığı 01 fevral 2021-ci il tarixdən etibarən ona qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan bu günədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5128/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (02 il 04 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək 1 saylı Yol Tikinti İdarəsinin Gədəbəy Asfalt-Beton Zavodunda fəhlə peşəsində (01 il 09 ay 12 gün) işləmiş, xx.xx.1986-cı il tarixdən bu günədək həmin zavodda bitum qızdıran (bitumçu) və asfalt bişirən operator vəzifəsində işləyir. Beləliklə, 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixə kimi ümumi iş stajı 38 il 07 ay 14 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərinin 34 il 09 ay 28 gün (12 il 6 aydan artıq) müddətini xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, hüququ yarandığı xx.xx.2021-ci il tarixdən etibarən ona qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

20. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə güzəştli arayışda onun bitum qızdıran və asfalt bişirən operator vəzifəsində işlədiyini göstərsə də, əmək kitabçasında vəzifəsi operator (qarışdırıcı operator) yazıldığından və həmin vəzifə Siyahıda nəzərdə tutulmadığından iddiaçının həmin stajı güzəştli hesab olunmamışdır.

21. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

22. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № 994933 nömrəli hərbi biletin surəti; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surəti; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 70 nömrəli güzəştli arayışı; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubu və ona əlavə edilmiş Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçasından çıxarış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-cü il tarixli **********8 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton qarışdıranlar, bitumçular nəzərdə tutulmuşdur.

28. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

29. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

30. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur.

31. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqanın təqdim etdiyi icraat materialları ilə iddiaçının pensya təyinatı üçün cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etməsi müəyyən edilir ki, həmin dövrdə artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı barədə tələb mövcud olmadığından iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan da bu xüsusatı mübahisələndirməmiş, bu barədə mübahisə açmamışdır.

32. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.

33. Lakin İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1984-cü il tarixdə 1 nömrəli Yol-Tikinti İdarəsinin Gədəbəy Asfalt- Beton Zavoduna fəhlə işinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli əmrlə qarışdırıcı sexə operator keçirilmiş, xx.xx.1997-ci il tarixli əmrlə tutduğu operator vəzifəsindən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə müqavilə yolu ilə operator vəzifəsinə qəbul edilmiş və müqavilə müddəti başa çatdığı üçün xx.xx.1999-cu il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.2000-ci il tarixli əmrlə "xxxx" Dövlət Şirkətinin 24 saylı Yol-İstismar İdarəsinə operator vəzifəsinə qəbul edilmiş, 24 saylı Yol-İstismar İdarəsinin adı xx.xx.2015-ci il tarixdən 33 saylı, xx.xx.2016-cı il tarixdən 32 saylı Yol-İstismar İdarəsi adlandırılmışdır.

34. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 70 nömrəli güzəştli arayışında İddiaçı xx.xx.1986-cı il tarixdən halhazıra kimi Gədəbəy Asfalt-Beton Zavodunda bitum qızdıran və asfalt bişirən operator vəzifəsində işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş bu ixtisas siyahı üzrə 29.a bəndinə əsasən güzəştli sayıldığı, güzəştli stajının ixtisasa əsasən 34 il 09 ay 28 gün təşkil etdiyi göstərilmişdir.

35. Cavabdeh isə iddiaçının işlədiyi həmin illəri güzəştli pensiya hüququ verən staj kimi nəzərə almayaraq, bunu onunla izah edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) asfalt-beton bişirənlər və bitumçular vəzifələri nəzərdə tutulmuşdur. 26 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında isə iddiaçının xx.xx.1986-cı il tarixdən bugünədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-də qarışdırıcı operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi qarışdırıcı-operator vəzifəsi yuxarıda qeyd olunan asfalt-beton bişirənlər və bitumçular vəzifələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.

36. Lakin məhkəmə cavabdeh orqanın imtinasını əsassız sayır və qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

37. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

39. Məhkəmə araşdırması zamanı iddiaçının hazırda da həmin İdarədə işləməsi müəyyən edilərək, onun vasitəsilə "xxxx" MMC-yə İddiaçı operator (və ya qarışdırıcı operator) vəzifəsində hansı funksiyaları icra etməsi (işləri görməsi) barədə sorğu verilmiş və cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bitumçu (bitum qarışdıran) və asfalt-beton bişirən (operator) peşələrində 32 nömrəli Yol İstismar İdarəsində (əvvəlki adı Gədəbəy 22 saylı Yol-Tikinti İdarəsi olmuşdur) işləmişdir. xx.xx.1986-cı il tarixdən hal-hazıra kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı xx.xx.2023cü il tarixə 37 il 01 ay 12 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Yol örtüyü üçün, emulsiya, mastika, qara büzücü materiallar və asfalt qarışıqlarının hazırlanmasında işlərin yerinə yetirilməsi, səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması. Bu və ya digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29.a bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

40. Həmin məktuba əlavə edilmiş Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasından çıxarışla da asfaltbetonçu-asfaltbişirən peşəsinin “Yol örtüyü üçün, emulsiya, mastika, qara büzücü materiallar və asfalt qarışıqlarının hazırlanmasında işlərin yerinə yetirilməsi; açıq tiyanlarda asfalt qarışıqlarının hazırlanması; səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması” xüsusiyyətlərinə malik olması müəyyən edilir.

41. Göründüyü kimi, iddiaçının işlədiyi peşənin adı əmək kitabçasında ümumi olaraq operator (qarışdırıcı operator) kimi qeyd edilsə də, gördüyü işlər bitumçu (bitum qızdıran) və asfalt-beton bişirməkdən ibarət olmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş “a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton qarışdıranlar, bitumçular” peşəsinə aid olunmuşdur.

42. Məhkəmə onu da qeyd edir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

43. Bununla bağlı olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 70 nömrəli güzəştli arayışı və xx.xx.2023-cü il tarixli 03 nömrəli məktubunda iddiaçının işlədiyi peşənin bilavasitə icra etdiyi funksional vəzifəsinin bitumçu (bitum qızdıran) və asfalt-beton bişirən funksional vəzifəsi ilə uyğunluq təşkil etdiyi təsdiq olunmuşdur.

44. Cavabdeh inzibati orqanın isə inzibati icraat zamanı iddiaçının müraciətini hərətərli araşdırmadan iddiaçının işlədiyi peşənin yuxarıdakı siyahıda qeyd edilməməsinə əsaslanaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olmuşdur.

45. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və bu tələbi əsaslıdır. Ona görə ki, pensiya təyinatı üçün şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət etməsindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır.

46. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

47. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının 60 yaşından (01 fevral 2021-ci il tarixdən) əmək pensiyası hüququ yarandığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır.

48. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar